Орхан Гафарлы

Orxan Qafarlı: Türkiyə-Rusiya gərginliyi indiki iqtidarla bağlı deyil

953
Türkiyəli politoloq: Suriya məsələsində Rusiya ilə olan anlaşılmazlıqlara bir AKP məsələsi olaraq baxmaq yanlışdır.

BAKI, 19 okt — Sputnik. Türkiyə-Rusiya münasibətlərində son günlər yaşanan gərginliyinin arxasındakı səbəbləri indiki iqtidara bağlamaq doğru deyil. Türkyəli politoloq Orxan Qafarlı bu fikirdədir.

"Türkiyənin xarici siyasət qərarları və ya strateji əhəmiyyətli istiqamətləri Milli Təhlükəsizlik Qurumu tərəfindən qəbul olunur. Milli təhlükəsizlik qurumu ildə bir necə dəfə toplanır. Bu toplantida Baş nazir, DİN, XİN, MİT və ordu generalları, Baş qərargah rəisi də iştirak edir. Xarici siyasətlə bağlı istiqamətlər bəlli olduqdan sonra bu məsələlər Baş nazirin öhdəsinə buraxılır. Türkiyədə oturuşmuş burokratik qurumlar var. Bəzən buna dərin dövlət də deyilir. Hakim partiyanın xarici siyasət mövqeyindən asılı olmayaraq  bəzən burokratik qurumlar bu siyasəti durdura və ya dəstəkləyə bilir", deyə o bildirib. 

Onun fikrincə, Suriya məsələsində Rusiya ilə olan anlaşılmazlıqlara bir AKP məsələsi olaraq baxmaq yanlışdır: "Burada Türkiyə dövlət qurumlarının mövqeyi də əks etdirilir. Dolayısı ilə Türkiyə üçün Rusiya ilə münasibətlər strateji xarakter daşıyır. Ölkənin siyasi, burokratik və iş dünyası bunu dəstəkləyir. "Mavi Axın"ın, artiq iki boru xəttinin dəstəkləndiyi "Türk Axını"nın Türkiyə üçün strateji əhəmiyyəti var.  Bir çox ekspertlər Rusiya və Türkiyə münasibətlərini gündəlik xəbərlər və bəyanatlar əsasında dəyərləndirir və bu münasibətlərin pozulduğunu göstərmək istəyirlər. Mən bir məsələdə razılaşa bilərəm ki, bu gün Türkiyə ilə Rusiya arasında Suriya məsələsində anlaşılmazlıq var. Fəqət, digər tərəfdən düşünürəm ki, iki ölkənin Suriya məsələsində ortaq mövqədə olduqları məsələlər də var. Fikrimcə, Suriyanın parcalanmasının qarşısının alınmasında ortaq mövqe var." 

Politoloqun sözlərinə görə, hər iki ölkə Suriya ərazisində Aralıq dənizinə cıxış əldə edəcək Kürd muxtar regionunun və ya müstəqil dövlətinin formalaşmasına qarşıdır. 

"Bu həm də Rusiya və Türkiyənin regional maraqlarına ziddir. Bu iki məsələdə iki ölkə arasında anlaşmanın olması strateji əhəmiyyət daşıyır. Hətta son Ərdoğan-Putin görüşməsində biz gördük ki, Ankara Moskvadan bu strateji məsələlərdə dəstək alandan sonra Əsəd ilə keçid hökümətinin qurulması prosesinə qarşı cıxmadı. Bu, Türkiyənin, Suriya məsələsində atdığı çox önəmli addım idi.  Oktyabrın 15-də iki ölkə Suriyada hava əməliyyatlarının kordinasiya edilməsi məsələsində anlaşdılar. 

Türkiyənin əsas narahatlığı Rusiyanın Ortak Suriya Müxalifət ordusuna qarşı başladığı əməliyyatlar zamanı oldu. Türkiyə üçün bu qəbul edilməz idi. Çünki, bu müxalif qüvvələr içində Türkiyənin gələcəkdə özünə müttəfiq gördüyü qruplar var. Bu məsələdə də razılıq əldə olunarsa o zaman iki ölkə arasında bir çox məsələlər də həll oluna bilər", deyə Qafarlı vurğulayıb.

953