“Müstəqil Kürdüstan ikinci İsrail deməkdir”

© AFP 2023 / Marwan IBRAHIMİraqın Kərkük şəhərində qaldırılmış İraq və Kürdüstan bayraqları
İraqın Kərkük şəhərində qaldırılmış İraq və Kürdüstan bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Mehmet Perinçek: "Türkiyə, İran və Suriya rəhbərliyi ABŞ-ın İraqla bağlı bu planını birləşərək boşa çıxarmaq məcburiyyətindədir. Rusiyanın da bu ittifaqa dəstək verəcəyini düşünürəm".

BAKI, 7 apr – Sputnik. İraqın şimalındakı Kürdistan Muxtar vilayəti tərkibində yer alan Kərkük şəhərindəki rəsmi binalara İraqın dövlət bayrağı ilə yanaşı Kürdüstan bayrağı asılmasına Türkiyə prezidenti Ərdoğan sərt reaksiya göstərib. 

"Kərkükdə dövlət bayrağı xaricində ikinci bir bayrağın asılması qətiliklə yanlış addımdır. Çünki “Kərkük kürdlərindir” fikri tamamilə cəfəngiyyatdır. Türkiyə olaraq biz bunu əsla qəbul etmirik. Kərkük türkmanı, ərəbi və kürdü ilə, orada yaşayan hərkəsindir. Yəni “sırf bizimdir” iddiasına girmək olmaz. Dərhal o bayraqları endirin. Yoxsa nəticəsi ağır olar” – prezident deyib.

Məsələyə Türkiyənin Xarici İşlər nazirliyi də münasibət bildirib. Nazirlik, Kərkük Vilayət Məclisində İraq Kürd Regional Rəhbərliyinin (IKBY) bayrağı ilə bağlı verilən qərarı narahatlıqla qarşılayıb. 

"Bu hərəkət Kərkükün statusu ilə bağlı təktərəfli addım hesab olunur. Habelə, bu istiqamətdə aparılan dialoqa zərər verəcək, ölkədə təhlükəsizlik və sabitlik cəhdlərinə mənfi təsir edəcək" — Türkiyə XİN bəyan edib.

Mövzunu Sputnik Azərbaycan-a türkiyəli tarixçi-yazar Mehmet Perinçek dəyərləndirib:

“Kərkük İraqa aiddir. O bölgəni sadəcə bir etnik qrupa aid etmək qəti yanlışdır. İraqın ərazi bütövlüyü içərisində yer almalıdır. Bu məsələ Türkiyə baxımından olduqca əhəmiyyətlidir. Çünki İraqın ərazi bütövlüyü, həm də Türkiyənin ərazi bütövlüyü deməkdir. Amerika Birləşmiş Ştatları müharibə ərəfəsində fürsətdən yararlanaraq İraqın şimalında oyuncaq bir rejim qurub və indi də qondarma "referendum" yolu ilə bu rejimin müstəqilliyi hədəflənir”. 

Yazara görə, ABŞ-ın bu planları sadəcə İraqla əhatəli deyil: “Bu kirli plan həm də İranın, Türkiyənin və Suriyanın da maraqlarına ciddi zərbədir. Hətta Rusiya üçün də təhlükəlidir deyə bilərik. Çünki Kürdüstanın müstəqilliyi gerçəkləşərsə, bu, Yaxın Şərqdə ikinci bir İsrail dövləti yaranmış olacaq anlamına gəlir. Bu da Rusiyanı ciddi narahat edir. Türkiyə, İran və Suriya rəhbərliyi Amerikanın İraqla bağlı bu planını birləşərək boşa çıxarmaq məcburiyyətindədir. Rusiyanın da bu üçlü ittifaqa dəstək verəcəyini düşünürəm”.

“Hazırki məqamda hesab edirəm ki, Kərkükdə rəsmi binalara asılan Kürdüstan bayrağı endiriləcək. Çünki bu addım beynəlxalq hüquqa, BMT qərarlarına uyğun gəlmir. Ona görə ki, ortada müstəqil Kürdüstan dövləti yoxdur. Olmayan bir dövlətin necə bayrağı ola bilər?!” — Mehmet Perinçek əlavə edib. 

“Görünür, Kürdüstan rəhbərliyi Kərkükdəki rəsmi binalara öz bayraqlarını asmaqla kimlərəsə arxalanır”. Bunu isə Sputnik Azərbaycan-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

“Artıq neçə ildir ki, Yaxın Şərqdə qan tökülür. Separatçılıq, terrorizm bütün regionu bürüyüb. Təbii olaraq da, bu kontekstdə kürdlərin fəaliyyəti güclənib. Onlar mövcud vəziyyətdən istifadə edərək, müstəqillik uğrunda mübarizəyə başlayıblar. Ancaq mən düşünürəm ki, bu özü özlüyündə boş bir həvəsdir. Çünki onları heç kəs tanımayacaq. Elə ilk olaraq rəsmi Bağdad hökuməti onların müstəqilliyini tanımayacaq və qəbul etməyəcək. Çünki muxtar bölgə olan Kürdüstan zonasında ancaq kürdlər yaşamır, orada türkmanlar və ərəblər çoxdur. Bayraq probleminin yaşandığı Kərkükdə əhalinin yarıdan çoxunu türkmanlar, daha sonra ərəblər təşkil edir. Kürdlər isə orada azlıqdır” — politoloq bildirib. 

Onun sözlərinə görə, Yaxın Şərqin indiki vəziyyətində həm Amerika, həm də Rusiya kürd silahlı dəstələrdən İŞİD-ə qarşı istifadə edir: "Kürdlər də, böyük güclərin onlara ehtiyac duyduğunu bildiyi üçün, döyüşmək qarşılığında öz siyasi gedişlərini edirlər. Qısası, fürsətdən yararlanırlar".

Politoloqun fikrincə, müstəqil kürd dövlətinin yaranacağı real görünmür: “Hətta kürdlərdən İŞİD-ə qarşı peşəkarcasına istifadə edən ABŞ və Rusiya özləri belə onların müstəqilliyini tanımayacaq”. 

Fikrət Sadıxova görə, əgər Şimali İraq Kürdüstan rəhbərliyi, tövsiyələri qulaq ardına vuraraq qanunsuz olaraq asdıqları bayrağı endirməsələr, rəsmi Ankaranın ultimatumlarını ciddiyə almasalar, Türkiyə öz sərhəd təhlükəsizliyini qorumaq naminə, bu bölgəyə hərbi əməliyyat gerçəkləşdirmək məcburiyyətində qala bilər. 

Xəbər lenti
0