Donald Tramp

Donald Tramp verdiyi qərarlarla zəif siyasətçi olduğunu sübut edir

101
(Yenilənib 16:36 04.02.2017)
Hüquqşünas: "Donald Trampın imzaladığı fərman irqçiliyin bir növdür. Buna başqa ad vermək olmur".

BAKI, 4 fev – Sputnik. ABŞ-ın yeni prezidenti Donald Trampın müsəlmanlara qarşı ayrı-seçkiliklə bağlı fərman imzalaması, üstəgəl Meksika ilə sərhədə divar hörmək barədə göstəriş verməsi yerli amerikalıları qəzəbləndirdiyi kimi, dünyada da geniş etirazla qarşılanıb. Hətta iş o yerə çatıb ki, Siettl Federal Məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. 

Donald Trampın yeni seçilməsinə baxmayaraq, söylədiyi fikirlər və atdığı addımlar müttəfiqi Avropanı da narahat etməyə başlayıb. Belə ki, Fransa prezidenti Fransua Olland Avropa ölkələrini ABŞ prezidenti Donald Trampa qarşı birləşməyə çağırıb. Olland bu birliyin olduqca vacib olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Donald Tramp çıxışlarında bir neçə dəfə Avropa İttifaqının parçalanmasını dəstəklədiyini söyləyib. Böyük Britaniyanın İttifaqdan ayrılma qərarını alqışladığını deyən Tramp, Fransadan da oxşar addım gözlədiyini demişdi.

Mövzunu Sputnik Azərbaycan-a dəyərləndirən millət vəkili Fəzail İbrahimli, yeni ABŞ prezidentinin təcrübəsiz olduğunu söyləyib: “Donald Tramp siyasət aləminə yeni gəlmiş adamdır. Və bu gəliş Konqresdən, Senatdan, yaxud qubernatorluqdan yox, birbaşa biznesdəndir. Onun heç bir siyasi təcrübəsi yoxdur. O, seçkiqabağı bəzi vədlər vermişdi. İndi də verdiyi vədlərini yerinə yetirmək istəyi ilə imzalar atır”. 

“Bu gün dünya öz oxundan çıxıb. Ataların bir misalı var: “Nə əkərsən, onu da biçərsən”. Müsəlman dünyasını bu günə salan Amerikanın keçmiş siyasətinin nəticəsidir. İndi qazdığı quyuya ABŞ özü düşüb. Burda söhbət Donald Trampdan getmir. Yaxın Şərqdə uzun illərdir tökülən qandır bu hadisələrə rəvac verən. Əfqanıstana qoşun yeritdilər, BMT-nin icazəsi olmadan İraqı işğal etdilər, Liviyanı bombalayıb, prezident Qəddafini al-qana boyadılar. İndi Amerika özü həmin prosesin əsirinə çevrilib” — Fəzail İbrahimli qeyd edib.

Millət vəkili, ABŞ ştatlarında davam edən anti-Tramp aksiyalarını isə belə dəyərləndirib: 

"Amerikanın konstitusiyası, qanunları var. Nə Tramp qanunlardan kənara çıxa bilər, nə də xalq qanunlar qarşısındakı cavabdehliyindən boyun qaçıra bilər. Bu hadisələr Trampı düşünməyə vadar edəcək. Xalqın küçələrə çıxması prezidentin ehtiyatlı davranmasına səbəb olacaq. Ola bilsin ki, o imzasını geri götürəcək”. 

Fransa prezidenti Fransua Ollandın Avropa qitəsini Donald Trampa qarşı birləşməyə çağırmasını da şərh edən Fəzail İbrahimli, Ollandın daxili auditoriyaya oynadığını bildirib: “Bu prosesdə Avropa biabırcasına pərt olub. Çünki avropalı liderlər ABŞ-dakı seçkidə demokratların qalib gələcəyini düşünürdü. Özlərini tam əminliklə buna hazırlayırdılar. İndi Avropa çox çətin vəziyyətə düşüb. Fransua Olland artıq son akkordlarını vurur, sırf daxili auditoriyaya oynayır. Bir az qitədə nüfuz qazanmaq, özünün və partiyasının gələcək karyerası üçün belə açıqlamalar verir”. 

Müsəlman ölkə vətəndaşlarına viza verilməməsinin rasist qərar olduğunu deyən hüquqşünas Murad Sadəddinov bu haqda Sputnik-ə danışıb: 

“Donald Trampın imzaladığı fərman irqçiliyin bir növdür. Buna başqa ad vermək olmur. Bu insanlara onların milli və dini mənsubiyyətinə görə məhdudiyyət qoyulub. Və bu bütün dünyada irqçilik adlandırılır. Bu gün Amerika ictimaiyyəti Trampın qərarlarına etirazlarını bildirir. Və biz bilirik ki, Nyu-York Federal Məhkəməsi onun imzaladığı fərmanı artıq ləğv edib. Bu qərar birbaşa insan hüquq və azadlıqlarına zərbədir və dərhal ləğv olunmalı idi. Sizə bir nümunə misal çəkə bilərəm. Fransada "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılacağı haqda qərar veriləndə mən söyləmişdim ki, son anda bu ləğv olunacaq. O cür də oldu. Fransanın Konstitusiya məhkəməsi bu qərarı ləğv elədi”. 

“Nəzərə almaq lazımdır ki, ABŞ özü miqrantlar ölkəsidir. Orada yaşayanlar hamısı mühacirlərdir. Bu baxımdan hesab edirəm ki, Trampın qəbul elədiyi qərarlar öz əksini tapa bilməyəcək. Amerika Birləşmiş Ştatlarında istər cəmiyyət, istər qeyri-hökumət təşkilatları və məhkəmə sistemi, istərsə kütləvi informasiya vasitələri, o cümlədən Konqresdə olan demokrat və respublikaçı senatorlar özləri Trampın fərmanına qarşı çıxırlar. Bu, sadəcə olaraq Donald Trampın zəif siyasətçi olduğunu, söylədiyi vədləri heç bir məsləhət almadan etdiyini göstərir” — Murad Sadəddinov deyib. 

101
Teqlər:
Nyu-York Federal məhkəməsi, Siettl federal məhkəməsi, Fransa Konstitusiya Məhkəməsi, Avropa İttifaqı, BMT, Murad Sadəddinov, Fəzail İbrahimli, Donald Tramp, Fransua Olland, Əfqanıstan, Liviya, Fransa, Yaxın Şərq, Meksika, Böyük Britaniya, İraq, ABŞ
Qoyun, arxiv şəkli

"Qissar"dan böyük "Araşan" var: Qırğızıstanda yeni qoyun cinsi qeydə alınıb

8
Yeni cins digərlərindən xeyli fərqlənir. Belə ki, bir yaşa çatan toğluların çəkisi 90 kiloqrama, böyük qoçların çəkisi isə 200 kiloqrama çatır.

BAKI, 7 may — Sputnik. Qırğızıstanda "Araşan" adlı yeni ətlik-piylik qoyun cinsi rəsmi qeydiyyatdan keçirilib. Sputnik Qırğızıstan xəbər verir ki, yeni cinsdən olan qoyunlar öz xüsusiyyətlərinə görə etalon sayılan "Qissar" cinsindən olan qoyunları xeyli qabaqlayır.

Bu cür qoyunlar hələ Sovet dövründən yetişdirilib. Lakin yeni cins kimi qeydiyyatdan cari ilin aprelin 15-də keçirilib.

Qırğızıstan elmi-tədqiqat heyvandarlıq institutunun Qoyunların yetişdirilməsi və seleksiyası şöbəsinin müdiri Rahatbek İbrayev bildirib ki, yeni cins "Qissar" və "qırğız iriyunlu" cinslərinin cütləşdirilməsi yolu ilə yetişdirilib.

"Nazirliyin əsasnaməsinə görə, yeni cinsi qeydiyyatdan keçirmək üçün həmin cinsdən 5000 baş heyvan olmalı və bütün heyvanlar eyni tipli olmalıdırlar. Hazırda Qırğızıstanda 5800 başdan çox "Araşan" var. Fermerlərin xahişi ilə tədqiqat keçirilib və məlum olub ki, yeni cins digərlərindən xeyli fərqlənir. Belə ki, bir yaşa çatan toğluların çəkisi 90 kiloqrama, böyük qoçların çəkisi isə 200 kiloqrama çatır", — deyə İbrayev bildirib.

Mütəxəssisin sözlərinə görə, hazırda "Araşan" cinsinin ölkə hüdudlarından kənarda populyarlaşdırılması istiqamətində iş aparılır. Bu məqsədlə sərginin keçirilməsi və xarici ölkə nümayəndələrinin dəvət olunması planlaşdırılır.

Qoyun Yetişdiriciləri İctimai Birliyinin sədri Mirlan Satıbekov isə "Araşan" qeydiyyatdan keçirildikdən sonra artıq beynəlxalq sərgilərdə də iştirak etməyin mümkün olduğunu dilə gətirib.

"Yeni cins "Qissar" cinsli qoçlarla rəqabət aparmaq qabiliyyətindədir və hətta onlardan daha böyükdür. Fermerlərdən biri özünün 220 kiloqramlıq qoçunu hətta 50 min dollara da satmır. Bu cinsin quzularının qiyməti isə 300 dollardır. Bizim heyvandarlar çoxlu sayda qoyun saxlamağa öyrəşiblər. Amma 100 baş cins erkək qoyun saxlamaq 500 baş adi qoyun saxlamaqdan daha yaxşıdır. Belə ki, cins qoyunlar daha çox ət verir və onları diri halda sərfəli qiymətə satmaq olar", — deyə Satıbekov bildirib.

Mütəxəssis onu da bildirib ki, "Araşan" cinsindən olan qoçları almaq istəyənlər Qoyun Yetişdiriciləri İctimai Birliyindən məsləhət ala bilərlər.

8
Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu, arxiv şəkli

Putin Netanyahu arasında kritik danışıq

11
(Yenilənib 21:24 07.05.2021)
Tərəflər təhlükəsizlik şurası, həmçinin xarici siyasət və iqtisadi qurumlar barədə dialoqun davam etdirilməsinə dair razılığa gəlib.

BAKI, 7 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu beynəlxalq məsələləri müzakirə ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.

Qeyd olunur ki, telefon danışığı zamanı liderlər Suriya nizamlanması da daxil olmaqla beynəxlaq gündəlikdə olan məsələləri müzakirə ediblər. Bildirilir ki, Benyamin Netanyahu Putini İsrail tərəfinin Kiyev nümayəndələri ilə əlaqələri barədə məlumatlandırıb. Tərəflər təhlükəsizlik şurası, həmçinin xarici siyasət və iqtisadi qurumlar barədə dialoqun davam etdirilməsinə dair razılığa gəliblər.

Putin və Netanyahu, həmçinin Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibəti ilə bir-birlərini təbrik ediblər.

11
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0