BAKI, 16 iyun — Sputnik. ABŞ-ın Orlando şəhərində gecə klubunda baş verən qətliamdan günlər keçsə də hadisənin törədilmə detalları haqda müzakirələr hələ davam edir. Bir çox siyasi ekspertlər olub-bitəni adi terror hadisəsi kimi qələmə versə də, politoloq Fərhad Mehdiyev məsələyə tamamilə fərqli rakursdan yanaşıb.
Politoloq iddia edir ki, Orlandoda gey klubda yaşanan qətliamda Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) əli var.
"Həmin gecə klubunda olan faciəyə heç kim aldanmasın. Bunun Amerikanın dərin dövləti tərəfindən planlandığını anlamaq elə də çətin deyil. Hadisəni kim törədib? Müsəlman (Donald Trampın hədəfindəki ünsürlər). Kimə qarşı? Mavilərə (Demokratların dəstəkçilərinə). Buradakı haqq-hesab olduqca aşkardır. Əsas məqsəd, qərarsız olan seçicilərin səslərini demokrat namizəd Klintondan qoparıb D.Trampa keçirməkdir".
Fərhad Mehdiyevin sözlərinə görə, bu cür hadisələri təşkil etmək MKA üçün adi bir şeydir:
"Görünən odur ki, amerikan dərin dövləti Demokratların passiv xarici siyasətindən bezib və Respublikaçıların aqressiv xarici siyasətinə ehtiyac hiss edir."
F.Mehdiyevin iddialarının doğru ola biləcəyini Sputnik-ə söyləyən türk politoloq Ahmet Şimşek digər bir ehtimaldan da bəhs edib:
"CİA və dərin dövlətin hadisədə əli olduğu ehtimalı var, əlbəttə. Amma digər bir ehtimalı da gözdən qaçırmamalıyıq. Məhəmməd Əlinin ölümü ilə dünya bir anda İslam dininə kökləndi. Məşhur müsəlman boksçunun Vyetnam müharibəsinə getmədiyi və çox haqlı səbəbləri danışılmağa başlandı. Gənc nəsil ABŞ-ın yalnız indi deyil, yarım əsrdir dünyanın ən uzaq yerlərinə belə öz mənfəətləri üçün əsgər göndərdiyini öyrəndi. Bu vəziyyətdən Amerikalı idarəçilər narahat olaraq yenidən terrorla İslamı yan-yana gətirməyə çalışmış ola bilərlər".
Politoloq Razi Nurullayev isə Sputnik-ə ekspertlərin fikri ilə razı olmadığını, baş verən terrorun seçki ilə əlaqələndirilməsinin yanlış olduğunu söyləyib:
"Müasir dünyada heç nəyi istisna etmək olmaz. Doğrudur ki, baş verən hadisə Donald Trampın lehinə işləməkdədir. Lakin, ekspertlərin fikri ilə razılaşa bilmərəm. Çünki, bu hadisə seçki ərəfəsində baş versəydi, razılaşmaq olardı, amma indiki halda bu inandırıcı görünmür. Real səsverməyə qədər 5 ay məsafə var. 5 ay ərzində çox sular bulana və durula bilər. Düşünürəm ki, mavilərə qarşı törədilən terrorun namizədlərə bağlılığı çox azdır".
Bununla belə R.Nurullayev Orlandodakı terrorun seçkilərə ciddi təsir edə biləcəyini qeyd edib:
"Bu hadisə seçkilərə ciddi təsir göstərmək iqtidarındadır və bu daha çox Respublikaçılara uğur gətirə bilər. Amerika cəmiyyəti doğurdan da, Demokratların passiv xarici siyasətindən yorulmuş kimi görünürlər."
Politoloq deyib ki, əslində, Respublikaçıların uduş şansı çoxdur, amma namizədlərinin şəxsiyyətinə münasibət birmənalı deyil. Onun üçün də Donald Trampın imicinin düzəlməsi və eyni zamanda Amerika cəmiyyətinin özünün Trampa uyğunlaşdırılması prosesinin başlanması da realdır.
"Seçkilər yaxınlaşdıqca, sürpriz hadisələr ard-arda da düzülə bilər. Bu proseslər ya Donaldı prezident kürsüsünə daşıyacaq, ya da seçki başlamamış iflasına aparacaq" — deyə R.Nurullayev əlavə edib.
Xatırladaq ki, iyunun 12-də Florida ştatının Orlando şəhərində yerləşən "Pulse" gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. Hadisənin əfqan əsilli Ömər Martin tərəfindən törədildiyi qeyd olunub.
BAKI, 9 mart - Sputnik. Gürcüstanın Martvili şəhərindəki Çkondid yeparxiyasında baş verən dava zamanı on nəfər eyvandan yıxılıb, onlardan altısı xəsarət alıb.
Sputnik Gürcüstan xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb.
Məlumata görə, yeni hakim mitropolit Stefanın sədrliyi ilə keçirilən qapalı iclasda ruhanilər arasında yaranmış mübahisə dava ilə bitib.
Çkondid və Martvilinin yeni mitropoliti Stefan ata keçmiş mitropolitin tərəfdarı olan iki dyakonun ibadət etməsini qadağan edib.
Bundan sonra yeparxiya xadimləri arasında qarşıdurma yaranıb. Kilsə və pastva xadimləri münasibətlərə aydınlıq gətirmək istəyiblər. Qarşıdurma binanın ikinci mərtəbəsinin eyvanında davam edib. Nəticədə taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstanın Formula-1, POSTV, TV Pirveli, Rustavi 2 telekanallarının jurnalistləri və operatorları da olub.
Xəsarət alanlar təcili yardım briqaları tərəfindən xəstəxanaya aparılıb. Gürcüstan Patriarxlığı hələlik Çkondid yeparxiyasında baş verənləri şərh etməyib.
Gürcüstanın Daxili İşlər Nazirliyi Martvili rayonundakı Çkondid yeparxiyasında baş verən dava faktı ilə bağlı cinayət işi qaldırıb. "Ehtiyatsızlıqdan sağlamlığa zərər vurma" maddəsi üzrə təhqiqat aparılır. Gürcüstan qanunvericiliyinə görə, bu maddə özündə inzibati cərimələri və yaxud iki ilə qədər islah işlərini nəzərdə tutur.
BAKI, 8 mart - Sputnik. Türkiyənin məşhur aktyoru, Azərbaycanda da öz rolları ilə çox sevilən Rasim Öztəkin infarkdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Sputnik Türkiyə xəbər verir ki, Öztəkin, infakt keçirdikdən sonra Doktor Siyami Ersek Sinə, Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) March 8, 2021
Öztəkinin vəziyyəti ilə bağlı bir qədər əvvəl mətbuata açıqlama verən həkimi, professor Cevdet Uğur "xəstənin həyati təhlükəsi var və vəziyyəti ağır olaraq qalır" demişdi.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca isə Öztəkinin vəfat etdiyini bildirib. O, sosial media hesabında "edilən bütün müdaxilələrə baxmayaraq, Rasim Öztəkin həyatdan köçüb", - yazıb.
"Serial, teatr və kino aktyoru Rasim Öztəkin, keçirdiyi infarktdan sonra Doktor Siyami Ersek Sinə, Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. O, televiziyanın olduğu hər bir evdə ailədən biri idi. Başımız sağ olsun", - nazir yazıb.
— Sputnik Türkiye (@sputnik_TR) March 8, 2021
Qeyd edək ki, Rasim Öztəkin Azərbaycan izləyicisinə "Səksənlər", "Geniş ailə" teleseriallarından, "Kabadayı", "Mandıra filosofu" və digər filmlərindən tanış idi.
O, 14 yanvar 1959-cu ildə İstanbulda anadan olmuşdu.