Professor Qulu Məhərrəmli

Ankara öz Suriya kartlarını tamamilə aça bilər

28
(Yenilənib 16:09 01.07.2015)
Qulu Məhərrəmli: Suriyanın şimalında yarana biləcək istənilən qurum Türkiyəyə ciddi zərbədir.

BAKI, 1 iyul – Sputnik. Suriyanın şimalında yaranan İŞİD təhlükəsi, o cümlədən PKK-nın bu ölkədəki qolu hesab edilən PYD-nin həmin ərazidə dövlət qurma cəhdləri, Türkiyə hökumətini təxirəsalınmaz addımlar atmağa məcbur edib.  

Türk silahlı qüvvələri Suriya ilə sərhəddə özünün ən ağır texnikasını və hərbi gücünü cəmləşdirib. Baş nazir Əhməd Davudoğlu ölkənin cənub sərhəddində yaranan təhlükə ilə bağlı, bütün ssenarilərə hazır olduqlarını bəyan edib. 

Prezident Rəcəb Tayyib Ərdoğan isə birmənalı şəkildə bildirib ki, Suriyanın şimalında yeni dövlət qurulmasına heç cür imkan verilməyəcək. 

İŞİD terrorçuları və PYD silahlıları arasında daha çox torpaq ələ keçirmək uğrunda gedən qızğın döyüşlər isə davam edir.

Son proseslərlə əlaqədar olaraq bəzi siyasi ekspertlər, Türkiyənin Suriyaya müharibə elan edə biləcəyini, ya da bu ölkənin şimal sərhəddinə qoşun yeridəcəyini iddia edir.

Tanınmış jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli məsələ ilə bağlı Sputnikə öz dəyərləndirmələrini edib. 

Qulu Məhərrəmli iddia edir ki, problem nə qədər ciddi olsa da, Türkiyə ehtiyatlı davranmağa çalışacaq. 

“Hal-hazırda Türkiyənin Suriya ilə sərhəddində baş verən hadisələr, problemin nə qədər ciddi olduğunu göstərir. İŞİD ilə PYD arasındakı münaqişə Türkiyəyə çox mənfi təsir edir. Mühacir axını günbəgün artaraq çoxalır. Bütün bu oldu-bitdilərə isə Ankaranın göz yumması mümkün deyil. Ona görə də Türkiyə ilk növbədə çalışıacaq ki, diplomatik resurslardan istifadə etsin. İndiki məqamda Türkiyənin Suriyaya müdaxilə edəcəyinə inanmıram. Çünki bu zaman ordu həm İŞİD, həm də PYD silahlıları ilə döyüşmək məcburiyyətində qalar. Bu da böyük fəlakətə, çoxlu sayda itkilərə səbəb ola bilər. Ankara maksimum çalışacaq ki, diplomatik resurslardan istifadə etsin.”

“Vəziyyətdən asılı olaraq Ankara öz kartlarını tamamilə aça bilər. Çünki Suriyanın şimalında yarana biləcək istənilən qurum Türkiyəyə ciddi zərbədir. Ərdoğanın dedikləri kimlərisə qorxutmaq üçün deyil, o hökumətin bu məsələdə çox ciddi olduğunu bəyan edir”, deyə professor əlavə edib.Məhərrəmlinin fikrincə, “diplomatik cəhdlər öz nəticəsini verməsə, türk ordusu nəticədən asılı olmayaraq müharibə variantına əl atacaq”. 

28