Miqrantlar

"Bu il Aralıq dənizində daha çox qaçqın həyatını itirəcək"

34
(Yenilənib 18:18 13.05.2016)
İlhan Tanır: "Əgər imzalanan müqavilə iflasa uğrayarsa, Türkiyədən Avropaya gedən suriyalı qaçqın sayı yenidən sürətlə arta bilər. Onsuz da türk rəsmilər bir çox dəfə bu istiqamətdə Avropaya xəbərdarlıq ediblər"

BAKI, 13 may — Sputnik. Almaniya kansleri Angela Merkel viza məsələsində Türkiyəyə verdiyi sözü tutmayan Avropa Birliyini xəbərdar edib. Qaçqın böhranı ilə bağlı rəsmi Ankara ilə imzalanan müqavilənin önəminə diqqət çəkən Merkel, İttifaqın Türkiyəyə qarşı lüzumsuz şərtlər irəli sürdüyünü bildirib.

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, kansler, Aİ ilə Türkiyə arasında əldə edilən razılığın yüzminlərlə insanın həyatını xilas edəcəyini xatırladaraq, tərəfləri müqaviləyə sadiq qalmağa səsləyib: "Bu ilin əvvəlindən razılaşmanın qüvvəyə mindiyi mart ayına qədər 350-dən çox günahsız insan Aralıq dənizində sulara qərq olmuşdu. Ancaq müqavilə imzalanandan sonraki 2 ay ərzində cəmi 7 insan həyatını itirib".

Merkel daha sonra əlavə edib: "Yalnız insan həyatı üçün belə, Türkiyə ilə bu cür razılaşma etməyə dəyər. Xarici sərhədləri qorumağı, öz qərarlarımızı verməyi, kimləri qəbul edəcəyimizi və kimləri qəbul etməyəcəyimizi öyrənmək məcburiyyətindəyik".

"Avropa özünü kənara çəkib "mənim ətrafımda nə olduğu məni maraqlandırmaz" deməməlidir", — Merkel vurğulayıb.

Xatırladaq ki, Türkiyə ilə AB arasında imzalanan razılaşma Türkiyənin Yunanıstana keçən bütün qaçqınları geri qəbul etməsini və bunun müqabilində 6 milyard avro maddi yardım almasını nəzərdə tuturdu. Saziş çərçivəsində şərtlərin yerinə yetirilməsi halında türk vətəndaşlarına Avropaya vizasız gediş-gəliş təmin olunmalı idi. Ancaq Türkiyə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirsə də, Avropa İttifaqı daha sonra rəsmi Ankara qarşısında əlavə şərtlər irəli sürməyə başladı. Bu da böhrana səbəb oldu.

İlhan Tanır, Türkiyənin Cümhuriyyət qəzetinin Vaşinqton təmsilçisi
© Foto : İ.Tanırın şəxsi arxivindən
İlhan Tanır, Türkiyənin "Cümhuriyyət" qəzetinin Vaşinqton təmsilçisi

Belə ki, AB Türkiyədən PKK terroru ilə mübarizə qanununda dəyişiklik etməsini tələb edib. Rəsmi Ankara isə qurumun bu şərtləri ilə razılaşmayıb.

Mövzunu Sputnik üçün şərh edən Türkiyənin Cümhuriyyət qəzetinin Vaşinqton təmsilçisi, politoloq İlhan Tanır, terrorla mübarizə qanununda dəyişiklik edilməsi barədə maddənin AB-Türkiyə razılaşmasında öncədən yer aldığını deyib: "Avropa Birliyi vizaların ləğvi üçün 72 kriteriya irəli sürmüşdü və həmin kriteriyalar imzalanan müqavilədə qeyd olunmuşdu. Həmin aktda terrorla mübarizədə qanun dəyişikliyi də qeyd olunurdu. O razılaşmaya baş nazir Əhməd Davudoğlu da imza atmışdı. Ancaq Davudoğlunun vəzifədən uzaqlaşdırılmasından sonra türk hökuməti anti-terror maddələrində dəyişikliyə gedilməyəcəyini açıqladı".

İlhan Tanıra görə, əgər imzalanan müqavilə iflasa uğrayarsa, Türkiyədən Avropaya gedən suriyalı qaçqın sayı yenidən sürətlə arta bilər: "Onsuz da türk rəsmilər bir çox dəfə bu istiqamətdə Avropaya xəbərdarlıq ediblər. Üstəlik qarşıdan yay fəslinin gəldiyini düşünsək, qaçqın sayında artım olacağı təbii qarşılanmalıdır".

"AB ilə Türkiyənin arasının hələ ki düzəlməyəcəyini nəzərə alsaq, bu il Aralıq dənizində daha çox qaçqının həyatını itirəcəyini söyləyə bilərəm. Bütün bunların olmaması üçün Ərdoğan AB ilə daha soyuqqanlı müzakirələr aparmalı və Suriya probleminin həlli üçün çıxış yolu tapılmalıdır. Başqa bir variant isə, qaçqın böhranından qorxan Avropanın Ərdoğana güzəştə getməsidir ki, bu da çox inandırıcı görünmür".

34
Teqlər:
İlhan Tanır, , Avropa Birliyi, Türkiyə, viza, Angela Merkel, Almaniya
Əlaqədar
Dünya üzrə qaçqınların sayı 41 milyona çatıb
Suriyalı və əfqan qaçqınlar "bir-birilərinə girdilər"
Fransızlar miqrantları ciddi cinayətkarlıq mənbəyi hesab edir
Polşa miqrantları qəbul etməkdən imtina etdi
"Miqrant böhranı Türkiyə - AB münasibətlərini yeni müstəviyə çıxardı"
Türklərlə yunanlar miqrant dramına son qoymaq qərarına gəliblər