İncəsənət sərhəd tanımır: azərbaycanlı ustalar qurama sənətini necə dirçəldir - video

41
(Yenilənib 20:14 25.01.2021)
Bakı qəsəbələrindən birində usta xanımlar Azərbaycanın qədim sənət növü olan quramaya yenidən həyat verirlər. Bunu necə etdiklərini videomuzda izləyin.

Azərbaycanda belə bir qədim ənənə olub: insanlar toylarda, ailə məclislərində bir-birinə müxtəlif parçalar hədiyyə edirdilər ki, sonradan onlardan libas tikilsin. Həmin parçaların artıq qalan hissələrini isə atmır, evdə toplayırdılar ki, onlardan al-əlvan sənət nümunələri yaratsınlar.

Mozaika prinsipi əsasında parça hissələrindən hazırlanan qurama sənəti hazırda unudulmaq üzrədir, lakin Qalada yaşayan usta xanımlar bu sənəti nəsildən-nəslə ötürərək yaşatmağa çalışırlar.

Bundan başqa, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşəbbüsü ilə Qala kəndində qədim sənət növlərindən biri olan quramanın dirçəldilməsi üçün layihə həyata keçirilir.

“Layihə çərçivəsində kəndin yeddi sakini yüksək səviyyəli avadanlıqla təmin olunub. Onlara bizim muzeyimizdə öz məhsullarını yaratmaq üçün yer ayrılıb. Gələcəkdə bu işlərin xüsusi ticarət markası altında satılması planlaşdırılır”, – “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova belə deyir.

Onun sözlərinə görə, nənələrimiz qurama sənəti ilə lap qədimdən məşğul olublar və bu, yorğan, örtük kimi adi məişət əşyalarının hazırlanmasında onların karına gəlib.   

"Bu sərhəd tanımayan sənət növü Azərbaycan xalqının məişət tərzi ilə əlaqədar olaraq ortaya çıxıb. XVIII-XIX əsrlərdə bir qadın vaxtının çox hissəsini evdə keçirir və nadir hallarda çölə-bayıra çıxırmış. Odur ki boş vaxtında hər hansı bir işlə məşğul olmaq istəyirmiş. Azərbaycan qadınları evlərini gözəl əşyalarla bəzəməyi çox sevirlər. Beləliklə, ev sahibəsi qurama vasitəsilə öz daxili aləmini ifadə etmək imkanı tapır”, – deyə Məlikova öz fikirlərini bizimlə bölüşür.

Hazırda bu əl sənəti hər evdə özünə yer tapa biləcək qədər gözəl, orijinal əsərlər yaratmağa imkan verir.

41

Şaxtalı fevral gecəsi bütün ailəsini itirən 81 yaşlı kişinin dəhşətli xatirələri

29
Xocalı faciəsinin şahidi 81 yaşlı Baloğlan Allahyarov bu qanlı gecədəki hadisələri heç zaman unutmayacağını bildirir. Həmin şaxtalı gecənin dəhşətli xatirələrindən biri ilə videomuzda tanış ola bilərsiniz.

Xocalıdan əli yalın, başıaçıq çıxanda Baloğlan Allahyarovun 51 yaşı vardı. Şaxtalı fevral gecəsi o da ailəsi ilə birgə ermənilərin qətliamından qurtulmağa çalışırdı. Həmin gecə o da dəhşətli faciə yaşadı. 21 yaşlı oğlu Etibarı, 20 yaşlı gəlini Çiçəyi və həyat yoldaşı Qəmzə xanımı itirdi. Yeganə övladı Etibar Allahyarov o zaman Xocalı aeroportu istiqamətində itkin düşüb. 81 yaşlı Baloğlan kişi indiyədək onun nə ölüsü, nə dirisi haqda xəbər ala bilmir. Baş verən hadisədən 29 il ötsə də, Xocalı sakini o gecəni heç vaxt yaddan çıxara bilmədiyini deyir.

Onun sözlərinə görə, ermənilər uşaq, qadın, ahıl demədən hər kəsi işgəncə ilə öldürüblər. Çobanın cibindən Quran kitabı çıxanda isə onu yandırmaq haqda əmr veriblər.

Baloğlan Allahyarov, Xocalı sakini: "Ordan - yamacın başından qumbaranı bizim başımıza atdılar. Torpağı necə sovurdusa... Bax, elə bil, mən burada oturmuşam, 40-50 nəfər orada. Baxdım gördüm ki, məndən aşağıdakıların hamısının başını elə bil toyuğun başı kimi kəsib üzürlər. Bax elə üzüblər. Başları, əlləri parçalandı. O vaxt ferma müdiri işləyirdim. Təvəkkül adında bir çobanım vardı, laçınlı idi. Onu tutmuşdular. Cibindən Quran kitabı tapmışdılar deyə onu odlamışdılar".

Xocalıda doğmalarını itirdikdən sonra Ağdam rayonuna pənah gətirən Baloğlan Allahyarov daha sonra Mingəçevir şəhərində məskunlaşır. Ölkə başçısı İlham Əliyev nur şəhərinə səfəri zamanı Xocalı sakininin evində olub.

 

29

Ağdam rayonunun Tərnöyüt kəndindən videogörüntülər

13
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan işğalından azad edilən Ağdam rayonunun Tərnöyüt kəndindən videogörüntülər paylaşıb.

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan işğalından azad edilən kəndlərin yeni videogörüntülərini yaymaqda davam edir. Bu dəfə nazirlik Ağdam rayonunun Tərnöyüt kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.  

13
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

0
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

0