Dövlət başçısı söyüş söyməyəcəyinə and içdi

© REUTERS / Issei KatoRodriqo Duterte
Rodriqo Duterte - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident: Təyyarədə Tanrı ilə danışdım və ona söz verdim ki, bir daha tərbiyəsiz sözlər danışmayacağam.

BAKI, 28 okt — Sputnik. ABŞ lideri Barak Obama və digər dünya liderlərinə ağzına gələni deməsi ilə məşhur olan Filippin prezidenti təyyarədə Tanrı ilə danışdığını və bir daha söyüş söyməyəcəyinə söz verdiyini deyib.

Yaponiya səfərinin ardından Filippinin cənubundakı Davaoya qayıdan Rodriqo Duterte deyib: “Təyyarədə hamı yatarkən göy üzünə baxdım və “Əgər söyüş söyməyi tərgitməsən, bu təyyarəni dərhal düşürərəm” deyə bir səs eşitdim. Öz-özümə “bu kimdir?” dedim. Təbii ki, Tanrı idi.”

Duterte, bundan sonra bir də heç vaxt söyüş söyməyəcəyinə, kimsəni təhqir etməyəcəyinə və pis sözlər danışmayacağına dair Tanrıya söz verdiyini bildirib. 

Duterte, Tanrıya verilən sözün Filippin xalqına verilmiş söz olduğuna inandığını vurğulayıb. Bu nitqi ilə böyük alqış qazanan dövlət başçısı zarafatla “çox da alqışlamayın, yoxsa yoldan çıxaram” deyə bildirib. 

Keçən il Papa Fransisklə görüşmək üçün getdiyi Vatikanda söyüş söyməsi ilə gündəmə gələn Duterte, daha sonra üzr istəmişdi.

Filippin lideri ötən ay da ABŞ prezidenti Barak Obamaya qarşı təhqiramiz ifadə işlətməsi ilə gündəmə gəlmişdi. Filippin prezidenti narkotik maddə ilə mübarizədə heç kəsin onu tənqid edə bilməyəcəyini bildirərək, ABŞ və Obamanı ağır sözlərlə təhqir etmişdi.

Üslubuna görə Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Trampa bənzədilən Dutertenin verdiyi sözə əməl edib-etməyəcəyi maraqla izlənir. 

Prezidentlik kampaniyasında narkotik alverçiləri və istifadəçiləri ilə bağlı sözləri ilə müzakirə obyekti olan Duterte demişdi ki, “əgər narkotikdən istifadə edərlərsə, öz uşaqlarımı belə öldürərəm”. 

Narkomanlar haqqında “Bu cinayətkarların 10-nun həyatı önəmlidirmi? Əgər bu ağrını mən çəkirəmsə, bu axmaqların 100-nün həyatı mənim üçün nə isə ifadə edə bilər?" deyən Duterte “narkotikdən istifadəyə görə öldürmək” məsələsinin beynəlxalq hüquqa görə cinayət olduğunu qeyd edən BMT nümayəndələrinə “axmaq” demiş və onları BMT-dən çıxacağı ilə hədələmişdi. Amma sonra Duterte, zarafat etdiyini bildirmişdi. 

Xəbər lenti
0