Mixail Saakaşvili

Saakaşvili saxlanıldı, Təhlükəsizlik Xidməti bunun səbəbini açıqladı

436
(Yenilənib 13:40 05.12.2017)
Eks-prezident cinayətkar təşkilatın üzvlərinə yardım etməkdə və cinayəti gizlətməkdə günahlandırılır

BAKI, 5 dekabr — Sputnik. Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru, "Yeni Qüvvələr Hərəkatı"nın lideri Mixail Saakaşvili "cinayətkar təşkilatların iştirakçıları ilə işbirliyində və onların cinayət əməllərini gizlətməkdə günahlandırılır."

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidməti məlumat yayıb.

"5 dekabr 2017-ci il tarixində UTX əməkdaşlarının Ukraynanın Baş Prokurorluğu ilə birlikdə həyata keçirdiyi əməliyyat nəticəsində Mixail Saakaşvili Kiyevdə yaşadığı evdə şübhəli şəxs qismində saxlanılıb. O, Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur" — deyə UTX-nin məlumatında bildirilir.

Bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Saakaşvilinin evində axtarış aparmaq üçün onun yaşadığı ünvana gəliblər. Eks-prezident yaşadığı səkkizmərtəbəli binanın damına çıxaraq evində axtarış aparmağa gələn xüsusi təyinatlıları özünü binanın damından aşağı atmaqla hədələyib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlamağa müvəffəq olublar.


Saakaşvili tərəfdarları onun evinin qarşısına toplaşaraq həbsinə mane olmağa çalışıblar və səs-küy salıblar.

Güc strukturlarının nümayəndələri Saakaşvilinin yaşadığı binanın girişini gediş-gəliş üçün bağlayıb. Onlar Saakaşviliyə yaxınlaşmaq üçün zibil konteynerindən istifadə ediblər.

Noyabrın sonlarında KİV-in yazdığına görə, Ukrayna hakimiyyəti ilin sonuna qədər Saakaşvilini həbs etmək niyyətindədir. Dekabrın əvvəllərində siyasətçi bəyan etmişdi ki, növbəti həftə onu ekstradisiya etmək istəyirlər. Belə olan təqdirdə, o, Avropaya keçmək üçün Gürcüstana getməyi üstün tutur. Daha əvvəl isə eks-prezident bildirmişdi ki, onun Ukraynada qalma müddəti martın 1-dək uzadılıb.

Saakaşvili sentyabr ayında prezident Pyotr Poroşenkonun əmri ilə Ukrayna vətəndaşlığından çıxarılıb. Lakin tərəfdarlarının dəstəyi ilə sərhədçilər kordonunu yararaq Polşadan Ukrayna ərazisinə daxil olub. Məhkəmə onu ölkə sərhəddini qanunsuz keçdiyinə görə 130 dollar cərimələyib.

Gürcüstanda eks-prezidenti bir neçə cinayəti törətməkdə günahlandırırlar. O, bu ölkəni 2013-cü ilin noyabrında Georgi Marqvelaşvilinin yeni prezident postuna keçməsindən sonra tərk edib.

436
Teqlər:
Cinayət Məcəlləsi, Kiyev, Mixail Saakaşvili, Ukrayna
Mövzu:
Mixail Saakaşvilinin Ukrayna sərgüzəştləri (14)
Əlaqədar
Saakaşvili intihar etmək istəyir - VİDEO
Kiyevdə Saakaşvili tərəfdarları prezidentin impiçmenti tələbi ilə yürüş keçirirlər
Saakaşvili cərimə ödədi
Saakaşvili və tərəfdarları Ukraynada mitinq keçirirlər
Mixail Saakaşvili Ukrayna ərazisindədir