İnsanlar sevinirlər: Hər kəs "Mall"lara gedə biləcək

31
(Yenilənib 15:54 11.06.2021)
Artıq ölkədə iri ticarət mərkəzləri və "Mall"lar fəaliyyətini bərpa edib. Ətraflı Sputnik Azərbaycan-nın videosunda

 

Qeyd edək ki, Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərar verib. Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və idman zalları ilə yanaşı, "Mall"lar da fəaliyyətini bərpa edib.

Xatırladaq ki, "Mall"ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılmışdı. Qərara əsasən, 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilib.

İnsanlar tibbi maska taxmaq və sosial məsafəni gözləməklə iri ticarət mərkəzlərinə gedə biləcəklər. "Mall"larda pandemiyadan öncə olan izdiham olmasa da, kifayət qədər insan var idi. İnsanlar müsahibələrində bildiriblər ki, onlar "Mall"ların açılmasına çox sevinirlər.

 

31

Bu dünyanı dəyişməliyik

9
(Yenilənib 15:07 18.06.2021)
Krasnodarlı rəssam Vladimir Kandr tullantılardan beşmetrlik "Dalğa" adlı qurğu düzəltdi - Ətraflı videomuzda.

 

Rəssam Vladimir Kandr ətraf mühitin çirklənməsi problemindən o qədər narahat olub ki, bu məsələnin həll yolu onun yuxusuna girib. Belə ki, tullantılardan "Dalğa" adlı qurğu düzəltmək ideyası ona yuxuda gəlib.

Vladimir müsahibəsində bildirib ki, üç tondan çox zibil toplayıb, onları yenidən emal edərək yığılıb-sökülən qurğu düzəldib.

"Bu doqquz hissəyə bölünən dalğadır, nəqliyyatla da daşına bilir. Müasir sivilizasiyamızla ətraf mühiti necə məhv etdiyimizi anlamaq üçün qurğunun ortasında bir oyuq da düzəltdim," – deyə rəssam fikirlərini bölüşür.

Kandrın sözlərinə görə, o, dostları ilə həmişə təbiət qoynunda dincəlməyə gedəndə həm də digər turistlərin zibillədiyi əraziləri təmizləməklə məşğul olublar. Belə gəzintilər zamanı metal çəlləklərdən tutmuş konyak şüşələrinə qədər maraqlı və qeyri-adi əşyalara da rast gəlinir.

"Tullantılar yer dəyişdirir, başqa ölkələrdən bizə qədər gəlib çıxır. Hərdən qeyri-adi tapıntılar da olur. Bəzən bir kvadratmetr ərazidə beş alışqan, çox sayda taykeş ayaqqabılara rast gəlmək olar. Onları geyinmək də mümkündür, amma hər tayı fərqli olacaq", – ekoaktivist zarafatla deyir.

Vladimir Kandr onu da bildirib ki, hazırda "Dalğa"dan da böyük yeni layihə üzərində işləyir. Yeni qurğu da eyni tərzdə, ancaq başqa süjet əsasında hazırlanacaq.

9

Nabran yaxınlığındakı meşə zolağında yanğın belə söndürüldü - VİDEO

19
Mürəkkəb relyefin, isti və küləkli hava şəraitinin mane olmasına baxmayaraq, FHN-in əraziyə cəlb olunmuş qüvvələrinin peşəkar fəaliyyəti nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb və o, söndürülüb.

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında meşə və meşəətrafı zonada baş vermiş yanğın söndürülüb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Qeyd olunur ki, mürəkkəb relyefin, isti və küləkli hava şəraitinin yanğının söndürülməsinə mane olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin əraziyə cəlb olunmuş qüvvələrinin peşəkar fəaliyyəti nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.

Bir qədər əvvəl Xaçmaz FHK-nın sədri Bəxtiyar Osmanov Sputnik Azərbaycan-a bildirmişdi ki, Nabranda biçilməmiş taxıl zəmisindən meşəyə keçən yanğın söndürülüb.

"Yanğın biçilməmiş taxıl sahəsindən meşə massivinə keçmişdi. Yanğını söndürmək üçün helikopter cəlb olundu və yanğın söndürüldü. Amma hələ də tüstülənmə davam edir. Əyər külək əsməsə, yanğının yenidən alovlanması ehtimalı yoxdur. Hazırda yanğın yerinə FHN-nin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub və yanğının yenidən alovlanmaması üçün sönmüş yerlərə su vurulur. Hər ehtimala qarşı helikopter sabaha qədər burada saxlanılır".

B.Osmanovun sözlərinə əsasən, 30 hektar biçilməmiş taxıl sahəsilə yanaşı, 5 hektara yaxın meşə sahəsi də yanıb. Müşahidə edilən isti külək yanğının genişlənməsinə səbəb olub.

 

19
Toyuq əti

Azərbaycana gətirilən 1,2 ton hind quşu dərisi yararsız çıxdı

0
Məhsulda patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1.2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

BAKI, 19 iyun — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı Türkiyədə fəaliyyət göstərən "Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi" tərəfindən istehsal olunan və "Ladess Group" MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1,2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

0