Qoduq, arxiv şəkli

Sərnişin avtobusuna eşşək mindirdilər

581
Dağıstan sakini öz eşşəyini Moskvaya avtobusla göndərmək istəyib

BAKI, 12 yan — Sputnik. Bu yazıdakı maraqlı hadisə Şimali Qafqazda baş verib. Dağıstan sakini öz eşşəyini Moskvaya avtobusla göndərməyə uğursuz cəhd edib. Kişi sərnişinlərin gülüş sədaları altında avtobusun sürücüsündən heyvanı yük yerində aparmağı xahiş edib.

Vətəndaş jurnalistikası ilə məşğul olan bir nəfər bu olayın videosunu çəkərək LifeCorr-a göndərib. Videoda Dağıstan sakininin sürücü ilə, sərnişin avtobusunun yük yerinə yerləşdirdiyi qoduğu (ulağın balası) Moskvaya necə aparmaq lazım gəldiyi barədə danışıqları əks olunub.

Qoduğu qucağında gətirən kişi sürücü ilə danışır ki, heyvanı maşına götürsün. "O, sakit və məzlumdur. Balaca olduğu üçün yük yerinə də asanlıqla yerləşəcək" — kişi sürücüyə deyir.

Sputnik Life-a istinadla xəbər verir ki, kişi eşşəyi Moskvaya göndərmək istəyib. Avtobusun sərnişinləri öz gülüşləri ilə təkdırnaqlı heyvanın uğursuz sahibinin işini çətinə salıblar.

"Sən onu hara aparırsan? Onun pasportu var?" — deyə sərnişinlər ulağın sahibindən zarafatla soruşublar. Amma avtobusun sürücüsü sərnişin nəqliyyatında heyvanı daşımaqdan qətiyyətlə imtina edib.

Nəticədə sahibi onu minik maşınının yük yerinə qoyub. Görünür, eşşək belə səyahətdən razı qalıb və yük yerində sakitcə, müqavimət göstərmədən oturub.

581
Teqlər:
qoduq, ulaq, eşşək, sərnişin, avtobus, Moskva, hadisə, sürücü
Əlaqədar
Sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək
Bakı Nəqliyyat Agentliyindən sərnişinlərə sürpriz
Təyyarədə girov götürülən sərnişinlər buraxılıb
Sərnişin təyyarəsi qaçırıldı
Yol polisi sərnişinlərə qarşı da reydlərə başlayıb
Rəhbərlik sərnişin avtobuslarında ciddi nöqsanlar aşkarladı
Ağ Ev

Dünyanın sonuna doğru addım. Strateji silahlarla bağlı sazişin bitməsi necə nəticələnəcək

21
Ağ Ev, güman ki, strateji hücum silahlarının azaldılması ilə bağlı müqaviləni (SHS-3) uzatmayacaq. Bu, iki nüvə fövqəldövləti – ABŞ və Rusiyanın hərbi gücünü məhdudlaşdıran son sənəddir.

BAKI, 14 iyul — Sputnik. Andrey Kots. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə görə, Ağ Evdə, güman ki, strateji hücum silahlarının azaldılması ilə bağlı müqaviləni (SHS-3) uzatmamaq qərarına gəliblər. Bu, iki nüvə fövqəldövlətinin hərbi gücünü məhdudlaşdıran son sənəddir. Beynəlxalq təhlükəsizlik sisteminin dağılması dünyanı necə təhdid edir? Ətraflı RİA Novosti-nin materialında.

Çini də qoşmaq

Jurnalistlərlə söhbətində XİN başçısı vurğulayıb ki, SHS-3 sazişinin uzadılmamasına görə təlaşa düşmək lazım deyil – Rusiya, hətta bu sazişsiz də təhlükəsizliyini təmin etmək iqtidarındadır. Lakin bu saziş çox vacib idi. SHS-3 sazişi 2010-cu il aprelin 8-də Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama tərəfindən imzalanıb. Sənəd 2011-ci ilin fevralında qüvvəyə minib və 2021-ci ildə qüvvədən düşür.

Müqavilə Rusiya və ABŞ arsenallarında nüvə döyüş başlıqlarının 1550-yə qədər, qitələrarası ballistik raketlərin, sualtı qayıqların və ağır bombardmançıların ballistik raketlərinin 700-ə qədər azaldılmasını nəzərdə tuturdu. SHS-3 sazişi ondan əvvəlki SHS-1 müqaviləsinin sona çatmasından bir il sonra imzalanıb. 2010-cu illərin birinci yarısında SHS-3 sazişinin uzadılmasına çox az adam şübhə edirdisə, Donald Trampın Ağ Evə gəlişindən sonra vəziyyət kəskin şəkildə dəyişib.

Amerika lideri Çinin də SHS-3 müqaviləsində iştirakını sazişin gələcək mövcudluğunun əsas şərtlərindən biri kimi göstərib. Çin Xarici İşlər Nazirliyinin silahlara nəzarət departamentinin direktoru Fu Tsun bunun yalnız iki halda mümkün olduğunu açıqlayıb: Çin nüvə arsenalını ABŞ arsenalının səviyyəsinə qaldırarsa və ya Vaşinqton öz arsenallarını ixtisar edərsə. Pekin üçün digər variantlar qəbuledilməzdir, çünki strateji potensialdakı böyük fərq nəzərə alınmır.

Vaşinqtonun irəli sürdüyü daha bir şərt Moskvanı qane etmir. İyulun əvvəlində ABŞ prezidentinin silahlara nəzarət məsələləri üzrə xüsusi nümayəndəsi Marşal Bilinqsli "Burevestnik" raketlərinin və "Poseydon" dronlarının layihələrini "dəhşətli" adlandırıb və onların SHS-3 sazişi ilə məhdudlaşdırıla bilmədiyindən bu layihələri bağlamağa çağırıb. Amerikalılar bundan əvvəl də yeni Rusiya silahlarının, o cümlədən, qeyri-nüvə hypersəs "Sirkon" raketlərinin məhdudlaşdırılmasında israr ediblər.

"Bu, yalnız onu göstərir ki, ABŞ-ın dünya liderliyini qorumaq üçün nüvə şantajından başqa vasitəsi qalmır", - hərbi elmlər doktoru Konstantin Sivkov RİA Novosti-yə izah edib.

"İqtisadi cəhətdən onlar artıq bəzi istiqamətlər üzrə Çindən, bir sıra hərbi texnologiyalarda isə (məsələn, hipersəs silahlarda) Rusiyadan geri qalırlar. Buna görə də bizi qabaqcıl texnologiyalardan imtina etməyə təşviq etməyə çalışırlar. Biz bu tələyə düşməməliyik", - Sivkov deyib.

Güzəştsiz mövqe

Lavrov vurğulayıb ki, Rusiya ABŞ-dan müqaviləni uzatmağı xahiş etməyəcək. Hərçənd Moskva həmişə müəyyən güzəştlərə getməyə hazır olub. Nazir qeyd edib ki, Rusiyanın ən yeni strateji sistemlərinin sayının SHS-3 çərçivəsində məhdudlaşdırılması imkanı amerikalılarla müzakirə edilib. Söhbət "Avanqard" hipersəs döyüş bloklarından və "Sarmat" ağır qitələrarası ballistik raketlərdən gedir.

"Digər üç sistem isə (qanadlı "Burevestnik" raketi, "Poseydon" sualtı dronu və hypersəs "Sirkon" raketi - red.) yenidirlər. Onlar SHS-3 müqaviləsinin əhatə etdiyi kateqoriyalara uyğun deyillər. Amma biz hazırkı razılaşma baxımından klassik olmayan silahların da müzakirə mövzusu olmasına dair söhbətə başlamağa hazırıq", – Lavrov bildirib.

Amma ABŞ-ın cavab güzəştlərinə gedəcəyi ehtimalı azdır. Vaşinqton dəfələrlə güzəştsiz fikirlər səsləndirib: "Ya siz bizim şərtlərimizə qeyd-şərtsiz razılıq verirsiniz, ya da biz müqavilədən çıxırıq".

Belə çıxır ki, nə Rusiya, nə də Çin öz milli maraqlarını nəzərə almadan amerikalıların iddialarına razılaşmaq fikrində deyillər. Mütəxəssislərin fikrincə, SHS-3 müqaviləsinin uzadılması şansı azdır. Bu isə o deməkdir ki, bütün beynəlxalq təhlükəsizlik sistemi tamamilə dəyişəcək.

Keyfiyyət əvəzinə kəmiyyət

"Əgər hərbi sahədə beynəlxalq təhlükəsizlik sistemindən danışırıqsa, etiraf etmək lazımdır ki, bu sistem artıq yoxdur. Bu sistem SSRİ və ABŞ, daha sonra Rusiya və ABŞ arasında razılaşmalara əsaslanırdı. Soyuq müharibənin kəskin münaqişəli vəziyyətlərində hərtərəfli nizamlanan bu sistem Vaşinqtonun təşəbbüsü ilə dağıdılıb", - Rusiyanın "Vətən Arsenalı" jurnalının baş redaktoru Viktor Muraxovski vurğulayır.

Ekspert deyib ki, hələlik qüvvədə olan SHS-3 ilə yanaşı yalnız Raket texnologiyalarına nəzarət rejimi haqqında Müqavilə qalır. Lakin amerikalılar bu sənədi də dəyişməyə çalışırlar. İyunda "Reuters" agentliyi ABŞ hərbi-sənaye kompleksindəki və ölkə rəhbərliyindəki mənbələrə istinadən xəbər verib ki, Ağ Ev müqavilənin müddəalarına yenidən baxmaq və müxtəlif ölkələrə daha çox hərbi pilotsuz uçan aparatlar satmaq niyyətindədir. Bu, çətin ki, sazişin digər iştirakçılarını razı salsın.

"Təəssüflə qeyd etmək olar ki, indi hər şeyi yenidən qurmaq lazım olacaq. Prezidentimiz artıq BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün bu məsələnin müzakirəsi üçün görüşməsi təşəbbüsü ilə çıxış edib. Lakin Vaşinqton və Londonun siyasəti və mövqeyi göstərir ki, bu təşəbbüsün perspektivləri minimaldır", - Muraxovski qeyd edib.

Ekspert Rusiya və ABŞ arasında yeni silahlanma yarışının kəmiyyət baxımından olacağını hesab etmir. Lakin strateji silahlar sahəsində texnoloji üstünlük uğrunda mübarizə qızmar olacaq.

21
İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif

İrandan Azərbaycana dəstək

864
Nazir Məhəmməd Cavad Zərif İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı məlum mövqeyini təkrar edib.

 

BAKI, 14 iyul — Sputnik. 14 iyul 2020-ci il tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan AR XİN Mətbuat xidməti idarəsinə istinadən məlumat verir.

Nazir Elmar Məmmədyarov İranlı həmkarını Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat, hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik və mövcud vəziyyət barədə məlumatlandırıb. Ermənistan təcavüzünün bölgədə əsas təhlükə mənbəyi olduğu qarşı tərəfin diqqətinə çatdıran nazir Elmar Məmmədyarov işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarılmasının zəruriliyini vurğulayıb.

Nazir Məhəmməd Cavad Zərif İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı məlum mövqeyini təkrar edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasının İran İslam Respublikasının regional strategiyası olduğunu bildirib. O, münaqişənin həllinin irəlilədilməsi üçün İranın dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib.

864
Quşçuluq ferması

Quşçuluq təsərrüfatları çətin dönəmdə - Yeməyə toyuq tapmayacağıq

0
"Quş yemi idxalı bahalaşıb. Yemin qiyməti artsa da, quş ətinin yerli istehsalında qiymət artımı yoxdur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. "Quşçuluq təsərrüfatlarında çətinlik var. İşçilərin sayının azalması istehsala təsir edir".  Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev söyləyib. O bildirib ki, quş yeminin xaricdən gətirilməsi pandemiya dövründə istehsala təsirsiz ötüşməyib: "Quş yemi idxalı bahalaşıb. Yemin qiyməti artsa da, quş ətinin yerli istehsalında qiymət artımı yoxdur".

A.Vəliyev qanunsuz quş əti istehsalı məsələsinə də toxunub. O bildirib ki, belə gizli sexlərin aşkarlanması vacibdir: "Nəzarətsiz istehsal edilən quş ətləri, onlara vurulan maye araşdırılmalıdır. Bunu edənlər cinayətkardır. Quş əti istehsalı ilə qanuni məşğul olan şirkətlərin istehsal etdikləri məhsulun üzərində zəruri qeydlər olur. Məhsulun harada, nə vaxt istehsal edildiyi əks olunur. Amma bu gün gizli sexlərdə quş ətinə vurulan mayenin tərkibi məlum deyil".

0