Kürd terrorçu

ABŞ Türkiyəyə gizli savaş elan etdi

269
(Yenilənib 10:51 17.01.2018)
PKK terror təşkilatının Suriyanın şimalındakı qolu olan PYD keçən ay ABŞ-dan MANPAD raketləri istəmişdi

BAKI, 16 yanvar — Sputnik. Amerika Birləşmiş Ştatları gizli razılıq əsasında Suriyanın şimalındakı PYD terrorçularına havadan müdafiə raketləri (MANPAD) verib. Sputnik Türkiyə bu barədə suriyalı müxalif mənbələrə istinadən xəbər verir.

Məlumata görə, həmin raketlər PYD terrorçularını türk ordusunun hərbi əməliyyatından qorumaq üçün ötürülüb.

Sözügedən raket müdafiə sistemləri ötən həftə Afrindəki terrorçulara təhvil verilib.

Qeyd edək ki, PKK terror təşkilatının Suriyanın şimalındakı qolu olan PYD keçən ay ABŞ-dan MANPAD raketləri istəmişdi.

269
Teqlər:
müharibə, PKK terror təşkilatı, Suriya, Amerika Birləşmiş Ştatları, Türkiyə, silah
Əlaqədar
İki NATO ölkəsi arasında müharibə həyəcanı
Ərdoğan ABŞ-ı hədəf aldı, yeni müharibə anonsu verdi
Bakı və Sumqayıt arasında “çörək müharibəsi”: İki şəhəri üz-üzə qoydular
ABŞ müharibə iddialarını dəyərləndirdi
Çin prezidentindən əsgərlərə müharibə əmri: “Ölümə hazır olun”
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxma ölümlə bağlı statistika açıqlandı

5
(Yenilənib 12:48 15.01.2021)
Xəstəlikdən sağalanların sayı 152320 nəfər olub. Hazırda bu ölkədə 7952 nəfər xəstəxanada müalicə alır.

BAKI, 15 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 163972-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 396 nəfər artıb.

Ermənistanda son gündə daha 11 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2974-ə çatıb. Xəstəlikdən sağalanların sayı 152320 nəfər olub. Hazırda bu ölkədə 7952 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 milyonu keçib, 1,99 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Teqlər:
Ermənistan, Koronavirus, epidemiya, COVID-19
Jurnalist

Berezovskaya: "Latviya jurnalistləri müdafiəmizlə bağlı bir kəlmə demədilər"

19
(Yenilənib 10:48 15.01.2021)
Jurnalistin sözlərinə görə, o daha çox Latviyada rusdilli təhsilin geridə qalması, vətəndaşlıq məsələləri, nasizm üzərində qələbə, cinayət məsuliyyətinə cəlb olunan rus jurnalist və hüquq müdafiəçiləri haqqında məqalələr yazıb.

BAKI, 15 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, 2020-ci ilin dekabr ayının 3-də Latviya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Riqada "Sputnik Latviya" və "Baltnews"la əməkdaşlıq edən jurnalistlərlə bağlı xüsusi əməliyyat keçiriblər. Rusdilli jurnalistlərə qarşı Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə (beynəlxalq təşkilatların sanksiyalarına əməl etməmək) ittiham irəli sürülüb. Bununla əlaqədar jurnalistlər dindirilib, onların evlərində axtarış aparılıb və ölkədən çıxmamaları barədə dillərindən iltizam alınıb.

Hadisə vaxtı saxlanılan rusdilli jurnalistlərdən biri də "Baltnews" xəbər portalı ilə əməkdaşlıq edən Alla Berezovskaya olub. Jurnalist hadisəni belə xatırlayır: "Öz masamda oturub işləyirdim. Birdən qapının zəngi çalındı. Domofondan baxıb polis forması geyinmiş şəxslərin qapıda dayandığını gördüm. Qapını açdım.

Polis zabiti mənə hakimin qərarını göstərdi. Bildirdi ki, Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə təhqiqat başlayıb. Mənzildə axtarış aparacaqlarını, bütün kompüter texnikasını, informasiya daşıyıcılarını müsadirə edəcəklərini bildirdilər. Dedilər ki, mobil telefonumu da masaya qoyum. Maskalı cavan bir oğlan (başa düşdüyüm qədər o, haker idi) iş masamın arxasına keçib kompüterdə hansısa əməliyyatlar aparmağa başladı. Anladım ki, mənim bütün informasiyalarımı köçürür".

Jurnalistin sözlərinə görə, daha sonra polislər evin ikinci mərtəbəsindəki yataq otağında axtarışa davam ediblər. "Oradan nəvəmin köhnə planşetini tapıb çıxartdılar. O planşetdə uşaq oyunları və filmlərdən başqa heç nə yox idi. Bunu onlara deyəndə bildirdilər ki, özləri araşdıracaqlar. Hətta şəxsi sənədlərimə də baxdılar. Sonra həyətə çıxıb artıq qaranlıq düşməsinə baxmayaraq, evin ətrafında da axtarış apardılar".

A.Berezovskaya onu da bildirib ki, "Baltnews" xəbər portalının rəhbəri Andrey Yakovlev 8 il bundan əvvəl portalı yaratdığı vaxt ona əməkdaşlıq təklif edib: "Əlbəttə ki, mən də razılaşdım və sayt üçün məqalələr, köşə yazıları yazmağa başladım. "Baltnews" redaksiyası Rusiyaya keçəndən sonra onlar da mənimlə əməkdaşlığı müqavilə əsasında davam etdirdilər. Çox vaxt mən özüm onlara hansısa məqalələri yazmağı təklif edirdim. Ayda bir-iki dəfə yazılarımı dərc edirdilər".

© Sputnik / Maksim Blinov

Jurnalistin sözlərinə görə, o daha çox Latviyada rusdilli təhsilin geridə qalması, vətəndaşlıq məsələləri, nasizm üzərində qələbə, cinayət məsuliyyətinə cəlb olunan rus jurnalist və hüquq müdafiəçiləri haqqında məqalələr yazıb: "Açığı, fikirləşirdim ki, buna qarşı etirazlar olacaq. Ancaq qəfildən bizə heç bir şəkildə şamil olunmayan sanksiyalar məsələsi ortaya çıxdı. Təəssüf ki, Latviya jurnalistlərindən heç biri bizim müdafiəmizlə bağlı bir kəlmə də demədi. Hətta yazdılar ki, onlar jurnalist deyil, Kremlin təbliğatçılarıdırlar".

Berezovskayanın sözlərinə görə, Latviya dünyaya Rusiyanın rəsmi dövlət KİV-ləri ilə əməkdaşlıq edənlərin jurnalist deyil, təbliğatçı olmaları barədə mesaj ötürmək istəyir. "Ona görə də belə hesab edirlər ki, deməli, demokratiya, söz azadlığı kimi anlayışlar bu jurnalistlərə şamil olunmaya bilər", – deyə jurnalist vurğulayır.

Halbuki Latviya Seyminin deputatı Edvins Şnore, yazıçı Didzis Seddenieksin ruslarla bağlı səsləndirdikləri təhqiramiz fikirlərdən sonra Latviyanın çoxsaylı rus vətəndaşları tərəfindən dövlət orqanlarına müraciət olunsa da hər dəfə eyni cavabı alıblar: "Bu əməllərdə cinayət tərkibi yoxdur. Ölkədə söz azadlığı var".

19
Teqlər:
jurnalist, Latviya, Rusiya

ANAMA ləğv edildi, əvəzində yeni agentlik yaradıldı

0
(Yenilənib 18:28 15.01.2021)
Yeni yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ANAMA-nın hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

BAKI, 15 yanvar - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılır.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

3. Müəyyən edilsin ki:

3.1. Agentlik Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir;

3.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır.

4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;

4.1.3. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.4. Agentliyin yenidən təşkili və ləğvi;

4.2. Agentliyə:

4.2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Agentliyin nizamnaməsinin layihəsini 15 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

7.5. dövlət qeydiyyatına alındığı gündən Agentliyin inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görsün;

7.7. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

7.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik öz fəaliyyətini davam etdirsin.

9. Agentlik:

9.1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin işçilərinin Agentlikdə müvafiq vəzifəyə təyin olunması üçün tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

9.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 5-ci hissəsinə uyğun olaraq maliyyələşməni təmin etsin;

10.2. Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Prezident İlham Əliyev həmçinin “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamı ləğv olunub.

Sənədə əsasən, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Beləliklə, yeni yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

0