Krasnodarlı rəssam Bakıda binaları "danışdırdı"

480
(Yenilənib 16:09 30.10.2019)
Krasnodarlı “street-art” (küçə incəsənəti) rəssamı Georgi Kurinov Bakını gözəlləşdirmək əzmindədir. O, köhnə 9 mərtəbəli binaların fasadlarında əsl rəsm əsərləri yaradır. Bunun necə göründüyünü isə Sputnik Azərbaycan-ın videosunda izləyin.

Artıq səkkiz ildir “Gooze Art” ləqəbi altında işləyən Georgi Kurinov şəhərimizin iki doqquzmərtəbəli binasında əsl rəsm əsərləri yaradıb. Artıq bunlar hər kəsin fikir vermədən keçdiyi boz binalar deyil, əksinə, hər səhər eyvana çıxıb feyziyab olmaq istədiyi sənət əsəridir.  

Küçə rəssamının bir ay üzərində işlədiyi konsepsiyaya uyğun olaraq üz-üzə dayanan iki fasad üzərində tipik Azərbaycan qadını və kişisi obrazı diptix şəklində işlənib.

“Bu rəsmin kompozisiyası Azərbaycan naxışı olan buta şəklində qurulub. Vizual olaraq bu iki binanı birləşdirsək, ürək şəkli yaranır”, - deyə Georgi bizimlə bölüşüb.

Hər birinin üzərində bir həftə çalışan Kurinov rəsmə başlamazdan öncə bir aydan artıq Azərbaycan haqqında oxuyub, folklor və eposumuzla tanış olub və eskizlərini durmadan yeniləyib. Özünü də qafqazlı adlandıran Georgi işlərini bitirdikdən sonra Bakını gəzib, üzərində işlədiyi hər elementi öz gözlərilə görmək istədiyini bildirib.  

Georgi 14 ildən artıqdır ki, qrafiti ilə məşğuldur. Onun irimiqyaslı işlərinə Belçikada, Niderlandda və Almaniyada rast gəlmək olar. Bakıdan sonra isə növbəti beynəlxalq layihəsi Türkiyədə olacaq.  

Qeyd edək ki, Bakıda artıq bir neçə yerlərdə bu cür fasadlar “canlanıb”, rəsm əsərləri üçün kətana çevrilib. Onların üzərində xüsusilə dəvət edilmiş beynəlxalq qrafiti ustalarından başqa, yerli rəssamlar da çalışırlar. Biz isə bu cür rəsmlərin daha çox olmasını arzu edirik və bu yerlərdə yaşayanlara səhər qəhvəsini və ya çayını mətbəxdə deyil, eyvanda həyətlərindəki “muzeyə” baxaraq içməyi təklif edirik.

480