Bakı əhlini uşaqlığına qaytardıq: bu gün qapıları bağlamaq olmaz

1041
(Yenilənib 13:23 10.03.2020)
Sputnik Azərbaycan Yel çərşənbəsində bakılılara uşaqlığını xatırlamağa dəvət edib. Görəsən, Bakı əhli ən son nə vaxt papaq atıb? Məzəli sorğumuzu videomuzda izləyin.

Papaq atmaq Novruz bayramının ən vazkeçilməz ənənələrindən biridir. Uşaqlıqdan xatırlayırıq ki, ən böyük papağı olana həsəd aparardıq. Hansı mənzillərdən daha çox pay qoyduqlarını da bir-birimizə deyərdik, sonra da yığdıqlarımızı bir araya toplayıb, qarnımız partlayanadək yeyərdik.

Biz də bir günlük də olsa bakılıları uşaqlıq illərinə qayıtmağa dəvət etdik. Gözlədiyimiz kimi, görüşdüyümüz bir çox insan cavab verməkdən elə yerindəcə imtina etdi, bəziləri isə (inanmaq çətin olsa da) ömürlərində heç vaxt papaq atmadıqlarını bildirdilər. Amma elə qəhrəmanlarımız da oldu ki, üzlərində təbəssümlə uşaqlıq illərinə qayıtdılar.

Qeyd edək ki, bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd edilir. Novruz bayramına bir həftədən bir az çox vaxt qalıb. Arzu edirik ki, heç bir virus təhlükəsi bayram əhvalınıza soğan doğramasın. Ən xoş arzularla, Sputnik Azərbaycan.

1041