Kiçik səhrada sürüşmək: Saxaranın toz buludu xizək yamacında - VİDEO

19
(Yenilənib 16:35 09.02.2021)
Saxaradan toz buludu Avropaya qədər gəlib çatıb, nəticədə Andorradakı El-Tarter xizək kurortunda kiçik bir səhra əmələ gəlib. Kurortun qonaqları ortaya çıxan maraqlı görüntüləri videoya çəkiblər.

Qum buludu Saxaradan Avropaya qədər gəlib çatıb, yağış qum dənəciklərinin xizək yamacına çökməsinə səbəb olub. Özü də yalnız Andorrada deyil. Səhra qumları Kataloniya, Balear adaları və Valensiyaya qədər yol qət edə bilib. Eyni mənzərəni Fransanın cənubunda və İsveçrədə də müşahidə etmək mümkün olub.

Bu, son illərdə Avropaya gəlib çatan ən böyük toz bulududur.

19
Teqlər:
Andorra, Saxara, xizək, toz buludu, Böyük Səhra, səhra

Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub - VİDEO

9
(Yenilənib 22:38 02.03.2021)
Bir əsrdən çox tarixi olan təhsil ocağında bu gün 23 ixtisas üzrə Ordumuz üçün hərb sənətinə yiyələn peşəkar və liderlik qabiliyyətinə malik savadlı kadrlar yetişdirilir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Füzuli Salahov çıxış edərək məktəbin 103 illik tarixi və şərəfli yol keçdiyini bildirib. Müsəlman korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin Milli Hərbiyə Məktəbinin açılması üçün müraciətindən sonra Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il martın 1-də Milli Hərbiyə Məktəbi yaradılıb. Tarixin bütün dönəmlərində uğurla fəaliyyət göstərən bu təhsil ocağının Azərbaycan hərb tarixində xüsusi yeri və rolu vardır.

Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli Fərmanına əsasən Azərbaycan Ali Hərbi Məktəbinə ümummilli lider Heydər Əliyevin adı verilib. Bildirilib ki, müstəqillik illərində hərbi məktəb Ali Baş Komandanın diqqət və qayğısı sayəsində böyük və tarixi inkişaf yolu keçərək dünyanın tanınmış qabaqcıl hərbi təhsil müəssisələrindən birinə çevrilib. Bir əsrdən çox tarixi olan təhsil ocağında bu gün 23 ixtisas üzrə Ordumuz üçün hərb sənətinə yiyələn peşəkar və liderlik qabiliyyətinə malik savadlı kadrlar yetişdirilir.

Həmçinin qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən orduya olan diqqət və qayğının nəticəsində, bu gün kursantların sosial-məişət şəraiti, sağlamlığı, fiziki hazırlığı üçün hərbi məktəbdə yüksək səviyyədə lazımi şərait yaradılıb.

Qeyd edilib ki, Vətən müharibəsi zamanı hərbi təhsil müəssisəsinin şəxsi heyətinin də qələbədə böyük rolu olub. Belə ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə təhsil ocağının 10 zabiti şəhid olub, 29-u isə yaralanıb. Daha sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki şəxsi heyətə çatdırılıb.

Çıxışlardan sonra Ali Hərbi Məktəbin orkestri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən vətənpərvərlik mövzusunda konsert proqramı təqdim edilib.

Sonda təhsil müəssisəsinin zabit heyəti və təhsildə fərqlənən kursantlar təltif olunub.

9

Xeyirxahlığa "yoluxmaq" mümkündür? - VİDEO

35
(Yenilənib 16:17 02.03.2021)
Koronavirus pandemiyası ilə bağlı toy və ya yas mərasimləri kimi kütləvi tədbirlərin keçirilməsi qadağan olduğu zaman Şəmkir rayonu Dəllər Cəyir kəndinin sakinləri ehsan süfrələrinin əvəzinə xeyirxah işlər görürlər.

Koronavirus pandemiyası ilə bağlı kütləvi tədbirlərin, toyların, yas mərasimlərinin keçirilməsi virusun qarşısını alınması məqsədilə qadağan edilib. Bəzi hallarda, xüsusən vəfat edən şəxsin ailəsi, yaxınları ehsan verə bilmədiklərinə görə özlərini narahat hiss edirlər. Şəmkir rayon Dəllər Cəyir kənd sakinləri ehsan süfrələrini xeyirxah əməllərlə əvəz etməyə qərara gəlib. Belə ki, ehsan üçün nəzərdə tutulmuş vəsaitlə kənd ərazisində yollar çəkilir, dayanacaqlar qurulur və digər xeyriyyə işləri görülür.

Bu işlərin təşəbbüskarlarından biri olan Namiq Məmmədov artıq bir ildir ki, yaxınları vəfat edən ailələrə baş çəkir. Onları dəbdəbəli məclis qurmaqdan çəkindirərək kəndin hər hansı kiçik problemində pay sahibi olmağa dəvət edir. Onun sözlərinə görə, indiyədək sakinlərin hər biri bu işdə yaxından köməkliyini göstərib:

“Pandemiyaya görə yas məclisləri dayandırıldı və o vaxtdan insanlara istiqamət verdik ki, ehsan süfrəsinə çəkdiyiniz xərcin əvəzinə kənddə müəyyən işlər görə bilərsiz. Bunun nəticəsində ondan artıq küçəyə çınqıl-daşlar döşənib. Bir küçəyə asfalt örtük çəkilib. Kəndin futbol stadionunda idman qurğuları, oturacaqlar quraşdırlıb. 20 Yanvar Şəhidlər abidəsi əsaslı təmir edilib. Bu görülən işlər son deyil və bu gün də davam edir”, - deyə məlumat verib.

Kənddə xeyriyyəçiliyin digər təşəbbüskarlarından olan Seymur Xəlilov soydaşlarının görülən işlərdən özlərinin də ruhlandığını, artıq insanların ona yaxınlaşaraq hansı işlərin görülməli olduğunu, köməyə ehtiyacı olan həmkəndliləri ilə maraqlandıqlarını bildirib. Bu işlərdə nəinki kənddə olan, eyni zamanda Rusiyada yaşayan Dəllər Cəyirli sakinlərinin də yaxından iştirak etdiklərini deyib:

“Bütün işlərdə kənddə yaşayanlarla yanaşı, Rusiyada olan həmkəndlilərimiz də yaxından iştirak edirlər. Mütəmadi olaraq əlaqə saxlayırlar, imkansız həmkəndilərimizə kömək, yaxud kəndin ümumi mənafeyi naminə hər hansı bir iş görmək istədiklərini bildirirlər. Hazırda onların da yaxından dəstəyi ilə  kənd qəbiristanlığına yeni yol çəkilir, darvaza qoyulur. Orada işləyənlərin özləri də təmənnasız olaraq çalışırlar”, - deyə bildirib.

Dəllər Cəyir sakinləri bu xoş tendensiyanın Azərbaycanın digər ərazilərinə də yayılmasını arzu edirlər.

35
Teqlər:
video, abadlıq, xeyir, kənd, Şəmkir
İmtahan

DİM-in səriştəsizliyi yaxud imtahanda biznes maraqları

0
(Yenilənib 23:34 02.03.2021)
Nəqliyyatın işləmədiyi günə imtahan təyin edən DİM, iştirakçıların imtahan verilən binalara necə və nə ilə gedəcəyi ilə bağlı qətiyyən düşünməyib.

Dövlət İmtahan Mərkəzinin ötən bazar magistratura pilləsi üçün keçirdiyi qəbul imtahanın sualları sosial şəbəkələrdə müzakirə edilir.

Bəzi imtahan suallarına lağ edənlər, sualların məzmunu ilə əylənənlər də var.

Əslində suallar elə tərtib olunmuşdu ki, iştirakçılar lazım olan balı toplaya bilməsin və növbəti mərhələdə iştirak etsin.

DİM-in bu məsələdə maraqlı olduğunu aşağıda izah etməyə çalışacağam.

Məncə DİM, ölkəmizdə fəaliyyəti qənaətbəxş olan qurumlardan biridir. Daha doğrusu pandemiyaya qədər belə idi. Pandemiya bütün sahələrə, xüsusilə təhsilimizə təsir etdiyi kimi, DİM-in fəaliyyətinə kifayət qədər mənfi təsir edib.

Ötən il keçirilən buraxılış və qəbul imtahanlarıyla bağlı kifayət qədər narazılıqlar var idi.

Bu il magistratura pilləsi üçün keçirilən imtahan isə ümumiyyətlə bərbad idi.

Bəli, nələrsə yolunda getmir və buna görə müxtəlif bəhanələr səsləndirilir.

Düşünürəm ki, heç bir səbəb DİM-in magistratura imtahanlarının təşkilində yol verdiyi səriştəsizliyə haqq qazandırmır.

***

Həfətəsonu, nəqliyyatın işləmədiyi günə imtahan salmaq və imtahan keçiriləcək binalarının əksəriyyətini şəhər mərkəzindən kənara təyin etmək imtahanda iştirak edənlər üçün olduqca ciddi problem yaradırdı.

Şəxsən bu çətinliyi yaşadım və bununla bağlı irad bildirənlərlə tamamilə razıyam.

Pandemiya dövründə valideyinlərin, imtahan verənlərin yaxınlarının imtahan binası qarşısında izdiham yaratması da, məhz DİM-in səriştəsizliyinin göstəricisidir.

Ümumiyyətlə 28 fevral 2021-ci il tarixində magistratura pilləsinə təşkil edilən imtahan, təhsildən daha çox biznes layihəsi abu-havası yaradırdı.

Rəsmi məlumata görə bu il imtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib. İmtahanda iştirak ödənişli (50 AZN) olduğu üçün, DİM-nin büdcəsinə qısa müddət ərzində 994 250 AZN vəsait daxil olub. Müxtəlif səbəblərdən imtahanda iştirak edə bilməyənlərin vəsaitinin geri qaytarılmadığını da düşünsək, bu imtahanda DİM-in kommersiya maraqlarının daha qabarıq olduğunu düşünə bilərik.

Şübhəsiz ki, toplanan vəsaitlə imtahanın təşkilati işlərini daha yüksək səviyyədə təşkil etmək olardı.

Təssüf ki, nəqliyyatın işləmədiyi günə imtahan təyin edən DİM, imtahan iştirakçılarının imtahan verilən binalara necə və nə ilə gedəcəyi ilə bağlı qətiyyən düşünməyib.

Düzdür, rəsmi xəbərlərdə qeyd olunub ki, DİM-də operativ qərargah fəaliyyət göstərib. Ancaq bu fəaliyyət nədən ibarət olduğu prosesdə aydın olmadı.

Dolayısıyla təşkilati işlər bu qurumu ümumiyyətlə narahat etməyib. Məhz bu problemlərə görə DİM məsuliyyət daşıyır. DİM-in yarıtmaz təşkilatçılığı səbəbindən imtahanda iştirak edə bilməyənlərin vəsaiti onların şəxsi hesabına qaytarılmalı, növbəti imtahanda məhz bu vəsaitlə iştirak etmələrinə şərait yaradılmalıdır.

***

Və daha bir önəmli məqamı qeyd edək.

Məhz bu məqam da DİM-in məsələyə səriştəsizcəsinə və laqeyid yanaşdığını sübut edir.

İmtahan zamanı qarşılaşdığımız absurd məqamlardan biri də suallarla bağlıdır.

Təsəvvür edin, riyaziyyatçı və dilçi eyni məntiq suallarına cavab verməlidir.

Bəli, hamı eyni suallara cavab verib, müxtəlif ixtisaslarda təhsil alacaq. Bir qədər qəribə görünür, deyilmi?

Riyaziyyatçı xarici dildən imtahan verir, dilçi informatika və riyaziyyala bağlı məntiq suallarını cavablandırır.

Məsələn, tərcümə sahəsi üzrə magist təhsili almaq istəyən şəxs, öz sahəsindən bircə suala belə cavab vermir.

Bunun nə dərəcədə məntiqli olduğuna yəqin ki, müstəqil təhsil ekspertləri cavab verə bilər.

Hər halda heç də məntiqli görünmür.

***

Yuxarıda qeyd etdiyim kimi, pandemiya nəticəsində təhsilimiz ciddi problemlərlə üz-üzədir. Hamımız övladlarımızın gələcək taleyindən, onların təhsilindən narahatıq.

Dövlət İmtahan Mərkəzinin bu səriştəsizliyi, daha doğrusu laqeyidliyi təhsilimiz üçün ciddi problemdir və gəncliyi elmdən, təhsildən uzaqlaşdırır. Ümid edirəm ki, DİM rəsmilərinin ağlabatan və məntiqli izahı olacaq.

Təhsilə bu şəkildə yanaşmaq gələcəyimizə biganəlikdir…

0
Teqlər:
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası, DİM