CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“İki ildə bütün rekordları qırmışıq” – Azərbaycan markası 100 ilini qeyd edir

Abunə olmaq
Bu il Azərbaycan markasının düz 100 ili tamam olur. “Azərmarka”nın bu tarixi necə qeyd edəcəyini və buraxılan möhtəşəm marka kolleksiyalarını Sputnik Azərbaycan-ın videosunda izləyin.

“Azərmarka” 1992-ci ildə yaradılıb. Bu 26 il ərzində bir çox sərgidə iştirak edib, medala sahib olub və 1500-dən artıq marka çap edib. Markalarda Azərbaycan üçün hər bir önəmli tarixi yad etməyə çalışıblar.

“Azərmarka”nın direktoru Leyla Güləliyevanın dediyinə görə, son iki il ərzində marka buraxılışı üzrə bütün rekordları qırıblar. Müsahibimiz bildirir ki, Azərbaycan markaları son vaxtlar olduqca populyarlaşır. Braziliya, Belçika və İngiltərə kimi müxtəlif ölkələrdən müraciətlər alırlar. Ən maraqlısı isə odur ki, müraciətlərin çoxu məhz uşaqlardan gəlir.

“Sovet vaxtlarında marka yığmayan uşaq tapmaq çətin idi. Amma biz bunu dərrakəli şəkildə etmirdik. Çox nadir hallarda böyüyəndən sonra da marka kolleksiyası ilə məşğul olurduq. İndiki uşaqlar isə fərqlidir. Onlar nə istədiklərini çox yaxşı bilirlər. Biz müxtəlif ölkələrdən 11-12 yaşlı uşaqlardan müraciətlər alırıq. Onlar bizə maraqlandıqları mövzuları göndərir, bizim abunə siyahımıza yazılmağı xahiş edirlər”.

“Azərmarka” uşaqlarla işə çox həssas yanaşır. Onlar hər il müxtəlif müsabiqələr elan edir, balacalarımızı filateliyaya cəlb etmək istəyirlər. Məsələn, ötən il respublikamızın 100 illiyi ilə bağlı uşaqlar arasında rəsm müsabiqəsi elan edilib. Plana görə, bu rəsmlərin arasından 3-ü seçilib poçt kartı kimi çap edilməliymiş. Amma seçim etmək o qədər çətin olub ki, axırda 12 poçt kartı çap etmək qərarına gəliblər.

Dünyanı yaxınlaşdıran hobbi - Mənə Xəzərin təravətindən danış...  - Sputnik Azərbaycan
VİDEO
Dünyanı yaxınlaşdıran hobbi - Mənə Xəzərin təravətindən danış...

“Bu il də ənənəmizi davam etdirəcəyik və uşaq sərgisi təşkil edəcəyik. Amma bu dəfə, qalib gələn rəsmləri poçt kartı şəklində deyil, marka kimi çap edəcəyik” – deyə Leyla Güləliyeva vurğulayıb.

“Azərmarka”nın bu il təşkil edəcəyi ikinci sərgi isə onlar üçün xüsusilə əzizdir. Belə ki, bu il Azərbaycan markasının 100 ili tamam olur və bununla bağlı 20 oktyabr tarixində böyük filatelist sərgisi gözlənilir.

Leyla Güləliyeva təşkil edilən daha bir maraqlı aksiya haqqında da söz açıb. Ötən il 8 mart “Qadınlar Günü” ərəfəsində şirkət “Azərpoçt”-la birgə alış-veriş mərkəzlərindən birində kişilərə nadir bir imkan yaradıb. Onlar yerindəcə sevdikləri qadınlara açıqca və ya məktub göndərə biliblər. Leyla xanımın dediyinə görə, iki gün ərzində onlar o qədər açıqca satıb, o qədər sayda məktub göndəriblər ki, onlar üçün gözlənilməz olub.

Aksiyanın sorağı isə sonradan sosial şəbəkələrdən gəlib. İştirakçılar reaksiya videolarını internetə yerləşdiriblər. Yaxınlarından məktub, açıqca alan qadınlar göz yaşlarını saxlaya bilməyiblər. Müsahibimiz hesab edir ki, bu cür emosiyalar həyatımızın sonuna qədər bizimlə qalır və heç vaxt unudulmur. Onun fikrincə, hər markanın, hər açıqcanın öz tarixçəsi var. Buna görə də müasir elektronlaşmış dünyanın diktəsinə baxmayaraq, insanların yenə də əsl məktub yazmalarını çox vacib hesab edir.

Qeyd edə ki, adətən “Azərmarka” il ərzində 10-12 kolleksiya buraxır. Tiraj isə mövzudan asılı olaraq 2 mindən 3 milyona qədər fərqlənə bilir.

Xəbər lenti
0