CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbəsi Lütfi Zadə ilə son görüşü barədə danışdı

© Photo : Facebook / norman.zada.1Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə
Çevik hesablamalar üzrə Berkli təşəbbüsünün direktoru Lütfi Zadə - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Rafiq Əliyev dünya şöhrətli alimin vəziyyətinin ağırlaşdığı və vəfat etdiyi barədə xəbərlərə münasibət bildirdi

BAKI, 10 avqust — Sputnik. ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Berkli Universitetinin professoru Lütfi Zadə bu ayın sonu Budapeştdə keçiriləcək beynəlxalq elmi konfransda fəxri sədr kimi iştirak edəcək.

Bu barədə Lütfi Zadənin yaxın dostu, tələbəsi və varisi olan professor Rafiq Əliyev məlumat verib.

Sputnik Azərbaycan Teleqraf-a istinadla xəbər verir ki, Rafiq Əliyev hər həftə Lütfi Zadə ilə danışdığını bildirib.

"Dünən mediada yayılan xəbərləri oxuyandan sonra Bakı vaxtı ilə gecə saat 1:00-da, yəni Kaliforniya vaxtı ilə gündüz saat 1-də evinə zəng edib özü ilə danışdım. Düşünürəm ki, belə yazılara ehtiyac yoxdur, bir var, kiminsə vasitəsilə danışasan, bir də var bilavasitə özü ilə. Zadə hazırda evdədir, səhhəti qaydasındadır" — deyə Rafiq Əliyev alimin səhhətinin pisləşməsi barədə mediada yayılan xəbərləri təkzib edib.

Hazırda xaricdə olduğunu qeyd edən Rafiq Əliyev bildirib ki, Lütfi Zadə ilə telefon danışığında avqustun 22-23-də keçirilməsi nəzərdə tutulan konfransı müzakirə ediblər.

"Yaxşı ki, zəng vurmusunuz. Camaatı bir az sakitləşdirmək lazımdır. 12 saat bundan qabaq özü ilə əlaqə yaratdım, bu ayın sonu Budapeştdə onun fəxri rəhbərliyi, mənimsə sədrliyimlə beynəlxalq konfrans keçiriləcək, həmin konfransı müzakirə elədik. Konfransa dəvətli olan dünyanın məşhur alimləri barədə danışdıq. Mənə dedi ki, onlara salam söylə. Həm də zəng vurduğuma görə mənə çox sağ ol dedi. Söhbətimiz belə qurtardı" — deyə R.Əliyev bildirib.

Xatırladaq ki, ötən gün Lütfi Zadənin səhhətinin pisləşməsi və Azərbaycanda dəfn edilmək arzusunu dilə gətirməsi haqda xəbərlər yayılmışdı. Bu gün isə sosial şəbəkələrdə onun vəfatı barədə qeyri-dəqiq məlumatlar dolaşırdı.

Xəbər lenti
0