İşıq kölgədən inanılmaz əsərlər rəssam adi əşyalara yeni baxış bucağı təklif edir

1285
Rəssam Rəşad Ələkbərov heç kimə lazım olmayan əşyalardan heyrətamiz instalyasiyalar yaradır. Sadəcə olaraq işığı düzgün quraşdırmaq lazımdır. Necə? Onda videomuza baxın.

İlk baxışdan Rəşad Ələkbərovun əl işləri heç kimə anlaşılmayan metal yığını kimi görünə bilər. Amma bu layihənin yalnız “üz” tərəfidir. Astarını başa düşmək üçün işıq düzgün quraşdırılmalı və işə müəyyən nöqtədən baxılmalıdır. Belə olan halda, işıq-kölgə vasitəsilə gözümüzün önündə “bu metal yığınından” gözləyə bilməyəcəyimiz bir sənət əsəri canlanır.

O, bütün dünyada kölgə instalyasiyaları ilə məşğul olan 7-8 nəfərdən biridir. Bu rəssamlar bir-birlərini çox yaxşı tanıyır, bir-birlərinin işlərinə bələddirlər. Və iş elə gətirdi ki, Rəşad bu ilin iyulunda Tayvanda işıq-kölgə instalyasiyalarına həsr edilmiş böyük sərgidə iştirak dəvəti aldı və bu rəssamlarla şəxsən tanış ola bildi.

Bu ideya da təsadüfi olaraq təcrübə nəticəsində yaranıb. 2001-ci ildə müasir incəsənət sərgisində yer almaq təklifi alan rəssam büdcə qıt olduğundan əl altında olan materiallardan – məişətdə istifadə olunan boş qutular və köhnə disk kimi əşyalardan istifadə etmək qərarına gəlib. Təcrübə nəticəsində yaranan bir layihə rəssamın artıq 19 ildir peşəkar olaraq çalışdığı sənətə çevrilib.

O, öz, belə desək, heykəlləri arasında fərq qoymur. Layihə üzərində çalışdığı an onu narahat edən problemləri qabartmağa, bu məsələlərə  yeni baxış bucağı təklif etməyə çalışır. Ola bilər ki, bir neçə aydan sonra işlədiyi mövzu aktuallığını itirsin. Amma rəssam bunun tamamilə normal olduğunu, özü üçün isə ən əsas məqamın yalnız qabağa getmək və növbəti işi haqqında düşünmək olduğunu düşünür.

Onun qeyri-adi heykəllərinin göz önündə necə canlandığını isə videomuzda izləyin.

1285

Soxulcan zülallı kekslər: Gələcəyin yeməyi beləmi görünür?

516
(Yenilənib 11:55 03.08.2020)
Latviya alimləri qeyri-adi keks reseptini işləyib hazırlayıblar. Soxulcanlı şirniyyatın necə göründüyünü isə videomuzda izləyin.

Ənənəvi inqrediyentlərə Latviya alimləri soxulcanlardan alınmış zülal əlavə ediblər.

“Bir alim kimi, bu soxulcanların zülal mənbəyi kimi qida məhsullarında istifadə edilə biləcəyi mənim üçün çox maraqlı gəldi”, - deyə Latviya Kənd Təsərrüfatı İnstitutunun dosenti İlqa Qedrovitsa bizə danışıb.

Bir çox ölkənin sakinləri artıq çoxdan həşərat və müxtəlif qurd növlərinə yemək kimi baxırlar. Onlar bunları “ənənəvi” ətin alternativi kimi görürlər. Riqalı alimlərin işi sayəsində bu alternativlərin siyahısı arta bilər. 

516

Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz "Arzu-1"miz

5589
(Yenilənib 16:11 31.07.2020)
Xaçmazın Arzu kənd sakini Cəlil Allahyarov müxtəlif maşın hissələrindən yeni avtomobil yaratmağa müvəffəq olub. Onun bunu necə etdiyini və maşının necə göründüyünü videomuzda izləyin.

58 yaşlı Cəlil Allahyarov 38 il elektrik avadanlıqları üzrə avtomobil ustası olub. Təsərrüfatında maşın gərəkli olduğunu görəndə isə onu almaq əvəzinə sıfırdan özü yaratmaq qərarına gəlib.

2 ay ərzində və 2,500 manata ərsəyə gətirdiyi avtomobil istifadəsində 7 müxtəlif maşın detallarından istifadə edilib. Alışdırma və əyləc sistemi “Qazel”, karbürator “VAZ 07”-dən, ötürmə sistemi “QAZ-24”-dən, mühərrik “Moskviç”-dən, qabaq faralar “KamAZ”-dan, oturacaqlar isə “Toyota”-dan götürülüb. Maşının karkasını isə usta dəmir lövhələrdən öz əlləri ilə düzəldib.

Avtomobil 1 ton yük daşımaq gücündədir, saatda 80-100 km sürətlə hərəkət edir. Maşın hər kəsin marağına səbəb olsa da, usta onu satmaq fikrində deyil. O, maşını məhz özü üçün, kənd təsərrüfatında istifadə etmək üçün yaradıb. Adını isə yaşadığı kəndin şərəfinə “Arzu-1” qoyub.

Cəlil bəy bu avtomobilini patentləşdirmək, gələcəkdə isə kvadrasikl və amfibiya maşın yaratmaq fikrindədir. 

Xatırladaq ki, amerikalı məşhur ixtiraçı, mexanik, sənayeçi və biznesmen Henri Ford 1893-cü ildə işdən sonrakı boş vaxtlarında özünün ilk avtomobilini düzəldib, 1903-cü ildə "Ford Motor Company"ni təsis edib.

5589

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

0
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

0