BMT yığıncağı

ABŞ-ın “dostlara təşəkkür” ziyafəti Vaşinqtonun baş ağrısına çevrilən güc qütbləri

670
(Yenilənib 01:08 24.12.2017)
Tramp birqütblü dünya ideyasını hər vəchlə həyata keçirmək niyyətindədir və buna görə də yalnız Vaşinqtonun ənənəvi rəqibləri olan İran, Rusiya və Çinə deyil, eyni zamanda Avropaya meydan oxuyur...

BAKI, 22 dekabr — Sputnik. BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. Səsvermənin nəticələrinə əsasən, 128 dövlət sənədin lehinə, 9-u əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb. Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau, Toqo səs verib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi. Sənədə əsasən, müqəddəs Qüds şəhərinin statusu, demoqrafik tərkibi və xarakterinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və addımlar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir. Qətnamə, həmçinin tələb edir ki, bütün dövlətlər BMT TŞ-in qətnamələrinə zidd olan tədbir və addımları qəbul etməsinlər.

Bu arada, Amerika Birləşmiş Ştatları BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması haqqında qətnamənin əleyhinə səs verən, bitərəf qalan və səsvermədə iştirak etməyən dövlətlərin nümayəndələrinə Ağ Evdə xüsusi ziyafət verəcəyini açıqlayıb. Yanvarın 3-də təşkil olunacaq tədbir "ABŞ-la dostluqlarına görə təşəkkür" ziyafət adı verilib.

Xatırladaq ki, Azərbaycanla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 4-ü — Böyük Britaniya, Çin, Fransa və Rusiya, habelə dünyanın aparıcı dövlətlərindən Almaniya, İspaniya, Yaponiya, Belçika, İtaliya, Norveç də Qüdsün İsrailin paytaxtı kimi tanınmaması haqda qətnaməni dəstəkləyib. Gürcüstan, Ukrayna, Moldova da daxil olmaqla 21 ölkə səsvermədə iştirak etməyib.

Beləliklə, Avropa və ABŞ arasında növbəti qarşıdurma müşahidə edilməkdədir. Bir çox Avropa ölkələri artıq ABŞ-dan müstəqil olaraq hərəkət etmək niyyətindədirlər. Bu qarşıdurma daha çox Almaniya – Birləşmiş Ştatlar kontekstində özünü göstərir. Almaniya Avropanın ən güclü ölkəsi hesab edilir. Almaniya 3,5 trilyonluq iqtisadiyyatı ilə dünyanın ABŞ, Çin və Yaponiyadan sonra ən böyük dördüncü iqtisadiyyata malikdir. Lakin bu, yetərli deyil. ABŞ-ın hərbi gücü ilə dünyanın hər bucağına uzana bildiyi, Çinin sürətlə müdafiə xərclərini artırdığı, Yaponiyanın isə konstitusiyasını dəyişdirərək, həqiqi bir orduya sahib olma planladığı bir dünyada nə Almaniya, nə digər Avropa ölkəsi müstəqil hərəkət edə bilməz. ABŞ-dan uzaqlaşan Avropa ölkələri öz təhlükəsizliyini təmin edə bilmək üçün Rusiya, yaxud Çin və Yaponiya ilə əməkdaşlıq etməlidirlər. Lakin əksər Avropa ölkələri ABŞ-dan uzaq duran bir dövlətə çevrilmək istəyirlər. Avropa İttifaqının yenidən dirçəldilməsi ideyaları da məhz bu məqsədə xidmət edir. Bu ideya reallaşa bilməsə, iqtisadi baxımdan Çin ilə əməkdaşlıq daha cəlbedici görünür. Lakin unutmaq olmaz ki, əksər Avropa ölkələri iqtisadi və təhlükəsizlik baxımından ABŞ-a bağlı durumdadır. Avropanın ən böyük bazarı ABŞ-dır. Bunu dəyişməyə isə zaman lazımdır. Digər tərəfdən, ABŞ Avropanı öz vassalına çevirmək arzusundadır və buna cavab olaraq, Avropanın da daha müstəqil hərəkət edə bilmək arzusunda olduğu müşahidə edilir.

Donald Tramp Avropa İttifaqının parçalanmasını dəstəklədiyini bildirir. Böyük Britaniyanın İttifaqdan ayrılma qərarını alqışladığını deyən Tramp, Fransadan da oxşar addım gözlədiyini gizlətmir. Vaşinqton elə bu baxımdan Çini özünə rəqib görür. Dünyanın iki supergücü olan ABŞ-la Çin arasındakı münasibətlərdən qlobal geosiyasətin taleyinin asılı olduğu haqqında bir çox analitiklər fikir bildiriblər. İndiki mərhələdə həmin məsələ iki aspektdə daha çox önəm kəsb etməyə başlayıb. Onlardan birincisi beynəlxalq münasibətlər sisteminin yeniləşməsində Vaşinqton-Pekin qarşıdurmasının dinamikası ilə bağlıdır. Digər tərəfdən isə Koreya yarımadası və Cənubi Çin dənizində getdikcə artan hərbi gərginliyin doğura biləcəyi mümkün nəticələrlə əlaqəlidir. Özlüyündə bu iki cəhət bir-biri ilə sıx bağlıdır. Hazırda ekspertlər Amerika ilə Çin arasında yarış və rəqabəti xatırladan münasibətlərin daha həssas səviyyəyə yüksəldiyinə əmindirlər. Çinin beynəlxalq sistemdə ciddi dəyişikliklər etmək planlarına malikdir. Hətta Vaşinqton hesab edir ki, Pekin alternativ beynəlxalq təşkilatlar şəbəkəsi yaratmağa başlayıb. Çini isə bölgədəki gərginlik narahat edir. Məsələ ondan ibarətdir ki, Şimali Koreya məsələsi yalnız bu ölkənin maraqları ilə məhdudlaşmır. Əsas olaraq Uzaq Şərqdə Çinin qonşuluğunda yeni savaş ocağı yaradılır. Ekspertlər də məhz bu aspektə diqqət yetirirlər. Amerikanın Şimali Koreyanı hədələməsi, əslində, qlobal geosiyasi mənzərədə meydana gələn risklərlə sıx bağlıdır. Söhbət heç də Şimali Koreyada insan haqlarının vəziyyətindən getmir. Problem daha çox beynəlxalq geosiyasi vəziyyət aspektində narahatlıq yaradır.

Göründüyü kimi, Tramp birqütblü dünya ideyasını hər vəchlə həyata keçirmək niyyətindədir və buna görə də yalnız Vaşinqtonun ənənəvi rəqibləri olan İran, Rusiya və Çinə deyil, eyni zamanda Avropaya meydan oxuyur…

670
Teqlər:
ziyafət, BMT Baş Assambleyası, Çin, Rusiya, Avropa, rəqabət, Almaniya, ABŞ
Əlaqədar
Çin ABŞ və İsrailə sitəm çəkdi: Şərqi Qüds Fələstinin paytaxtıdır
Ramzan Kadırov ABŞ-ın ona qarşı addımını yumorla qarşılayıb
Şahinoğlu: "ABŞ və Rusiyanın düşmənçiliyi beynəlxalq aləmə problem yaradar"
Türkiyə ABŞ-ın viza qadağasına cavab verdi
Türkiyə vətəndaşları ABŞ-a buraxılmayacaq
 Rusiyanın hərbi polisi Suriyada, arxiv şəkli

"Onları qiymətləndirmədik": Qərb ilk dəfə rusların Suriyada hərbi uğurunu tanıyıb

1
Amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

BAKI, 7 avqust — Sputnik, Andrey Kots. Rusların yardımı olmasaydı Bəşər Əsəd müharibəni uduzardı – amerikalılar etiraf edirlər ki, məhz Moskvanın, həmçinin İranın və "Hizbullah"ın müdaxiləsi Suriya ordusuna ölkənin böyük bir hissəsini qanunsuz silahlı qruplardan geri almağa imkan verib. Konqresin tədqiqat xidməti "Suriyada Silahlı Münaqişəyə və ABŞ-ın Reaksiyasına Dair İcmal" adlı 49 səhifəlik məruzəsində belə bir qənaətə gəlib. Hərbi analitiklər başqa nəyə diqqət yetirir və hansı proqnozları veriblər? Cavabı RİA Novosti-nin materialında.

Qüvvələr nisbəti

Sənəd Suriyanın xəritəsini göstərir. Ölkənin mərkəzi, qərb və cənub hissələrinə Bəşər Əsəd hökuməti nəzarət edir – ABŞ-ın Ət-Tənf hərbi bazasının yerləşdiyi İordaniya ilə sərhəddəki kiçik anklav istisna olmaqla. Şimal-qərbdə İdlib əyaləti silahlı qrupların əlindədir. Fəratın şimal və şərqindəki ərazilər – yəni Suriyanın təxminən üçdə biri – kürdlərin nəzarətindədir.

Amma burada analitiklər səhv edirlər, çünki faktiki olaraq həmin ərazilərə məhz Vaşinqton nəzarət edir. Burada amerikalıların sayı azdır – məruzəyə görə, təxminən 600 nəfər. Lakin onlar karbohidrogenlərlə zəngin olan bu regionda əsas neft yataqları ətrafında mövqe tutublar. Bundan başqa, Suriyanın şərqində özəl hərbi şirkətlərin yüzlərlə döyüşçüsü fəaliyyət göstərirlər. Sənəddə bildirilir ki, Suriyanın rəsmi hökuməti ABŞ-ın bu regionda hərbi iştirakını qanunsuz hesab edir. Ancaq Vaşinqtonda deyirlər ki, neft yataqlarını terrorçulardan qorumaq lazımdır.

Məruzə müəllifləri bəzən Əsəd ordusu ilə toqquşmaların baş verdiyini gizlətmirlər. Belə ki, onlar bu ilin fevralında Qamışlı yaşayış məntəqəsindəki blokpostda Suriya hərbçilərinin ABŞ Silahlı Qüvvələrinin patrulunu atəşə tutduğunu iddia edirlər. Heç kəs xəsarət almayıb.

Bundan başqa, ölkənin şimal-şərqində Rusiya və Amerika hərbçilərinin birbaşa qarşıdurmasının artması da qeyd olunur. İnternetdə ABŞ ordusunun zirehli avtomobillərinin Rusiya hərbi polis avtomobillərinin hərəkətinə maneə törətməyə çalışdığını göstərən onlarla videoçarx yayılıb. İş, xoşbəxtlikdən, atışmaya çıxmayıb.

Rusiya getməyəcək

Ümumilikdə amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

Analitiklər yazır: "ABŞ Moskvanın Suriyadan Yaxın Şərqdə öz nüfuzunu artırmaq üçün plasdarm kimi istifadə etmək imkanlarını və istəyini lazımı səviyyədə qiymətləndirməyib. Rusiya, İran və ya onların "proksi"ləri ilə birbaşa hərbi toqquşmaları istisna etmək olmaz".

Məruzənin müəllifləri təəssüflə qeyd edirlər ki, Dəməşqə təzyiq göstərmək getdikcə daha da çətinləşir. Cəbhə xəttini, ilk növbədə, Rusiya aviasiyası və xüsusi təyinatlılarının yardımı ilə Suriya paytaxtından uzağa atmaq mümkün olub, ölkənin böyük bir hissəsi isə "rejim"in nəzarəti altındadır. Bəşər Əsədin siyasi əleyhdarlarının əlində praktiki olaraq kart qalmayıb. Eyni zamanda, kürdlər getdikcə Dəməşqlə yaxınlıq qururlar. Deməli, mərkəzi hökumət şərq və şimal üzərində nəzarəti özünə qaytara bilər.

İŞİD hələ də təhlükəlidir

2018-ci ilin dekabrında Donald Tramp İŞİD üzərində qələbəni elan edib. Lakin analitiklər hesab edirlər ki, qruplaşma hələ də darmadağın edilməyib. ABŞ-ın müttəfiqləri 2019-cu ilin martında İŞİD-in Suriyadakı son istinad məntəqələrini ələ keçiriblər. Lakin terrorçular həm Suriyada, həm də İraqda komandanlıq və idarəçilik strukturunu qoruyub saxlayıblar. Deməli, hələ də zərbə vura bilərlər.

Daha bir təhlükə hazırda İŞİD-in təxminən on min döyüşçüsünün saxlanıldığı hərbi əsirlər düşərgəsidir. Onlar əsasən ölkənin şimalında yerləşir və kürd bölmələri tərəfindən qorunur. Bundan başqa, ekstremistlərin ailə üzvləri üçün düşərgələr var. Onların ən böyüyü – Əl-Holda 66 minədək terrorçu arvadları və uşaqları saxlanılır. Analitiklərin fikrincə, yaraqlılar orada təbliğatı davam etdirirlər, məhbusların döyüş ruhunu dəstəkləyirlər. İŞİD isə tərəfdarlarını azad etmək üçün basqınlar planlaşdırır.

Kürd rəhbərliyi əsirlərin mühafizəsi üçün güc çatışmazlığı olduğunu dəfələrlə bəyan edib. Amerikalılar kömək etməyə tələsmirlər – Vaşinqton yaraqlıların doğma ölkələrinin onları cəza çəkmək üçün evlərinə repatriasiya etməsinə təkid edir. Amma heç kim "öz" terrorçularını qaytarmaq istəmir və bundan yayınmaq üçün müxtəlif bəhanələr ortaya qoyur.

Problemli əyalət

Ən isti nöqtə İdlib əyalətidir. Orada indi Suriya, Rusiya, İran və Türkiyə fəaldır. Orada ABŞ ordusu yoxdur, amma amerikalılar dəfələrlə "Əl-Qaidə" ilə bağlı dəstələrə zərbələr endiriblər. Qeyri-dövlət birləşmələri "Həyat Təhrir Əş-Şam", "Xurəs Əd-Din", "Suriya Milli Ordusu", "Hizbullah" və digər qruplaşmalarla təmsil olunurlar. İŞİD döyüşçüləri də oradadır.

"İdlibin şimal rayonları müxalifət qüvvələrinin nəzarətində olan yeganə regiondur. Yerli qruplar 2011-ci ildə Dəməşqə meydan oxuyanların qalığıdır. Martın 5-dən etibarən İdlibdə Türkiyə və Rusiya prezidentlərinin razılığı əsasında sülh elan edilib. Onların qoşunları M4 strateji marşrutunu birgə patrul edirlər", - analitiklər vurğulayırlar.

Məruzənin müəllifləri bildirirlər ki, silahlıların atəş açmasına baxmayaraq, atəşkəs rejimini saxlamaq hələ ki, mümkündür.

1
Əlində gitara olan kişi, arxiv şəkli

Məşhur rok ifaçısı vəfat edib

13
Beş albomun müəllifi olan rok musiqiçisi daha çox "Pamela, Pamela", "Come on home", "Goodbye Bluebird", "She needs love" hitləri ilə tanınıb.

 

BAKI, 7 avqust — Sputnik. 60-70-cı illərin məşhur "Game of love" hitinin ifaçısı, britaniyalı rok musiqiçisi Ueyn Fontana vəfat edib.

74 yaşlı sənətçi İngiltərənin Stokport şəhərindəki xəstəxanalardan birində həyatını itirib.

Məşhur ulduzun ölüm səbəbi hələlik məlum deyil.

O, sözügedən kompozisiyanı ilk dəfə 1965-ci ildə "The Mindbenders" qrupu ilə birlikdə ifa edib.

Beş albomun müəllifi olan rok musiqiçisi daha çox "Pamela, Pamela", "Come on home", "Goodbye Bluebird", "She needs love" hitləri ilə tanınıb.

13