Участники акции в поддержку политической реформы в Киеве

Azərbaycanlılar kimi dəstəkləyir: Saakaşvilini, yoxsa Poroşenkonu?!

427
(Yenilənib 22:06 24.10.2017)
Paşa İlisuyski: "AŞPA-da baş verənlərə görə bizim parlamentarilər və diplomatlar günahkardır"

İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
© Official website of President of Azerbaijan Republic
BAKI, 24 oktyabr — Sputnik. Kiyevdə ötən həftənin əvvəllərindən etibarən etiraz aksiyaları başlayıb. Etirazçılar hakimiyyəti bir sıra sahələrdə islahatlar aparmağa, deputat toxunulmazlığını ləğv etməyə və antikorrupsiya məhkəməsi təşkil etməyə çağırırlar. Üçüncü Maydan olacaqmı və baş verənlər Azərbaycan-Ukrayna münasibətlərinə necə təsir edəcək? Sputnik Azərbaycan-ın bu suallarına Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa İlisuyski cavablandırıb.

O qeyd edib ki, bu dəfə Kiyevin mərkəzindəki çadır şəhərciyi kifayət qədər samballı partiya və siyasətçilərin dəstəyi ilə ortaya çıxıb. Odur ki, hakimiyyət bu vəziyyətə daha ciddi yanaşır.

"Müxalifətin mitinqinə cəmi bir neçə min adam çıxdı. Baxmayaraq ki, hətta yüzlərlə fəal çadırlarda qaldı, bu, kifayət qədər azdır və onu kütləvi dəstək adlandırmaq olmaz" — deyən İlisuyskiyə görə, bu cəhdlər xalqı elə də tərpədə bilməyib. Xalq kütlələri arasında konsolidasiya yoxdur: "Misal üçün, ikinci Maydanda güclü emosional təkan vardı və kiyevlilər hər hansı partiyanın dəvətini gözləmədən aksiyalara qaçırdılar". 

Onun fikrincə, hazırda tələbatı olmayan xalqı siyasi islahatlarla bağlı aksiyalarda birləşdirmək çətindir və bunun üçün kütləyə emosional impuls lazımdır.

İlisuyski hesab edir ki, hazırda Kiyevdə baş verən etirazları üçüncü Maydana çevirmək üçün hakimiyyət tərəfinin təxribatı çatışmır. Bu təxribat kiyevliləri mitinqlərə çıxmağa və öz etirazlarını bildirməyə sövq edə bilər.

Onun fikrincə, əgər hakimiyyət etirazları lokallaşdırmağı bacarsa və güc yolu ilə şəhərciyə toplaşanları dağıtmasa, tədricən, bir həftədən, yaxud bir aydan sonra etirazlar səngiyəcək. Kütləvi dəstəyi olmayan bu etirazlar gec-tez tükənəcək.

Bu proseslərin Azərbaycan-Ukrayna proseslərinə təsirinə gəlincə, İlisuyski deyib ki, istənilən halda daxili siyasi qeyri-stabillik, yaxud da siyasi xarakterli proseslər bu və ya digər ölkələr arasındakı razılaşmalara müəyyən təsir göstərir: "Amma unutmaq lazım deyil ki, Azərbaycan və Ukrayna arasında strateji tərəfdaş kimi mövcud olan siyasi, iqtisadi əlaqələr iki ölkə ictimaiyyəti arasında kifayət qədər möhkəm təməllər əsasında qurulmuş münasibətlərin davamıdır. Ona görə də Ukraynanın daxili siyasətində baş verən proseslər nəinki bizim ölkələrimizə, hətta siyasi rəhbərlik dəyişsə belə, qarşılıqlı əlaqələrə hər hansı qlobal təsir göstərməyəcək". 

Sputnik-in həmsöhbəti onu da deyib ki, əgər daxili siyasi proseslərin fonunda ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrin inkişafının ləngiməsini istəmiriksə, Ukrayna daxilindəki bütün siyasi qüvvələrlə iş aparmalıyıq. Ali Radada təmsil olunan bütün siyasi partiyalarla münasibətləri inkişaf etdirmək, perspektivi olan siyasi qüvvələrlə əlaqələri gücləndirmək lazımdır. Bu isə lobbiçilik adlanır.

Ekspertin fikrincə, AŞPA-dakı sonuncu səsvermə Azərbaycanın bu istiqamətdəki fəaliyyətində çatışmazlığı nümayiş etdirib: "Əlbəttə, yüksək siyasi və hakimiyyət səviyyəsində danışıqları birmənalı olaraq hökumətlə aparmaq lazımdır. Lakin digər qüvvələrlə, hətta müxalifətdəki siyasi partiyalarla qarşılıqlı əlaqələrin qurulması üçün diaspor nümayəndələri, ictimai təşkilatlar və lobbiçilər öz fəaliyyətlərini gücləndirməlidir".

Bu yaxınlarda Ukrayna deputatlarının AŞPA-nın Azərbaycan əleyhinə olan qətnaməsini dəstəkləməsini şərh edən İlisuyski deyib ki, bu addımı azərbaycanlı parlamentarilər və səfirliyin simasında diplomatlar tərəfindən buraxılan boşluq kimi qiymətləndirir.

"Bir daha təkrar edirəm ki, təkcə icra hakimiyyəti ilə birtərəfli münasibətlər qurmaq düzgün deyil. Tədricən qanunverici orqanlarla da münasibətlər qurmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Ukrayna prezident respublikası deyil, parlament-prezident respublikasıdır" – deyən ekspert hesab edir ki, qanunverici orqanla əlaqələrin qurulması imkanını biz sadəcə əldən vermişik:

"Başqalarını günahlandırmaqdan çox, səhvləri düzəltmək və münasibətlərdəki çatışmazlıqları aradan qaldırmaq lazımdır ki, gələcəkdə belə problemlər yaranmasın". 

İlisuyskinin fikrincə, bizimkilər sanki müxalifət qüvvələri ilə kontaktlardan qaçırlar, bu isə böyük səhvdir: "Tamamilə mümkündür ki, bu günün müxalifəti, sabahın iqtidarı olsun. Necə ki, hazırkı Ukrayna hakimiyyəti vaxtilə müxalifət idi. "Ləyaqət inqilabı"ndan sonra Ukraynanın yeni rəhbərinin Azərbaycana səfəri illər sonra baş tutdu. Bütün bu dövrü bizim diplomatiya yeni hakimiyyətlə münasibətlərin qurulmasına sərf etmişdi".

İlisuyski hesab edir ki, AŞPA-da səsvermə, ondan sonra bizim jurnalistlə AŞPA-dakı Ukrayna nümayəndə heyətinin və "Samopomoçi" fraksiyasının üzvü Yelena Sotnik arasındakı insident Ukrayna parlamentariləri ilə ümumiyyətlə iş aparılmadığını göstərdi.

"Unutmaq lazım deyil ki, Yelena Sotnik AŞPA-nın Hüquq Komitəsinin rəhbəri, Radada 34 deputatla təmsil olunan və Ukraynanın ən aparıcı siyasi qüvvələrindən bir olan "Samopomiçi" partiyasının deputatıdır. Həmin partiyanın lideri Lvov şəhərinin meri Andriy Sadovıdır" – deyə ekspert bildirib.

O, bu adamlarla münasibətlərin düzgün qurulmadığını qeyd edib: "Şəxsən mən bu ilin martında Sadovıya belə bir ideya ilə müraciət elədim ki, Azərbaycanın əhəmiyyətli şəhərlərindən birinin icra hakimiyyətinin başçısının Lvova səfəri təşkil edilsin və bu şəhərlər qardaşlaşsın. Sadovı mənim ideyamı dəstəklədi və o, Azərbaycanın önəmli şəhərlərindən birinin merinə rəsmi dəvət məktubu və şəhərlərin qardaşlaşması ilə bağlı təklifini göndərdi. Lvov merinin bu təşəbbüsünə Azərbaycan tərəfi nəinki dəstək verdi, hətta diplomatik etiketin və protokolun tələb etdiyi kimi heç cavab məktubu belə gəlmədi. Lvov merinin həmin məktubu demək olar ki, rədd edildi. İndi təsəvvür edin, əgər bizim şəhər merlərindən hansısa biri Lvov meri ilə əlaqə qursaydı, onun lideri olduğu partiyanın hansısa deputatı Azərbaycan əleyhinə çıxış edərdi?!"

İlisuyskinin qənaətinə görə, AŞPA-dakı məlum səsverməyə görə, xanım Sotnik deyil, bizim parlamentarilər, diplomatlar və ayrı-ayrı məmurlar günahkardır. Onlar belə şərait yaradırlar və nəticədə bədxahlarımız buraxdığımız səhvləri bizə qarşı çevirirlər.

"Hazırda Ukraynada yaşayan azərbaycanlıların mövqeyi necədir? Onlar Saakaşvili-Poroşenko qarşıdurmasında kimin mövqeyini müdafiə edirlər?" – sualına cavabında isə Sputnik Azərbaycan-ın həmsöhbəti deyib ki, birmənalı surətdə azərbaycanlıların kimi dəstəklədiklərini demək mümkün deyil. Eləsi var "Yeni qüvvələrin xalq cəbhəsi"ni (Rux novıx sil) fəal şəkildə dəstəkləyir, eləsi də var ki, nümayəndələrinə yaxınlaşmaq məqsədilə hakimiyyəti dəstəkləyir. 

"Həmçinin elələri var ki, hələlik sadəcə müşahidə edirlər, bütün bu proses və hadisələrin inkişafının daha proqnozlaşdırılan məqamını gözləyirlər və hər iki düşərgənin siyasi elitaları ilə münasibət saxlayırlar, məsələn, mənim kimi" – deyə İlisuyski bildirib.

O, Mixail Saakaşvilinin siyasi gələcəyini müsbət çalarlarla təsəvvür etdiyini qeyd edib: "Hələ bu ilin yayında onun partiyası "Yeni qüvvələr hərəkatı"nın reytinqi 1,5% təşkil edirdi. Amma o, Ukrayna vətəndaşlığından məhrum edildikdən sonra vəziyyət dəyişdi. Ukraynalılar Pyotr Poroşenkonun Odessa vilayətinin sabiq qubernatoruna qarşı hərəkətini mənfi qiymətləndirdilər və bu, elektoral əhval-ruhiyyəni qaldırdı. Hakimiyyət özü Saakaşvilinin partiyasının parlamentə yolunu açdı, əlbəttə əgər Ali Radaya növbədənkənar seçkilərin keçirilməsinə nail olunsa. Lakin bonusların əksər hissəsini Lvov meri Sadovı özünün "Samopomoçi" partiyası ilə ala bilər".

427
Əlaqədar
Rusiya dövlət başçısından vacib Ukrayna bəyanatı
Azərbaycan - Ukrayna əlaqələri müzakirə olunub
ABŞ ordu rəhbəri Ukrayna üzərindən Rusiyaya meydan oxudu
Mixail Saakaşvili Ukrayna ərazisindədir
Ukrayna prezidenti atəşkəs təklif edir