Pəhrizə əlvida! Möhtəşəm bamiyə Videoresept

693
(Yenilənib 14:06 24.05.2019)
Azərbaycanın Şimal-qərb bölgəsinin məşhur şirniyyatlarından biri də bamiyədir. Qədim türk şirniyyatı sayılan bu desert növünü “tulumba” və ya “ballıbadı” da adlandırırlar. Bamiyənin reseptinin hazırlanma qaydasını videomuzda izləyin.

Bu təamın hazırlanma qaydasını artıq Sputnik Azərbaycan üçün bir neçə resept təqdim etmiş evdar qadın Baliçko Abdullayeva nümayiş etdirir.  

Qədimdən bu yana tükənməyən ləzzət
© Sputnik / Shahperi Abbasova

Lazım olan ərzaqlar:

- 250 q. un

- 1 ç.q. çay sodası

- 1 ç.q. duz

- 1 yumurta

- bitki yağı

- şəkər tozu

Una çay sodası, duz və qaynar su əlavə edib xəmir yoğurulur, soyuduqdan sonra ona yumurta qatılır. Xəmir yoğurulan zaman ələ yapışmaması üçün bir az bitki yağı vurulur. Baliçko Abdullayeva israr edir ki, xəmir üçün istifadə edilən su mütləq qaynar olmalıdır.

Xəmir ətçəkən maşından keçirilir. Lakin ətçəkən maşının bıçaq yerinə ortasında xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7-8 sm uzunluqda bərabər hissələrə bölünür.

Bamiyə bitki yağında qızardılır, şəkər şərbətinə hopdurulur. Şərbət isə 6 stəkan şəkər tozu və 6 stəkan sudan hazırlanılır. Şərbət qaynayandan sonra Baliçko xanım onun içinə 1 dilim limon atmağı məsləhət görür. Belə olan halda bamiyələr daha parlaq alınır. Qeyd edək ki, bamiyələr yalnız soyuq şərbətin içinə salınmalıdır.

Nuş olsun!

693