Hər kəsi birləşdirən qələbə: Bakıda “Ölümsüz Alay” yürüşü keçirildi

96
(Yenilənib 14:12 09.05.2019)
Qələbə gününün 74-cü ildönümünü qeyd etmək üçün Bakı sakinləri öz doğmalarının portretləri ilə küçələrdən keçiblər və faşizm əleyhinə mübarizə aparanların xatirəsini bir daha yad ediblər. “Ölümsüz Alay” aksiyasının Bakıda necə keçdiyini Sputnik Azərbaycan-ın videosunda izləyin.

Böyük Vətən Müharibəsinin iştirakçılarının xatirəsinə həsr edilmiş “Ölümsüz Alay” yürüşü Bakıda artıq dördüncü dəfədir ki, keçirilir. Hər il bu aksiyaya qoşulanların sayı artır. İştirak edən hər kəs doğmalarının portretlərini fəxrlə daşıyır, müharibə marşlarını oxuya-oxuya onların xatirələrini bir daha yad edir.

Ötən illərdə olduğu kimi, yürüşün iştirakçıları Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksinə də baş çəkiblər. “Ölümsüz Alay” aksiyasının əsas missiyası Böyük Vətən Müharibəsinin iştirakçıları haqda xatirələri qoruyub-saxlamaq, gələcək nəslə ötürməkdir. Bu cür yürüşlər Qələbə Günündə bütün dünya üzrə bir neçə şəhərdə keçirilir.

Xatırladaq ki, BVM illərində 600 min azərbaycanlı əsgər cəbhəyə yollanıb. Bunlardan 40 mini könüllü olaraq silahlanıb, vətənin keşiyində durmağı özünə borc bilib.

96