Qaydaları hər kəsi çaş-baş salan idman növü Bakıda “softball” həvəskarları

125
(Yenilənib 17:03 23.08.2019)
Sputnik Azərbaycan sizi maraqlı hobbiləri olan insanlarla tanış etməyə davam edir. Bu dəfəki qəhrəmanlarımız “softball” həvəskarlarıdır. “Softball”un nə olduğunu isə videomuzdan öyrənin.

Bu insanlar hər bazar günü, qara, yağışa, günəşə məhəl qoymadan səhər saat 7-də oyanıb “softball” oynamağa gəlirlər. Bəlkə də Azərbaycanda bu oyunun mövcud olduğunu və onun qaydalarını başa düşən yeganə qrup da məhz onlardır.

“Softball” ən çox ABŞ-da populyar olan beysbol oyununun, belə desək, həvəskarlar üçün olan variantıdır. Beysbol topundan daha böyük topla oynanılır, yarış sahəsi daha balacadır, topun atılma sürəti də daha yavaşdır.

Bir vaxtlar Azərbaycanda beysbol komandasının üzvləri bir gün qəzetdə elan görüblər. Elanı isə Azərbaycanda o vaxtlar işləyən amerikalı “softball” həvəskarları veriblər. Həmin gündən Sergey Molçanov və onun dostları hər bazar yığışıb bir-neçə saat oynayırlar.

“Sovet İttifaqı vaxtında öz beysbol komandamız var idi. Burada həmin komandanın bəzi oyunçuları da oynayır. “Softball”u isə 1995-cı ildən oynayırıq. Yalnız güclü külək və ya yağış zamanı oynamırıq. Digər vaxtlar isə hər bazar günü 15-30 nəfər yığışıb, bura gəlirik” - deyə “softball” həvəskarı bizimlə bölüşüb. 

Qaydaları olduqca qəlizdir. Zərbəçi topu dəyənək ilə vurmağa çalışır, daha sonra o, oyun sahəsindəki hər 3 bazadan keçərək “ev” bazasına qayıtmalıdır. Hər belə qaçışa görə komandaya 1 xal verilir. Amma bütün dünyada hər kəsin razılaşdığı bir məqam var. Beysbol oyununun qaydalarını sözlə izah etmək qeyri-mümkündür. Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bundan daha yaxşısı isə onu yalnız oynamaq ola bilər.  

125