Türk ordusuna əmr gəldi, ASO da döyüşə hazırdır

© AP Photo / Lefteris PitarakisTürk ordusunun əsgərləri, arxiv şəkli
Türk ordusunun əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Suriya sərhəddindəki hərbi qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirib

BAKI, 18 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahından verilən əmrə əsasən, ordu gözlənilən Afrin əməliyyatını həyata keçirmək üçün yüksək hazırlıq səviyyəsinə gətirilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Afrin və Hatay bölgəsində Türkiyə sərhədlərinin təhlükəsizliyinə təhdid yaradan amillər var.

Türkiyə ordusuna aid tankı Suriyada, arxiv şəkli - Sputnik Azərbaycan
Ərdoğanın "qəfil əməliyyat" xəbərdarlığı reallaşdı, türk ordusu hərəkətə keçdi

Belə ki, sözügedən bölgələr Nur dağından (Amanos) gətirilən silah və sürsatla ölkəyə qarşı terror əməliyyatları hazırlayan mərkəz kimi diqqəti çəkir. Türkiyənin beynəlxalq sənədlərdən irəli gələn hüquqlarından istifadə edərək öz sərhədləri yaxınlığında hərbi əməliyyatlar keçirməsi məsələsi gündəlikdə idi. Odur ki, TSQ də sərhədlərdə yüksək səviyyəli hərbi hazırlıqlarını tamamlayıb.

Suriya sərhəddindəki hərbi biləşmələrə göndərilən zirehli texnika, o cümlədən 10 tank Hatayın Hassa və Kırıkhan rayonlarında yerləşdirilib. Tanklar təhlükəsizlik tədbirləri çərçivəsində sərhəddəki hərbi birləşmələrə çatdırılıb. Qərargahlara planlaşdırılmış Afrin əməliyyatı ilə bağlı yüksək hazırlıq keçərək əmrə hazır vəziyyətdə gözləmək tapşırılıb.

Yanvarın 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, türk ordusu bir həftə içində Suriya kürdlərinin özünümüdafiə qüvvələrinin (YPG) nəzarəti altında olan Membiç və Afrin əyalətlərində hərbi əməliyyatlara başlaya bilər. Dünən Ərdoğanın sədrliyi ilə toplaşan Milli Təhlükəsizlik Şurasında da Türkiyənin sabitliyinə və təhlükəsizliyinə təsir edən daxili və xarici proseslər müzakirə edilib.

Burada, həmçinin Türkiyəni yaxından maraqlandıran beynəlxalq və terrorla mübarizə məsələləri də ətraflı nəzərdən keçirilib. Toplantıdan sonra mediaya verilən açıqlamada deyilir: "Türkiyənin sərhədləri yaxınlığında bir terror dəhlizinin yaradılmasına və terrorçu ordunun qurulmasına imkan verməyəcəyik. Bu barədə lazım olan hər cür tədbirlər görüləcək".

"Vətən" qəzetinin yazdığına görə, əməliyyatdan əvvəl Türkiyə hərbçilərinin havadan və qurudan 149 hədəfi vuracağı gözlənilir.

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu "Reuters"-ə verdiyi açıqlamasında Türkiyənin Afrin və Membiç əməliyyatını təxirə salmayacağını deyib. O bildirib ki, qondarma terrorçu ordunun qurulması qarşısıalınmaz hala gəlib.

"Bütün açıqlamalara baxmayaraq, biz tam əmin deyilik. Əgər bu addımlarını davam etdirərlərsə, Suriyanın gələcəyi də şübhə altına düşə bilər. ABŞ Membiçlə bağlı bizə verdiyi sözü yerinə yetirmədi. YPG/PYD Membiçdən çəkilmədi. Biz tədbir görmək məcburiyyətindəyik. Quru sözlə kifayətlənmirik, ABŞ-ın qəti və konkret addım atmasını gözləyirik" — deyə Çavuşoğlu bildirib.

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ isə bildirib ki, sözügeən əməliyyatlarla bağlı Ankara Moskva və Vaşinqtonla məsləhətləşmələri davam etdirir.

Kürdlərin "Demokratik İttifaq" partiyasının rəhbərliyində olan Sihanok Dibo isə "RİA Novosti"yə deyib ki, Türkiyə Afrinə zərbə endirəcəyi təqdirdə, kürdlər ABŞ-ın rəhbərliyi altındakı beynəlxalq koalisiyanın dəstəyinə ümid edirlər.

Bu arada, Suriyanın Azez şəhərində cəmləşənn Azad Suriya Ordusunun (ASO) qüvvələri Türkiyənin Afrin əməliyyatına dəstək verəcəklərini bəyan edib. Kilisin qarşısında olan və Türkiyənin həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatı ilə ətrafdakı terrör ünsürlərindən təmizlənən Azezdə nəzarəti ələ keçirən ASO-dan "Əmrə hazır vəziyyətdəyik, Türkiyədən əmr gözləyirik" açıqlamasını yayıb.

Qeyd edək ki, rəsmi Ankara YPG-ni PKK-ya bağlı terror təşkilatı hesab edir.

Xəbər lenti
0