Sergey Lavrov, Səudiyyə Ərəbistanlı həmkarı Adil Cubeyr ilə

Moskvada ərəb-rus gərginliyi

77
Adil Cubeyr: Suriyada 12 milyon insan öz ölkəsini tərk edib, 400 mindən çox adam öldürülüb. Ölkə xarabalığa çevrilib.

BAKI, 27 may – Sputnik. Moskvada Rusiya ilə Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurasının (KİK) 4-cü Strateji Dialoq Toplantısı keçirilib.

Sputnik xəbər verir ki, yığıncaqdan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Səudiyyə Ərəbistanlı həmkarı Adil Cubeyr ilə birgə mətbuat konfransı təşkil edib.

Adil Cubeyr çıxışında, Rusiya ilə KİK ölkələri arasındakı ticari, iqtisadi, investisiya və digər sahələrdəki əməkdaşlığı müzakirə etdiklərini, eyni zamanda regional problemlərə də toxunduqlarını bildirib. 

Ərəb nazir, Suriya məsələsində Moskva ilə eyni düşüncədə olmadıqlarını bəyan edib:

“400 mindən çox günahsız insanın qatili Bəşər Əsədin gələcəyinə dair Rusiya ilə düşüncələrimiz üst-üstə düşmür. Biz əlimizdən gələni edəcəyik ki, B.Əsəd o vəzifədə qalmasın. Gec-tez bunu bacaracağımıza inanıram. Təəssüflər olsun ki, Moskvadakı həmkarlarımız bizim kimi düşünmür”. 

Adil Cubeyrin sözlərinə görə, Suriya böhranın həlli variantı mümkündür. Və bu ancaq Cenevrə razılaşmasına əməl olunmaqla həllini tapar. 

“Suriyada 12 milyon insan öz ölkəsini tərk edib, 400 mindən çox adam öldürülüb. Ölkə xarabalığa çevrilib. Və bütün bunların səbəbkarı Bəşər Əsəddir. O necə o postda qala bilər? Bu problemin yeganə həll variantı Cenevrə razılaşmasına əməl etməkdir. Yəni Bəşər Əsədsiz keçid hökuməti dərhal qurulmalıdır”, — deyə A.Cubeyr bildirib. 

Öz növbəsində Sergey Lavrov deyib ki, Bəşər Əsədin siyasi gələcəyini ancaq Suriya xalqı təyin edə bilər:

“Suriya probleminin həlli, Beynəlxalq Dəstək Qrupu və BMT Təhlükəsizlik Şurasında alınan qərarlara riayət edilməsindən keçir.  Bütün daxili və xarici aktyorlar götürdükləri öhdəliklərə riayət etməlidir. Əsədin gələcəyi mövzusunda münasibətimiz dəyişməyib. Onun taleyini Suriya xalqı özü həll etməlidir”. 

77