Şagirdləri üçün yeni dərs üsullarını öyrənən ucqar kəndin müəllimi

376
(Yenilənib 17:18 22.04.2020)
Azərbaycanda koronavirus təhlükəsinə görə bütün ölkə üzrə məktəblərdə dərslər dayandırılıb. Buna baxmayaraq, ucqar kənd müəllimi şagirdləri ilə tədrisi davam etdirmək üçün yeni üsullara əl atıb. Onun bunu necə bacardığını videomuzda izləyin.

Bu ilin martın 3-dən bütün təhsil müəssisələrində ənənəvi tədris və dərslər dezinfeksiya və profilaktika işləri ilə əvəz edilib. Bir çox məktəb müəllimi isə təhsilin qeyri-ənənəvi üsullarına əl atmalı olub. 

Paytaxtda bu daha asan olsa da, rayon, xüsusilə də ucqar kəndin müəllimləri üçün bu, səsləndiyi qədər asan deyil. Qax rayonunun Qaratala kənd tam orta məktəbində 40 ilə yaxındır riyaziyyat müəllimi olan Nəhayət Hüseynova şagirdləri üçün hələ də mütəmadi olaraq çalışır. Bunun üçün isə bir çox kompüter proqramını sıfırdan öyrənməli olub.

“Əvvəlcə inanmırdım ki, şagirdləri bu cür bir araya yığmaq mümkün olacaq. Bilmədiyim bəzi proqramlar var idi, amma onları da yavaş-yavaş öyrəndim. Bu gün mobil telefon artıq həyatımın ayrılmaz bir hissəsinə çevrilib və asanlıqla dərsləri bu yolla keçməyi bacarıram”, - deyə Nəhayət xanım bizimlə bölüşüb.

Buna baxmayaraq, o etiraf edir ki, bu cür dərslər ənənəvi təhsilin yerini verə bilmir. Bəzən hava şəraiti ilə əlaqədar olaraq kənddə elektrik kəsilir. Rayonda internet bağlantısının bəzən zəif olması da müəyyən problemlər yaradır. Amma Nəhayət xanım əzmlə şagirdlərinə dərs deməyə davam edir. Hər dərsdən əvvəl isə onlara şəxsi gigiyena qaydalarına əməl etmələri haqda tövsiyələr verir.

376
Əlaqədar
Məktəblilər üçün yeni dərs
Nazirlik ölkədə yaranan internet probleminin səbəbini açıqladı - Günahkar biz imişik
Məktəb, koronavirus və D vitamini - "Təhlükə qala-qala tədris bərpa olunmayacaq"
Koronavirusla bağlı suallar imtahana salına bilər
Təşəbbüs gözəldir, dəstəyi baha və bərbad - onu da şagirdlər həll etməlidirlər?

“Sənsən eşqim, zəfərim” Xaricdə yaşayan azərbaycanlılardan video fleşmob

41
Bu gün Azərbaycan ən əziz günü – Respublika Gününü qeyd edir. Bu münasibətlə, xaricdə yaşayan azərbaycanlılar öz vətənlərinə sevgi etirafı ediblər. Daha ətraflı videomuzda izləyin.

Şərqdə ilk demokratik respublika düz 102 il bundan öncə məhz Azərbaycanda elan edilib. Bu gün, xaricdə və ya ölkədə yaşamaqlarından asılı olmayaraq, bütün azərbaycanlılara vətənlərinə qarşı sevgi və həmrəylik birləşdirir. Bu dəfə məhz xaricdə yaşayan azərbaycanlılar Sputnik Azərbaycan-ın fleşmobuna qoşulublar.

Onlar SSRİ xalq artisti Müslim Maqomayevin əfsanəvi “Azərbaycan” kompozisiyasını ifa ediblər və beləliklə öz vətənlərinə sevgi etirafı ediblər.

41

“Azərbaycan toylarının yerini heç vermir” Amerikalı sahibkar ölkəmiz haqqında

87
(Yenilənib 12:46 27.05.2020)
3 il yarım öncə Frimen ailəsi ABŞ-dan Azərbaycana köçməklə, Bakını öz ikinci evi etdilər. Amerikalı sahibkar Brent Frimenin Azərbaycan haqqında təəssüratlarını videomuzda izləyin.

Bu müddət ərzində Frimen ailəsi ölkəmizin maraqlı ənənələrini öyrənir, ölkəmizi qarış-qarış gəzir və buradakı həyatlarını dolu-dolu yaşamağa çalışır. Ailə başçısı Brent Frimen hətta öz ailə biznesini belə Azərbaycana həsr edib. Onlar azərbaycanlı ustaların hazırladığı unikal suvenirləri xarici auditoriyaya çatdırmaqla məşğuldurlar.

Bu illər ərzində onlar bir çox yeməyimizin dadına baxıb, bir çox rayonda olublar. Brentin ən çox yadında qalan məqam isə azərbaycanlı dostlarının evlərində qonaq olmalarıdır.

“Mən burada azərbaycanlı dostlarımdan çox şey öyrənmişəm. Onlar mənə qonaqpərvərliyin nə olduğunu öyrədiblər. Burada fikir verdiyim birinci məqam isə ailəyə, münasibətlərə verilən önəmdir”, - deyə Brent bizimlə bölüşüb.

Amma Brent üçün ən yadda qalan məqamı əsl Azərbaycan toylarına getmək olub. Azərbaycanlı dostları ilə səmimi söhbətləri yadında qalıb. Onun fikrincə, azərbaycanlılar ümumiyyətlə həyatı dolu-dolu yaşamağı bacarırlar.

Brent Frimen və ailəsi ölkədən köçmək fikrində deyillər. Onlar ildə bir dəfə əzizlərini görmək üçün ABŞ-a gedir, amma sonra mütləq yenidən Bakıdakı həyatlarına qayıdırlar. Onların iki qızı isə Azərbaycan dövlət məktəbində oxuyur. Onlar özlərini çoxdan qürurla amerikalı azərbaycanlı adlandırırlar.

87

Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı

0
Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

BAKI, 28 may - Sputnik. Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

0