Ərdoğan və Mursi

Misirin eks-prezidenti Məhəmməd Mursi Türkiyəyə ekstradisiya oluna bilər

2
Türkiyə hökuməti, Səudiyyə Ərəbistanı və Qətərin vasitəçiliyi ilə Misirə bu barədə təklif göndərib

BAKI, 20 may — Sputnik. Hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən, daha sonra haqqında edam hökmü verilən Misirin keçmiş prezidenti Məhəmməd Mursi Türkiyəyə ekstradisiya oluna bilər. Bu haqda Misir mətbuatı məlumat yayıb. 

İddiaya görə, Ərdoğan hökuməti, Səudiyyə Ərəbistanı və Qətərin vasitəçiliyi ilə Misirə bu barədə təklif göndərib. 

Mursini edam edə bilməyəcəklərini başa düşən Misir rəhbəri general Əbdülfəttah Əs-Sisinin sözügedən təklifə müsbət yanaşdığı deyilir. Bu yolla o, özünə ciddi rəqib olaraq gördüyü, geniş kütlə tərəfindən sevilən Məhəmməd Mursini ölkədən uzaqlaşdırmağı hədəfləyir. 

Digər tərəfdən, rəsmi Ankaradan gələ biləcək sərt reaksiyaları da nəzərə alan Sisi, eks baş nazir Hişam Kandil və müdafiə naziri Sıtkı Sobhi ilə məsləhətləşmələrə başlayıb. Hər iki nazir, həbsdə olan prezidentin Türkiyəyə ekstradisiya edilməsinin doğru qərar olacağını qeyd edib. Müdafiə naziri Sıtkı Sobhi, Mursinin edam edilməsinin xaos yaradacağını, bunun qarşısını ala bilməyəcəklərini bəyan edib.

Misir məhkəməsi mayın 16-da ölkənin keçmiş prezidenti Məhəmməd Mursi barəsində ölüm hökmü çıxarıb.

2