BAKI, 11 dekabr — Sputnik. Bu gün Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili həbs qətimkan tədbirinin seçilməsi üçün Kiyevin Peçerski məhkəməsinə gətirilib. Sputnik Azərbaycan Mixail Saakaşvilinin "Facebook" səhifəsinə istinadla xəbər verir ki, hazırda onun tərəfdarları və KİV məhkəmə binasına toplaşıb.
Baş Prokurorluq siyasətçinin ev dustaqlığı barədə vəsatət qaldırmaq niyyətindədir. Saakaşvilinin tərəfdarı David Sakvarelidze öz "Facebook" səhifəsində keçmiş qubernatorun tərəfdarlarını onu dəstəkləmək üçün küçələrə çıxmağa çağırıb.
Saakaşvili Ukraynada cinayətkar təşkilatların fəaliyyətini gizlətməkdə və üzvlərinə yardım etməkdə şübhəli bilinir. Baş Prokurorluğun iddiasına görə, Saakaşvili tərəfdarlarının Ukrayna paytaxtında təşkil etdikləri aksiyaları keçmiş prezident Viktor Yanukoviçin ətrafı maliyyələşdirib.
Ötən həftə siyasətçinin Kiyevdəki mənzilində axtarış aparılandan sonra onun saxlanılmasına cəhd edilib. Lakin Saakaşvilinin tərəfdarları onu güc strukturlarının əlindən ala biliblər.
O, yalnız dekabrın 8-də saxlanılıb. Keçmiş qubernator Ukrayna Təhlükəsizlik Xidmətinin təcridxanasına yerləşdirilib və orada müddətsiz aclıq aksiyasına başlayıb.
Ötən gün Saakaşvili tərəfdarları Kiyevin mərkəzinə toplaşaraq siyasətçiyə azadlıq, hazırkı prezident Pyotr Poroşenkonun isə impiçmentini tələb ediblər.
Elvin Səlimov, Sputnik Azərbaycan
BAKI, 28 yanvar — Sputnik. İyirmi il öncə Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Şuraya tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib. Ancaq Azərbaycanın Avropa Şurasına üzvlüyü asanlıqla baş tutmuş proses deyil.
Üzvlükdən 9 il əvvəl, 1992-ci il yanvarında Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edir. Üzvlüyə qədərki 9 il ərzində Azərbaycan AŞ-nin bir sıra konvensiyalarına qoşulur. Münasibətlərin inkişafı və Azərbaycanın avroməkana inteqrasiyası prosesində qətiyyətli addımlar atılır. Ölkədə ölüm hökmü ləğv edilir, mətbuat üzərindəki senzura götürülür. Amma Şuranın istəklərinin ardı-arası kəsilmir. Xüsusən də seçkilər, insan haqları, siyasi məhbus məsələləri tərəflər arasında aşkar mövqe fərqinin olduğunu ortaya qoyur.
Azərbaycan torpaqlarının işğal altında qalması faktına avroməkanda olan səssizlik və bir çox hallarda Azərbaycana yanaşmada ikili standartların tətbiqi zaman-zaman tərəflər arasında münasibətlərin gərginləşməsinə səbəb oldu. Xüsusən də, Azərbaycanın Avropa Şurasına üzv olarkən təşkilatın Azərbaycan-Ermənistan arasındakı münaqişəyə obyektiv yanaşacağına, işğalçı ölkəyə qarşı təsir imkanlarını işə salaraq problemin sülh yolu ilə həllinə töhfə verəcəyinə inamı özünü doğrultmadı. Şura tərəfindən işğala məruz qalanla işğalçı arasında fərq qoyulmaması iddia edilən ikili standartların bariz nümunəsidir. Bütün bunlar, avroməkanın mötəbər qurumunun qəbul etdiyi qərarların ciddiliyini şübhə altına alırdı. Xüsusən də Azərbaycandan demokratik təsisatların inkişafı üçün ardı-arası kəsilməyən tələblər bir mərhələdən sonra ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilirdi.
Bununla belə, Azərbaycanın regionu enerji dəhlizinə çevirməsi, reallaşdırdığı enerji və nəqliyyat layihələri onu Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş mövqeyində saxlayır.
Ötən ilin sentyabrında Azərbaycan-Ermənistan arasında başlayan müharibəyə qərbin susqunluğu, bəzi hallarda erməni diaspor təşkilatlarının diktəsi ilə verdikləri bəyanatlar Azərbaycan cəmiyyətində qərbdəki təşkilatlara qarşı mövqe formalaşmasına əhəmiyyətli təsir etdi. Avropa Şurasının qurucusu olan ölkələrin parlamentlərindən Azərbaycanın Dağlıq Qarabağ ərazisinə müstəqillik verilməsi ilə bağlı çağırışlar otuz ilə yaxındır yurdlarından qovulmuş insanların pozulmuş hüquqlarına biganəlik fonunda riyakarlıq deyilmi?!
Bu gün Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü kimi fəaliyyətini davam etdirir. Müəyyən vaxtlarda Şuraya üzvlük və götürdüyü öhdəliklər ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edilməyə çalışılsa da, Azərbaycan istənilən qərarın verilməsində müstəqilliyini nümayiş etdirə bilir.
BAKI, 28 yanvar — Sputnik. Amerikalı aktrisa, "Oskar", "Qızıl qlobus" və "Emmi" mükafatlarının sahibi Kloris Liçmen ömrünün 94-cü ilində vəfat edib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu barədə aktrisanın meneceri məlumat yayıb.
Amerika Kino Akademiyasının nümayəndələri aktrisanın ölüm xəbəri ilə bağlı onun ailə üzvlərinə başsağlığı veriblər.
Qeyd edək ki, Kloris Liçmen 50-dən çox ekran əsərlərində rol alıb və öz işinə görə çoxlu sayda mükafat qazanıb. Aktrisa "Sonuncu kinoseans" (The Last Picture Show, 1971) filminə görə "Oskar" qazanıb. Bundan əlavə, aktrisa doqquz dəfə "Emmi", həmçinin "Qızıl qlobus" mükafatlarının sahibi olub.
BAKI, 28 yanvar - Sputnik. Milli Məclisin keçmiş deputatı, texnika elmləri doktoru Elton Məmmədov AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edilib.
Sputnik Azərbaycan xəbər verir ki, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.
Qeyd edək ki, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. O, 2019-cu ildə Ramiz Mehdiyevin əmri ilə AMEA-nın "Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilmişdi.