Dini nigah

Din xadimlərinə rəsmi səlahiyyət verilir - Təfərrüat

423
(Yenilənib 10:10 20.10.2017)
Dindar kəsim bu təklifdən məmnun olsa da, qarşı tərəf narazılıq edir

BAKI, 18 oktyabr — Sputnik. Türkiyədə müftilərə (imamlara) rəsmi nikah kəsmək icazəsi verən qanun layihəsi, müzakirə edilməsi üçün bir həftə əvvəl parlamentə göndərilib. Prezident Rəcəb Tayyib Ərdoğan, müftiliyə rəsmi nikah kəsmə haqqı verən təklifin məclisdə qəbul olunacağına inandığını söyləyib.

Sözügedən qanun layihəsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Dünyəvi kəsim hökumətin yeni qanun təklifinə sərt şəkildə qarşı çıxır. Onlar yeni qanunla, 18 yaşını tamamlamamış şəxslərin də evlənəcəyini, bu halın dünyəvi dövlət prinsiplərinə zidd olduğunu bildirirlər.

İnanclı təbəqə isə prosesdən məmnun görünür. Dindarlar düşünürlər ki, əgər qanun məclisdən keçsə, onların da evlilik işləri asanlaşar.

Ancaq bir məqam var ki, insanların çoxu qanun layihəsində yer alan bəzi maddələrdən xəbərsizdir. Təklifi tənqid edənlərin də, tərifləyənlərin də çoxu qanunda yer alan müddəaları tam olaraq bilmir.

Belə ki, AKP hökumətinin məclisə göndərdiyi təklifdə açıq şəkildə qeyd olunur ki, evlilik şərtlərində heç bir dəyişiklik yoxdur. Yəni, yaşı 18-i tamamlamayan şəxslərin rəsmi nikahını müfti (imam) də qanuniləşdirə bilməz. Nikah kəsilsə belə, o, rəsmi status daşımayacaq.

Siyasi şərhçi Güngör Gökdağ
© Foto : Güngör Gökdağ şəxsi arxivindən
Siyasi şərhçi Güngör Gökdağ

Məsələni, Misirin Əl-Əzhər Universitetinin məzunu, Türkiyənin Səlcuq Universitetinin əməkdaşı Güngör Gökdağ Sputnik Azərbaycan-a şərh edib. "Türkiyədə hər sahədə olduğu kimi, bu məsələdə də qütbləşmə yarandı. Bir qrup insan müftilərə rəsmi nikah kəsmə icazəsi verilməsinə qarşı çıxır, digər tərəf isə buna müsbət baxır" — deyə o bildirib.

"Qərb ölkələrində keşişin, yəhudilərdə ravvinin kəsdiyi nikahlar keçərli sayılır. Ona görə düşünürəm ki, Türkiyədə də sözügedən qanun layihəsi təklifinə müsbət yanaşılmalıdır. Çünki bu, türk millətinin uzun tarixi keçmişində və mədəniyyətində var" — Gökdağ bildirib.

Bununla belə, o, hesab edir ki, Türkiyədə xeyli sayda dünyəvi dövlət tərəfdarları var və qanun layihəsinin müzakirəsi zamanı onların da həssaslığı nəzərə alınmalıdır: "Ortada səhv anlaşılma var. Hökumət dəyişikliyin, sadəcə evlənmə prosesini asanlaşdıracağını düşünür. Yəni evlilik şərtlərini tənzimləyən qanunda hansısa dəyişikliyə gedilmir".

"Belə ki, parlamentə təklif edilən qanun layihəsində yaş kateqoriyası əvvəlki kimi qalır. Evlənmə yaşı yenə əvvəlki kimi — 18 olaraq qalır. 12, 14 yaşlı kimsə evlənmək üçün müraciət etsə, müfti onun nikahını rəsmiləşdirməyəcək. Hətta valideynin icazəsi olsa belə, bu nikah rəsmi sayılmayacaq" — ekspert deyib.

Güngör Gökdağ daha sonra əlavə edib: "Hökumətin əsas məqsədi evlilik prosesini asanlaşdırmaqdır. Tutaq ki, yaşı 18 və ya yuxarı olan inanclı şəxs iki dəfə nikaha girməyə məcbur qalmayacaq. Həm məmura müraciət et, həm da imama — bunlar olmayacaq".

"Qısası, dövlət inanclı insanların da işini asanlaşdırmaq üçün bu addımı atır. Bu günədək dünyəvi kəsim 1 dəfə nikaha girirdisə, inanclı insanlar iki proses keçmək məcburiyyətində qalırdılar. Sözügedən qanun qəbul olunarsa, dindar təbəqənin mənsubları da ikili əziyyətdən xilas olacaqlar" — müsahibimiz əlavə edib.

Mövzunu Sputnik Azərbaycan-a hüquq müdafiəçisi Murad Sadəddinov da şərh edib. Onun sözlərinə görə, ümumiyyətlə, son dövrlər Türkiyədə İslam dini ilə bağlı proseslər rəsmiləşdirilir: "Yəni, din dövlət qurumlarında daha çox rol almağa başlayır".

"Açığı Türkiyə ilə bağlı mənfi və ya müsbət rəy söyləmək çətindir. Çünki müsəlman ölkələr içərisində Türkiyə ən demokratik, ən aparıcı rola malik dövlətdir. Üstəlik, beynəlxalq aləmdə hər zaman Azərbaycanın yanında yer alır" — hüquqşünas bildirib.

Bununla belə, o, "şəxsən mən rəsmi nikahın ancaq dövlət məmuru tərəfindən kəsilməsinin tərəfdarıyam. Çünki əgər biz dünyəvi dövlətdən danışırıqsa, o zaman din dövlətdən ayrı olmalıdır, əks halda bu prinsip pozula bilər" deyə əlavə edib.

"Yanlış anlaşılmasın, dini kəbinə qarşı deyiləm. İnanclı insanlar istəyirlər ki, evliliklərini Allah qarşısında etsinlər. Bu, son dərəcə normaldır. Bunu məmur qarşısındakı nikahdan dərhal sonra din adamının yanına gedərək edə bilərlər. Ancaq söhbət burada dünyəvi dövlətdən gedir" — M. Sadəddinov vurğulayıb.

423
Teqlər:
Murad Sadəddinov, dünyəvi kəsim, inanclı kəsim, müfti, imam, dindar, Güngör Gökdağ, kəbin, nigah, Sputnik Azərbaycan, təklif, din, AKP, Türkiyə, Azərbaycan, qanun, hökumət
Əlaqədar
Hər 4 evliliyə 1 boşanma
Çoxunuzun hər gün izlədiyi evlilik proqramı ilə bağlı şok fakt üzə çıxdı
Evli qadınlarla sevgi yazışmalarından pul qazanan fırıldaqçılar peyda olub
Eyni cinslilərin nigahı: demokratiyanın təntənəsi və ya qürubu?
Kəbindənkənar övlad....