BAKI, 23 may — Sputnik. ABŞ prezidenti Barak Obama Vyetnama üç günlük rəsmi səfərə gedib. Burada Vyetnamın dövlət başçısı Tran Dai Quanq ilə görüşən Obama son illərdə əldə etdiyi uğurlarına görə Vyetnamı təbrik edib.
Sputnik milliyet-ə istinadla xəbər verir ki, Obama bu səfərin ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyini qeyd edərək, ABŞ-ın Vyetnam müharibəsindən bəri, bu ölkəyə tətbiq etdiyi silah embarqosunu qaldırmaq qərarı verdiyini söyləyib.
ABŞ rəhbərliyi 2013-cü ildə Vyetnam ilə Strateji Əməkdaşlıq Sazişi və 2015-ci ildə də ABŞ-Vyetnam Ortaq Görüş Sazişini imzalayıb. 2014-cü ildə də Vyetnama tətbiq olunan silah embarqosu qismən qaldırılmışdı. Cənubi Çin dənizində Çinin iddialarına qarşı çıxan Vyetnam, silah embarqosunun tamamilə qaldırılmasını istəyirdi.
Barak Obama iki ölkə arasındakı əlaqələrin 1995-ci ildə yenidən başlamasından sonra, bu ölkəyə səfər edən üçüncü ABŞ başçısı oldu. Bundan əvvəl Bill Klinton (2000-ci il) və Corc Buş (2006-ci il) paytaxt Hanoya səfər etmişdi.
Qeyd edək ki, 1965-ci ildən 1973-cü ilədək davam edən Vyetnam müharibəsində 58 min amerikalı əsgər həyatını itirmişdi. İki ölkə arasında ticarət həcmi 45 milyard dollar ətrafındadır. Vyetnama səfəri başa çatdıqdan sonra Obama Yaponiyaya gedəcək və burada ikinci Dünya Müharibəsində ABŞ-ın atom bombası atdığı Xirosimanı ziyarət edəcək.
Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 26 yanvar — Sputnik. "Biz Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə nəzərdən keçirdik. Biz yanvarın 11-də Rusiya və Azərbaycan prezidentləri, həmçinin Ermənistanın Baş nazirinin görüşündə əldə olunan razılaşmalar barədə (qonağı) məlumatlandırdıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
"Bu görüşdə region ölkələrinin də iştirakı ilə Cənubi Qafqazda iqtisadi, nəqliyyat və digər əlaqələrin bərpası üçün əməkdaşlığa dair qərar qəbul edilib. Biz əminik ki, bu iş Dağlıq Qarabağ ətrafında vəziyyətə dair qalan siyasi aspektləri ədalətli əsasda, Azərbaycan və Ermənistan xalqları, həmçinin onların qonşularının maraqları çərçivəsində tam həll etməyə imkan verəcək", - deyə Lavrov qeyd edib.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
BAKI, 26 yanvar — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyində (XİN) kütləvi şəkildə istefa ərizəsi təqdim edən peşəkar diplomatların sayı artır. Sputnik Azərbaycan Ermənistanın "Past" qəzetinə istinadən xəbər verir ki, Ermənistan XİN-ə onlarla istefa ərizəsi təqdim olunub.
"XİN rəsmisi qəzetə müsahibəsində qeyd edib ki, istefalar Ermənistan rəhbərliyinin anlaşılmaz xarici siyasəti və Paşinyanın bir sıra siyasi xadimləri səfir təyin etmək istəyi ilə bağlıdır. Yəni təcrübəli və peşəkar diplomatlar Nikol Paşinyanın bu sahədə siyasi və "biabırçı dərəcədə zəif" təyinatlarından narazıdırlar.
Nəşr yazır ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Baş nazir Nikol Paşinyanla da münasibətləri hamar deyil. Belə ki, Ayvazyan nazir təyin olduğu qısa zaman ərzində dəfələrlə Baş nazirin fikirləri ilə razı olmadığını bildirib.
"Bizdə olan məlumata görə, yaxın vaxtlarda Ayvazyanın özünün də istefası mümkündür", - deyə nəşr yazır.
BAKI, 26 yanvar — Sputnik. Abşeron rayonunun Xırdalan şəhərində partlayış baş verən ikimərtəbəli evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib. R.Əliyevin sözlərinə görə, hadisə yerində mütəxəssis araşdırmaları davam edir: "Ərazidə heç bir yeraltı qaz kəməri yerləşmir. Partlayış həyət evinin daxilində baş verib. Hadisənin qaz sızmasından, yaxud balon qazından baş verdiyi məlum deyil. Bununla bağlı müvafiq qurumlar araşdırma aparır. Amma orada "Azəriqaz"a aid heç bir yeraltı qaz kəməri yoxdur".
Xatırladaq ki, ötən gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 2 nəfərin meyitini çıxarıblar.