Gəmi

Döyüş gəmilərinin xoşməramlı səfəri

16
(Yenilənib 23:03 21.10.2017)
Rusiyanın Sakit Okean donanmasına aid 3 döyüş gəmisi Filippinin paytaxtı Manilaya gəlib

BAKI, 21 oktyabr — Sputnik. Rusiyanın Sakit Okean donanmasına aid 3 döyüş gəmisi 6 günlük xoşməramlı səfəri çərçivəsində Filippinin paytaxtı Manilaya gəlib.

Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, 6 gün ölkədə qalacaq Rusiya döyüş gəmilərinin iki ölkə arasındakı hərbi əməkdaşlığı proqramının inkişaf etdirilməsi məqsədilə Manila səfər etdiyi bildirilib.

Sualtı savaş gəmisinin Filippin rəsmiləri, xarici diplomatlar və yerli əhali tərəfindən baxılmasına icazə veriləcəyi qeyd edilib.

Filippin müdafiə naziri Delfin Lorenzana ayın əvvəlində Rusiya hökumətinin ölkəsinə 5 min avtomat silah və digər hərbi sursat, o cümlədən, yük maşınları verəcəyini açıqlamışdı.

16
ABŞ hərbçiləri, arxiv şəkli

Trampdan bahalı əməliyyat: bunun üçün pul tökmək günah deyil

8
(Yenilənib 20:11 10.08.2020)
ABŞ hərbçilərinin dislokasiyası xeyli xərc tələb edəcək, lakin istənilən halda bu, uzun illər ərzində onların Almaniyada qalmasına görə ödəniş etməkdən daha sərfəlidir.

BAKI, 10 avqust — Sputnik, İrina Alksnis. ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib ki, Amerika qoşunlarının Almaniyadan çıxarılması Rusiyanın qarşısının alınması strategiyasına uyğundur. Nazirin sərəncamında bəyan edilən bu mövqeni dəstəkləmək üçün yeganə bir arqumenti var: Birləşmiş Ştatlar əslində "daha çox qoşununu şərqə, Rusiya sərhədlərinə doğru çəkəcək". Dərd burasındadır ki, diqqətlə nəzərdən keçirsək, bu arqument yanlışdır və amerikalılar üçün son dərəcə xoş olmayan bir halı üzə çıxarır.

Almaniyanı təxminən 12 min hərbçi tərk edəcək. Onların əksəriyyəti – 6,4 min nəfər – ABŞ-a evə qayıdacaq. Qalanları İtaliya və Belçika da daxil olmaqla, digər Avropa ölkələrinə dislokasiya ediləcək. Polşaya isə – yəni düz Rusiya ilə sərhədə – yalnız min hərbçi göndəriləcək.

Bu rəqəmlər Esperin sözlərini elə də dəstəkləmir. Başqa cür ola da bilməzdi, çünki ABŞ-ın Almaniyadakı kontingenti ətrafında toqquşmaların NATO ilə Rusiya arasındakı qarşıdurmaya çox uzaq münasibəti var.

Hələ 2018-ci ilin iyununda "The Washington Post" Pentaqonun Avropada qoşunların irimiqyaslı dislokasiyasının dəyərini və nəticələrini təhlil etdiyi barədə yazıb. Qəzet iddia edib ki, Tramp həmin ilin əvvəlində bu ideyaya maraq göstərib. ABŞ Prezidentinin motivləri məhz müdafiəyə pul xərcləməkdən imtina edən NATO müttəfiqləri ilə bağlı olub. Bu, ilk növbədə Berlinə aid olub. Almaniya Şimali Atlantika Alyansının nizamnaməsinin tələbinə zidd olaraq illərdir ki, hərbi xərclərini ümumi daxili məhsulun 2 faizinə qədər artırmaqdan çəkinir.

Bir il əvvəl mövzu yenidən ictimailəşib. Həmin vaxt ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell ölkəsinin hərbi kontingentinin bir hissəsini Almaniyadan Polşaya çıxarmağa hazır olduğunu açıq şəkildə bəyan edib, çünki "almanların ticarət balansının profisitindən öz daxili məqsədləri üçün istifadə etdiyi bir vaxtda amerikalı vergi ödəyicisinin bundan sonra da Almaniyadakı 50 mindən çox amerikalıya görə pul ödəyəcəyini gözləmək təhqiramiz olardı".

Bu bəyanat Polşada ən qızğın və coşqun reaksiyaya səbəb olub. Ötən bir il ərzində polşalı siyasətçilər və media Almaniyanın əvəzinə məhz onların ölkəsinin Amerika hərbi qüvvələrinin Avropada cəmləşməsinin əsas yerinə çevriləcəyinə ümid edib. Məsələ hətta nüvə silahlarının dislokasiyası perspektivlərinin müzakirəsinə gəlib çatıb. Doğrudur, qeyd etmək lazımdır ki, bu danışıqlar boş yerdən peyda olmayıb, əksinə, hadisələrin bu cür inkişafına yol vermiş amerikalı rəsmilər tərəfindən təhrik edilib.

Ümumiyyətlə, faktları siyasi bəyanatlardan, planlardan və gözləntilərdən "təmizləsək", baş verənlərin mahiyyətini görərik.

Birləşmiş Ştatlar uzun illər boyu Almaniyanı dünyanın ən böyük iqtisadiyyatlarından biri kimi hərbi xərclərini kəskin şəkildə artırmağa məcbur etməyə çalışıb. Amerikalılar tərəfindən təhdidlər və təzyiqlər davam edib, amma onların səyləri nəticə verməyib: Vaşinqton Almaniya hakimiyyətini mövqeyindən tərpədə bilməyib.

Görünür, Donald Tramp, nəhayət ki, baş verənlərdən bezib və odur ki, indi ölkənin müdafiə naziri və digər rəsmilər dövlət başçısının Almaniyadan hərbçiləri çıxarmaqla bağlı qəbul etdiyi qərarı ört-basdır etməyə çalışırlar ki, Birləşmiş Ştatlar bu vəziyyətdə uduzmuş görünməsin.

Lakin Birləşmiş Ştatlar məhz uduzmuş görünür: Almanlardan arzu ediləni əldə etmək mümkün olmayıb. Bu, iqtisadiyyata əlavə investisiyalar gətirməyib.

Avropadakı hərbi kontingent kiçiləcək və bu, Rusiyanın öz nüfuzunu və gücünü artırması fonunda baş verəcək. Lakin qoşunların çıxarılması Almaniya üçün zəif "cəza"dır: Almaniya həqiqətən iş yerlərini və hərbi infrastruktura xidmət etməklə əldə edilən müəyyən qazancı itirəcək, lakin bu itkilər ölkənin Vaşinqtonun tələblərinə əməl etməsi halında üzləşəcəyi itkilərlə müqayisə edilə bilməz.

Qısaca, Polşaya əlavə min hərbçinin göndərilməsi ABŞ-a öz imicini qorumağa və Rusiyanın qarşısının alınması kursunu saxladığını bəyan etməyə imkan verən yeganə arqumentdir.

Yəqin ki, bütün bu hekayədə ən maraqlı sual Trampın niyə kontingenti Almaniyadan çıxarmağa dair qərar qəbul etməsidir. Axı ona pişiyi quyruğundan dartmağa heç nə mane olmurdu. Mənfi nəticələr də, görünür, az olacaqdı.

Belə görünür ki, cavabı Amerika Prezidentinin şəxsiyyətində və onun milli lider kimi qarşıya qoyduğu məqsədlərdə axtarmaq lazımdır. Bütün ekssentrikliyinə baxmayaraq Donald Tramp, əslində, Amerikanın yığılıb qalmış sistemli problemlərin həllinə istiqamətlənib – o cümlədən radikal tədbirlər yolu ilə.

Digər məsələlərlə yanaşı, Birləşmiş Ştatlar elə bir tələyə düşüb ki, onun iqtisadi maraqları və dünya fövqəldövləti kimi şöhrəti arasında birbaşa ziddiyyətlər yaranıb. Əslində, prezidentin narazılığı tamamilə ədalətlidir: Amerika yalnız Avropanın müdafiə funksiyalarını öz üzərinə götürməyib, həm də bu müdafiə üçün öz cibindən ödəyir, çünki köhnə dünyanın ən böyük və zəngin iqtisadiyyatları onun boynunda rahat şəkildə oturublar.

Şübhəsiz, onların heç birinin, o cümlədən Almaniyanın Rusiya tərəfindən özünə qarşı hərbi təhlükənin reallığına inanmaması burada öz rolunu oynayıb. Odur ki, amerikalılar Moskva ilə hərbi-siyasi oyunu davam etdirmək istəsələr, Avropa Vaşinqtonun tərəfində olmağa hazırdır, lakin Vaşinqton öz ambisiyaları üçün özü ödəməlidir.

ABŞ-ın qlobal fövqəldövlət statusu isə Amerika elitası üçün dəyərlidir və bunun üçün pul tökmək günah deyil – o cümlədən uğursuz layihələrə.

Yalnız bu mövqe Donald Trampa uyğun deyil. O, dəfələrlə və açıq şəkildə bəyan edib ki, dünya liderliyi Birləşmiş Ştatlara və onun iqtisadiyyatına konkret fayda gətirməlidir. Əgər bu baş vermirsə, onda supergüc olmaq faydasız və bahalı bir axmaqlıqdır, bu statusu dəstəkləməyə sərf olunan resursları isə daha mənalı sahələrə yönəltmək daha yaxşı olardı.

Hərbi kontingentin bir hissəsinin Almaniyadan çıxarılması haqqında qərar prinsipial məsələlərdə Trampın sözlərinin əməllərindən fərqlənmədiyinin növbəti nümunəsi oldu. O, Berlinin mövqe dəyişikliyinə nail ola bilməyəcəyini anlayaraq biznesmen kimi addım atdı və xərclərin azaldılması prosesinə başladı.

Hərbçilərin dislokasiyası ABŞ-dan xeyli xərc tələb edəcək, lakin istənilən halda bu, uzun illər ərzində onların Almaniyada qalmasına görə ödəniş etməkdən daha sərfəlidir. Buna görə də əminliklə demək olar ki, Donald Trampın qərarı iqtisadi cəhətdən səmərəlidir və ABŞ-ın milli maraqlarına uyğundur.

Paralel olaraq, bu qərar, əlbəttə ki, Birləşmiş Ştatların qlobal hegemonluğunun demontajını davam etdirir, onun zəifliyini, üzərinə götürdüyü maliyyə öhdəliklərinin yükünü çəkə bilmədiyini açıq şəkildə nümayiş etdirir.

8
Əlaqədar
Tramp NATO-nu ticarətlə qarışdırıb: Niyə Rusiyanı "Böyük yeddilik"də görmək istəmirlər
Trampın Putinə “son hədiyyəsi”
Dostluq ayrı, iş ayrı - NATO Rusiya-Ukrayna müharibəsinə qarışmayacaq
Tramp bu ölkədən on minədək amerikalı hərbçinin çıxarılmasını təsdiqlədi
Tramp ABŞ-ı NATO-dan çıxarmaq istəyib - "Şimal Axını-2"-yə görə
Sumatra adasında vulkan püskürməsi

Sumatra adası yenə lərzəyə gəldi: dəhşətli vulkan püskürməsinin VİDEOsu

31
(Yenilənib 19:02 10.08.2020)
İsti vulkan kütləsinin axını ətraf kəndləri dağıdıb və yerli sakinlər daha təhlükəsiz yerlərə köçmək məcburiyyətində qalıblar.

BAKI, 10 avqust — Sputnik. İndoneziynın Sumatra adasında Sinabunq vulkanı aktivləşib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, vulkanın püskürməsi hadisə şahidləri tərəfindən çəkilib.

Məlumata görə, vulkanın külləri dəniz səviyyəsindən 7,5 kilometr hündürlüyə qalxıb. Hakimiyyət vulkan ərazisinə 3-5 kilometr yaxın ərazilərə daxil olmağı məhdudlaşdırıb.

Bundan əlavə, insanlara qoruyucu maskalar taxmaq və evlərinə lavanın yaxınlaşmasını izləmək tövsiyə edilib.

Sinabunq 2010-cu ilə qədər 400 il yatmış vulkan hesab edilib. 2010-cu ildə vulkan aktivləşəndən sonra mütəmadi olaraq lava və kül püskürüb.

İsti vulkan kütləsinin axını ətraf kəndləri dağıdıb və yerli sakinlər daha təhlükəsiz yerlərə köçmək məcburiyyətində qalıblar. On il ərzində onlarla insan Sinabunq püskürmələrinin qurbanı olub.

31
Əlaqədar
Rusiyada vulkan püskürdü
Yüzillərlə açılmayan sirr yenidən araşdırılır
Çörəyi ver çörəkçiyə - Buradan da gəlir götürəcəyik
Vulkanların içində yatan sərvət - əlini uzat, götür
Taal vulkanı oyandı, əhalini köçürürlər - VİDEO
Beyrutda partlayış, arxiv şəkli

Çənədəki maska, Beyrut, nüvə silahı millətin imicini "yuyan" dovşan qanı

0
(Yenilənib 19:38 10.08.2020)
Təəssüf ki, bütün dünyanın nüvə silahından imtina edəcəyinə dair ümidlərin gerçəkliyə çevriləcəyi real görünmür...

BAKI, 10 avqust — Sputnik. 7x7 ötən həftənin ən yaddaqalan hadisələrini şərh edir

Optimallaşdırma

Ötən həftə dövlət müəssisələrinin ayıbları üzə çıxdı. Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə məlum oldu ki, dövlət şirkətlərinin əksəriyyəti nəinki büdcəyə gəlir gətirmir, ağır yük kimi dövlət onları belində daşıyır.

Müşavirədən bir gün sonra dövlət başçısının sərəncamı ilə yaradılan “Azərbaycan İnvestisiya Holdinqi” indi büdcədə “oturan” şirkətlərin xərclərinin optimallaşdırılması, izafi xərclərin qarşısının alınması funksiyasını yerinə yetirəcək. Yəni asfalt çəkib, sonra qazıb altından qalan “lopatka”nı çıxarmaq dövrü geridə qalır... 

Nazirlər Kabineti, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Yumşaltdıqca yumşalır

Ötən həftə karantin rejimi bir qədər də yumşaldıldı. Əksər bağlı müəssisə və obyektlər artıq iş başına qayıdır. Əlbəttə, bu, sevindiricidir. Aylardır, çətinliklə üzləşən, gəlirindəm məhrum olan xeyli insan yenidən işinə qayıdır. Bəli, dövlət bu dövr ərzində sosial paketlərlə vəziyyəti yüngülləşdirdi, vətəndaşına dəstək oldu. Ancaq iqtisadiyyatın hazırkı resessiyası dövlətin rezervlərinə də təsir edir, belə vəziyyət uzunmüddətli ola bilməz. İndi bizim üzərimizə nə düşür? Cəmi 3 nəsnəyə  - sosial məsafə, maska və gigiyenik vasitələrdən istifadə etməklə xəstələnməmək və yoluxdurmamaqla arzuolunmaz vəziyyətə qayıtmamaq. Yenidən evdə qalmaq istəmiriksə, cəmi 3 şərtə dəqiqliklə əməl etməliyik – məsələn, maskanı çənəmizə yox, nəzərdə tutulmuş nahiyələri ötrməklə taxmalıyıq.

Saxta dərmanlar

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ölkəmizdə aptek şəbəkələrindən kənarda fəaliyyət göstərən bir qrup dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb. Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib ki, ən yaxşı halda heç bir müalicəvi təsiri olmayan və hətta insan orqanizminə zərərli ola biləcək preparatları uydurma "alimlərin" adlarından geniş reklam edirlər.

Sərhəddə saxlanılan dərman preparatları
© The State Customs Committee of AR.

Bu həftə dərman həftəsidir, deyəsən - Qırmızı Körpü gömrük postunda ölkəyə gizli şəkildə keçirilmək istənilən dərman preparatları aşkarlanıb.

İşbazlar bazardakı tələbatı yaxşı izləyirlər və onları yalnız alver maraqlandırır. Səhihliyi təsdiqlənmədiyi üçün firmanın adını qeyd etmədən, bir hadisəni təəssüflə xatırlamalı oluram: Bir neçə il öncə dərman firmalarından birinin rəhbəri Almaniyada məşhur dərman istehsalçısının zavoduna gedərək, xahiş edir ki, dərmanın ən vacib və ən bahalı komponentini onun içərisindən çıxararaq xüsusi olaraq onun üçün ucuz qiymətə istehsal etsinlər. Təbii ki, “nemes”lər işbazı qapının kandarından qovurlar.

Görün, koronavirus əleyhinə vaksin çıxsa, bizi hansı hoqqalar gözləyir.

Onlayn narkotik bazarı

Sosial izolyasiya və qapanma tədbirlərindən irəli gələrək ticarətin əksər istiqamətləri onlayn xidmətə keçmişdi. Görünür, narkotik alverçiləri də rəqəmsallaşmadan, elektronlaşmadan ruhlanaraq bizneslərini yeni platformaya daşımaq qərarına gəliblər. Ticarətini sosial şəbəkələrdə reklam edən daha bir narkotik alverçisinin biznesinə yenə də polis mane olub.

“Instagram” sosial şəbəkəsində profil açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs - Bərdə rayon sakini Sənan Ağayev saxlanılıb. Türmə həyatı isə onlayn yaşanmır, Sənanın bunu və səhvini başa düşməsi üçün barmaqlıqlar arasında vaxtı olacaq.

Beyrut partlayışı

Başıbəlalı Livan yenidən alovlanır. Beyrutda ötən həftə baş verən partlayış hadisəsi ölkədə yeni vətəndaş müharibəsinin başlanğıcına çevriləcək kimi görünür. 

1975-ci ildə başlayıb, 1990-cı ilədək davam edən vətəndaş müharibəsi bu ölkəni əldən salmışdı – bu dövr ərzində ölkədə 150-230 minədək insanın öldüyü, 350 mindən çox insanın yaralandığı bildirilirdi. Müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşduğu Livanda uzunmüddətli sabitlik bərpa oluna bilməyib.

Görünür, coğrafi yerləşmə xalqların taleyinə, xoşbəxtliklərinə həmişə təsir edəcək...

Nüvə təhlükəsizliyi

BMT-nin baş katibi Antoniu Quterreş 1945-ci ildə ABŞ-ın Xirosima şəhərinə atom bombasının atılmasının 75-ci ildönümü günü çağırış edib. "75 il nüvə silahına sahib olmağın təhlükəsizliyi gücləndirməkdənsə, zəiflədiyini başa düşmək üçün hətta çoxdur", - baş katib bildirib və soyuq müharibədən sonra yaradılan nüvə silahlarına nəzarət müqavilələrinin indi təhdid altında olduğunu etiraf edib.

Təəssüf ki, bütün dünyanın nüvə silahından imtina edəcəyinə dair ümidlərin gerçəkliyə çevriləcəyi real görünmür. Və əgər nüvə silahı təhlükəsizliyə təhdiddirsə, ABŞ, Rusiya, Çin, Fransa kimi aparıcı ölkələr ondan bu vaxta qədər hansı səbəbdən imtina etməyib?! Gücün haqlı olduğu müasir dünyada, belə çıxır ki, nüvə silahı təhlükəsizliyi zəiflətmir.

Dovşan qanı

Qazaxıstanda 37 yaşlı azərbaycanlı qanunsuz yolla külli miqdarda pul əldə etmək üçün “tamaşa” qurub. Tez-tez qonaq getdiyi Almatıda özünü Qazaxıstana meyvə və tərəvəz gətirən iş adamı kimi təqdim edərək, partnyor axtarmağa başlayıb. Bu zaman onun tələsinə Nur-Sultandan olan biznesmen düşüb. 37 yaşlı kişi əmisi oğlu, onun dostu və sevgilisi ilə cinayət əməlini həyata keçirib. O, özünü oğurlatdırıb, daha sonra “oğrular” qazaxıstanlı biznesmenə səsli mesaj və azərbaycanlının qanlı fotosunu göndərib, onun sağ qalması üçün qazaxıstanlıdan 100 min dollar pul istəyiblər.

Biznesmen isə polisə müraciət edib. Aparılan araşdırmalar zamanı cinayətkarların əməlləri ifşa olunub. Bildirilib ki, əslində fotoda azərbaycanlının üzərinə tökülən dovşan qanı olub.

Qazaxıstan saytlarında isə böyükmiqyaslı “təbliğatı”mız gedib. Beləcə, ölkənin imici, nüfuzu üçün xərclənən vaxt və resursları, yaxşıların yaxşı əməllərini belə “soydaşlar” bir dovşan qanı ilə yuyub aparırlar.

0
Əlaqədar
Mayk Pompeo, ərəblərin gecikmiş atomu, sosial lift və xoşbəxtlik
“Gallup”, Türkiyənin əzələsi və "oh, my god!"
"Food City", “beşinci təkər” və Rəhim Qazıyev
XİN-dəki "Pole Çudes", Aya Sofya və nazirlə milçəyin fərqi
"Bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır