Lerik rayon sakini 24 yaşlı Qurbanəli Əliyev Təbrizdə Əl-Mustafa Beynəlxalq Universitetində təhsil alır. O, hələ Tovuz döyüşləri zamanı könüllü olaraq hərbi komissarlıqda qeydiyyatdan keçib və Vətən Müharibəsində iştirak edib. Füzulidən Şuşaya qədər çətin döyüş yolu keçən Qurbanəli Gövhər ağa məscidində ilk azan verərək Şuşada camaat namazını təşkil edib. Qazimiz Şuşada olduğu zaman oranı gəzib və bizə aid tikililərdən başqa heç nə görməyib:
“Mən Şuşa həbsxanasının yanında Üzeyir Hacıbəylinin evini tapdım. Şuşada olanda tez-tez qəbiristanlığa gedirdim. Hər dəfə posta gedəndə qəbiristanlığa girib bizim ölülərimiz üçün "Yasin" və "Fatihə" surələrini oxuyub sonra gedərdim. Həmin ərazidə Qasım bəy Zakirin məzarını, bizim qədim muzeyimizi, muzeydə isə bizim qədim kamança-tar tapdım. Yəni, orada bizə aid musiqi alətlərini gördüm. Hətta deyərdim ki, Şuşada 10 evdən 9-da fortepiano var idi. Hamısı da bizə məxsus idi, çünki hamısının üstündə tarixi var idi”.
Məlumat üçün bildirək ki, Qurbanəli Əliyev “Füzulinin azad olunmasına görə medal”ı ilə təltif olunub.
Sinoptiklərin proqnozları bu dəfə öz təsdiqini tapdı. Hamını yaza götürən Su çərşənbəsi Abşeron və Bakı sakinlərinə xüsusi hədiyyəsi ilə fərqləndi. Fevralın 24-nə keçən gecədən başlayan qar şəhərimizi uzun müddət gözlənilən ağ örpəyə bürüdü.
Demək olar ki, bir çox azyaşlı şəhər sakinləri Bakıda birinci dəfədir ki, əsl qar görürlər.
Qovut türk xalqlarına məxsus qədim şirniyyat növlərindəndir. Uzaq yola çıxıldığında, köç başlayanda, aclığı ən tez zamanda söndürmək lazım gələndə ilk növbədə qovut yada düşüb. Hazırda unudulmaqda olan bu şirniyyatı qərb bölgəsində mütəmadi hazırlayanlar var. Onlardan biri də Tovuzun Yuxarı Öysüzlü kəndində yaşayan Nəbiyevlər ailəsidir. Ailənin xanımı Şəfaət Nəbiyeva qovudun hazırlanmasını öz qaynanasından öyrənib. Onun hər dəfə qovut hazırlamağa başlaması yaxın qohumlar, qonşular arasında bayram ab-havası yaradır. Qadınlar bir yerə yığışaraq şirniyyatın hazırlanmasında iştirak edir, eyni zamanda öz paylarını götürürlər.
Qovut hazırlamaq üçün ilk olaraq buğda seçilib, təmizlənir. Təmizlənmiş buğda sacın üstündə qovrulur. Qovrulduqdan sonra buğda kirkirədən (əl dəyirmanı) keçirilərək un halına salınır. Ağız dadına uyğun olaraq ona qarğıdalı və yaxud digər dənli bitkilərin də ununu əlavə edənlər var. Üyüdülmüş qovut unu hazır olduqdan sonra saxlama qablarına yığılır. Qovut ununu nəmdən, rütubətdən qoruyaraq aylarla saxlamaq mümkündür. Şirniyyatı hazırlamaq üçün isə ailə üzvlərinin sayından asılı olaraq qovut unu götürülür, ona sadəcə su, bal, bəkməz və ağız dadına uyğun digər təbii məhsullar qatılır və süfrəyə verilir.
Novruz üçün rəngarəng çay süfrəsini necə tərtib etməli – VİDEO >>
Ş.Nəbiyeva qovut hazırlanmasında bəkməz və şəkər tozuna üstünlük verir. Şəkər tozu bir qaba əlavə olunaraq üstünə su və bəkməz tökülərək şərbət düzəldilir. Hazırlanmış şərbət una əlavə edilərək qarışdırılır. Qovutun quru və ya sıyıq olması yeyənlərin zövqünə görə dəyişir. Bundan sonra əldə dürmək halına gətirilərək süfrəyə verilir.
Tovuzda qovutdan həm qida, həm Novruz şirniyyatı, eyni zamanda nəzir kimi istifadə edirlər. Belə ki, qədimdən qalan adətə görə, insanlar tutduqları arzunun həyata keçməsi üçün əhd edirlər. Arzuları yerinə yetdikdə isə qovut hazırlayaraq nəzir kimi insanlarla paylaşırlar.
BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.
Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.
Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.
Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.
Digər yaşayış sahələri yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".