CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Terrorizm-2015: ölkələr hesabatı” açıqlandı

© AFP 2023 / Paul J. RichardsABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Sənəddə Azərbaycanın terrorizmlə mübarizəsinə geniş yer verilib.

BAKI, 3 iyun — Sputnik. ABŞ Dövlət Departamentinin Antiterror və Zorakı Ekstemizmə qarşı Mübarizə Bürosu 2015-ci ildə dünya ölkələrinin terrorizmlə mübarizəsinə dair hesabatını yayımlanıb. “Terrorizm-2015: ölkələr hesabatı” adlandırılan sənəddə Azərbaycanın terrorizmlə mübarizəsinə də geniş yer verilib. 

Qeyd olunub ki, Azərbaycan terrorizmlə mübarizə sahəsində ABŞ-la güclü əməkdaşlıq edib. İnsanların terror təşkilatlarına axınının qarşısı alınıb, Azərbaycan Qafqaz vasitəsilə terror təşkilatlarına pul və maddi dəstək verilməsinə qarşı mübarizədə səylərini artırıb. 

Burada Azərbaycanın terrorla əlaqədar qanunvericilik bazasını gücləndirdiyi, terrorizmlə mübarizəyə dair yerli qanunlar və qoşulduğu beynəlxalq sənədlərin imkan verdiyi çərçivədə çoxsaylı şəxslərin terror cinayətlərinə təşəbbüslərinin qarşısını aldığı, külli miqdarda qanunsuz silah və sursatı müsadirə etdiyi, xarici terror düşərgələrinə gedən döyüşçülərin ölkəyə qaytarılmasına və cinayət məsuliyyətinə cəlb olunmasına nail olduğu bildirilir. 

Sənəddə Azərbaycanın İraq Şam İslam Dövlətinə (İŞİD) qarşı fəaliyyəti xüsusilə qeyd olunub. Göstərilib ki, azərbaycanlıların İŞİD terorçularının tərəfində İraq və Suriyada döyüşməsinin qarşısının alınması üçün ölkə mümkün olan hər şeyi edib. Azərbaycan rəhbərliyi, Dini Qururmlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi İŞİD, Əl-Qaidə kimi terror təşkilatları əleyhinə ciddi ideoloji iş aparıblar. Azərbaycanın Xarici İşlər Nazirliyi ötən il dekabrın ortalarında Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılmış müsəlman dövlətlərinin antiterror koalisiyasına qoşulma ilə bağlı niyyətlərini açıqlayıb. 

Hesabatda Azərbaycanın terrorizmlə mübarizəyə dair qəbul etdiyi qanunvericilik və bu barədə qoşulduğu beynəlxalq sənədlər sadalanıb. Ölkəmizin hüquq-mühafizə və təhlükəsizlik orqanlarının terrorizmlə mübarizəni tənzimlədikləri bildirilib. 

Qeyd olunub ki, Azərbaycan terrorizmlə mübarizədə daha fəal iştirak etmək məqsədilə 2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyində struktur islahat aparıb. MTN-in bazası əsasında iki mühüm təhlükəsizlik orqanı – Dövlət Təhlükəsizlik Xidməti və Xaricdə Kəşfiyyat Xidməti yaradılıb.

Azərbaycanda əsas hüquq-mühafizə orqanının Daxili İşlər Nazirliyi olduğu, bu nazirliyin nəzdində terrorizmə və kütləvi cinayətlərə qarşı mübarizə aparan iki idarənin — Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsi, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin olduğu qeyd edilib. Bununla yanaşı, respublikanın Baş Prokurorluğunun da terrorizmlə mübarizə sahəsində məsuliyyət daşıdığı, insanlığa qarşı sui-qəsdlərin və terror aktlarının törədilməsinin qarşısının alınması məqsədilə prokurorluğun müvafiq istintaq və təhqiqat işləri apardığı bildirilib. 

“Azərbaycan hökuməti aşkar surətdə terrorun qarşısını almaq üçün səmərəli fəaliyyət nümayiş etdirib” – deyə sənəddə bildirilir. 

Azərbaycanın terrorçuların ölkəyə girişini, çıxışını, hərəkətini diqqətdə saxlamaq, onların törədə biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə hava və dəniz limanlarında biometrik informasiyanın toplanması üçün tədbirlər gördüyü qeyd olunub. Azərbaycanın bu məlumatları digər ölkələrlə də bölüşdüyü vurğulanıb. Bildirilib ki, Azərbaycan terrorçuluq və zorakı ekstremizmlə məşğul olan, bununla əlaqədar beynəlxalq axtarışa verilmiş bir sıra şəxslərin həbsini və onların müvafiq ölkələrə təhvil verilməsini reallaşdırıb.    

Sənəddə 2015-ci ilin 4 dekabrında Milli Məclisdə “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəyə çıxarıldığı və qəbul edildiyi, ölkənin Cinayət Məcəlləsində terrorizm və ekstremizmlə bağlı müvafiq dəyişikliklər aparıldığı qeyd olunub. Dini mərasimlərin xaricdə dini təhsil almış vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən aparılması, dini qaydaların pozulmasına qarşı sərt tədbirlərin görülməsi, dini ekstremizm törədən şəxslərin həbsi, yaxud da onlara qarşı 600 ABŞ dollarından 3000 dollara qədər cərimələrin tətbiqinin nəzərdə tutulduğu vurğulanıb. 

Hesabatda Bakının Nardaran kəndində daha əvvəl siyasi məhbus olmuş Tale Bağırzadənin rəhbərlik etdiyi dini ekstremizm və dövlət çevrilişinə cəhddə ittiham edilən şəxslərlə bağlı DİN-in xüsusi əməliyyat keçirdiyi, onların həbs edildiyi bildirilib. 

Sənəddə Azərbaycanda hüquq müdafiəçilərinin saxta ittihamlarla həbs olunmasına, maliyyə institutlarının və bankların apardığı bəzi maliyyə əməliyyatlarına da toxunulub. Azərbaycanın üzvü olduğu və əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar, onun öhdəlikləri sadalanıb. 

Zorakı ekstremizmə qarşı mübarizədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycanda fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsinin birgə addımları, onların dini məsələlərə nəzarət etmək üçün gördüyü işlər, məscidlərdə şiddətə və zorakılığa qarşı çağırışların edilməsi müsbət qiymətləndirilib. Azərbaycanın ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarda fəal iştirakını, NATO ilə terror əleyhinə birgə fəaliyyətini davam etdirdiyi qeyd olunub.

Xəbər lenti
0