Virusdan qorxmuram, amma getmək istəmirəm - Yeni dərs ili ilə bağlı sorğu

603
Həftənin ən aktual məsələlərindən biri gələn həftə uşaqları məktəbə göndərmək və ya göndərməmək sualıdır. Valideynlər seçim arasında qalıb. Sputnik Azərbaycan birbaşa Bakı əhlindən soruşmaq qərarına gəlib.

Uzun fasilədən sonra məktəblilər gələn həftədən etibarən yenidən parta arxasına keçəcəklər.

Amma bu dəfə valideynlərə infeksiya riski ilə əlaqədar uşaqlarını məktəbə göndərib-göndərməmək seçimi verilib.

Belə olan halda, çəkiliş qrupumuz Bakı sakinlərinin fikirlərini öyrənmək qərarına gəldi. Sorğudan öncə içimizdə əminlik hiss var idi ki, “göndərməyəcəyəm” cavabını eşitmək bizə nəsib olmayacaq. Altı ay dörd divar arasında qalmış uşaqlar mütləq məktəbə getmək istəyəcəklər. Amma aldığımız cavabların çoxu doğrudan da məktəbdən yana olsa da, bizi təəccübləndirən cavablar da az olmadı.

Uşaqlar virtual və real məktəb arasında seçim edirlər – SORĞU>>

Daha ətraflı videomuzda izləyin.

603

Bəylərin kəndində bəylik qalmayıb - VİDEO

24
(Yenilənib 10:18 28.01.2021)
Kəlbəcərin Alıbəyli kəndi 1937-ci ilə kimi Bəylik adlanıb. Kənddə çox sayda bəy yaşadığından ona Bəylik adı verilib.

BAKI, 28 yanvar — Sputnik. Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alıbəyli kəndindən videogörüntülər paylaşıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Bu kənd 1937-ci ilə kimi Bəylik adlanıb. Kənddə çox sayda bəy yaşadığından Bəylik adı verilib. 1937-ci il represiyasından sonra kəndin adı Tirkeşəvənd adlandırılıb.

Digər bir varianta görə, kəndin yaxınlığında Tutxun çayı üzərindən türklər tir atıb körpü düzəltdiklərinə görə Tirkeşəvənd adlanır, yəni türk keçən bənd.

Kəndin ərazisi qədim yaşayış məskəni olub. Başqa bir varianta görə, bu ərazidə ilk məskunlaşan XVI-XVII əsrlərdə Laçın rayonundan gələn Qotur Məmməd olub. O, bu əraziyə gələndə uçulub-dağılmış kənddə divarının üstündə tirkeşəvənd və tiri qalan bir evə rast gəlib. Ona görə də kəndin adını Tirkeşəvənd qoyub. Keçmiş zamanlarda yaşayış damlarının divarının üstünə yoğun tir qoyurmuşlar. Bu tirin adı tirkeşəvənd olub, yəni tirkeçən bənd, tirləri bir-biri ilə bağlayan bənd deməkdir. Həmin tirin üstünə isə bir divardan o biri divara keçən tirləri qoyurmuşlar. Qotur Məmmədin oğlu Kərbəlayı Tanrıverdinin oğlu Kərbəlayı Bəxtiyar Laçın rayonunun Bülövlük bəyliyindən Alməmməd bəyin qızı Pərixanla evlənir. Qaynatasının təqdimatına görə ona da bəy titulu verilir. Bu hadisədən sonra kənddə bəylərin sayı çoxalır və kənd 1937-ci ilə qədər Bəylik adlanır.

Kənd 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunaraq viran edilib. 2020-ci il noyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.

24
Teqlər:
video, Qarabağ, kənd, Kəlbəcər

Qeyri-adi üsulla ev inşa edən astaralı qadın - video

55
(Yenilənib 17:21 27.01.2021)
Qadının ev inşa etdiyini desək, bəlkə də çoxları inanmayacaq. Lakin Astaranın Sım kənd sakini Aliyə Xalıqova qeyri-adi üsulla gildən ev inşa edən ustadır.

Sım kəndində insanlar əzəldən palçıq evlər tikiblər. Kənddə mişar daşından ev tikənlər də var, lakin palçıq evlərin inşası qədim ənənə olduğu üçün bu gün də yaşadılır. Sputnik Azərbaycan-ın müxbiri ilə həmsöhbət olan Aliyə xanım deyir ki, bu,  əsasən qadın işidir, çünki kənd yeri elə bir yerdir ki, qadınlar artıq bu işə alışıblar.                                  

"Kənd elə bir yerdir ki, necə deyərlər, hər bir kənd qızı çulunu sudan çıxarmalıdır. Bu, xüsusi işdir, bu işi qadın görməlidir. Mən təxminən 35 ildir ki, bu işlə məşğulam. Əvvəl mən anama və böyük bacılarıma kömək etmişəm, daha sonra isə özüm sərbəst bu işi görməyə başladım. Məlum məsələdir ki, ev inşa edən zaman mütləq köməkçin olmalıdır. Gili ələyən zaman və ya palçığı ayaqlayan zaman kim yanımda olursa, oğlum və yaxud qızım, onlar köməklik edirlər. Dediyim kimi, demək olar istənilən kənd uşağı bu sənəti bacarır".

Aliyə xanım belə evlərin inşası üçün isə hər palçığın yaramadığını, bunun üçün xüsusi gil lazım olduğunu vurğuladı. Çünki istənilən palçıq divarda qalmır. Həm də ev inşası üçün lazım olan gili kəndin istənilən yerindən əldə etmək olmur:

“Ev inşası üçün də xüsusi gil var. Palçığın suyu tez çəkildiyindən onu divara hörəndə az-az suvayıram. Çünki suvaq palçığının suyu tez çəkilərsə, onu hamarlamaq olmur. Palçıq evlər də digər evlər kimi demək olar, daimidir. Kənar təsirlər olmazsa, palçıq evlərə heç bir şey olmur. Sadəcə palçığın tərkibində qılçalar olduğundan quşlar divarları dimdikləyirlər. Əgər vaxtında divar məcunlanarsa və ya əhənglənərsə, ümumiyyətlə, belə evlərə heç bir şey təsir etməz”.

Usta xanım Aliyə Xalıqova sənətini öz övladlarına da öyrədib. Hazırda oğlu Ruziyar Şıxvəlizadə Aliyə xanımla birgə gil evlər inşa edir.

“Mən dünyanı dərk edəndən anamın gildən ev tikdiyini görmüşəm. Əlimdən gəldiyi qədər anama suvaq işləri görən zaman köməklik edirəm. Əsasən palçığı ayaqlamaqda, palçığı vedrələrə doldurub evə daşımaqda, bir də suvaq işini görəndə anama kömək edirəm”.

55
Ovçu

Azərbaycanda Milli Parkın əməkdaşlarını güllələdilər

0
(Yenilənib 12:43 28.01.2021)
Qızılağac Milli Parkının üç əməkdaşı iş başında olarkən güllələnib. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma başlayıb

BAKI, 28 yanvar — Sputnik. Yanvarın 27-də Qızılağac Milli Parkının mühafizə yegerləri və mühafizə müfəttişinə qarşı zor tətbiq olunması ilə bağlı Lənkəran rayon Prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin gün saat 23 radələrində Qızılağac Milli Parkının mühafizə yegerləri Zahir Bəşirov, Ceyhun Mustafayev və mühafizə müfəttişi Natiq Rzazadənin qanunsuz ov edən şəxslərin müəyyən edilməsi məqsədilə parkda xidməti vəzifələrini icra edərkən naməlum şəxs onlara ov tüfəngindən atəş açıb. İnsident zamanı işçilər xəsarət alıblar.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

0
Teqlər:
cinayət, güllələnmə, əməkdaş, Qızılağac Milli Parkı