“İstədiyim hər şeyə nail olmuşam” Kubu göz qırpımında yığan gəncəli tələbə

215
(Yenilənib 10:54 01.05.2019)
İlk Rubik kubunu 14 yaşında əlinə alan 18 yaşlı tələbə Cavid Nəbizadə birinci dəfədən onu yığa bilməyib. O gündən sonra gənc yarışçının işinin necə gətirdiyini Sputnik Azərbaycan-ın videosunda izləyin.

İlk kubunu Cavid Nəbizadəyə riyaziyyat müəllimi verib. Həmin gün kubu yığa bilməyən Cavid atasından xahiş edib ki, bu işin incəliklərini ona öyrətsin. Həmin gündən 4 il keçir və bu gün gənc yarışçı dördqat Azərbaycan çempionu adına layiq görülüb və 53 Azərbaycan rekordunu qıra bilib.

“Spid kubinq”, yəni Rubik kubunun sürətlə yığılması sahəsində Cavid istədiyi hər şeyə nail ola bilib. Təəccüblü bir şey də yoxdur, çünki gəncəli tələbə 3x3 kubu 8 saniyə 15 saniyəyə yığmaqla Azərbaycan rekordunu qırıb. İlk rekordunu isə elə 14 yaşındaca qırmağa nail olub. Hal-hazırda isə o, Azərbaycan Kub Assosiasiyasını böyütməklə məşğuldur. O, ilk yarışına Gəncədən gəlib. Hazırda yarışçıların sayının artmasına baxmayaraq, rayonlardan çempionatlara qatılanların sayı olduqca azdır. 18 yaşlı çempion da məhz bunu dəyişmək və yeni yarışçıları ilhamlandırmaq istəyir.

Bundan başqa, o, həm də kub üzrə təlimçi kimi çalışır. İnanır ki, buna həvəsi olan hər kəs 3-4 saat ərzində kubu yığmağı öyrənə bilər. Özü isə, 3x3 kubun neçə dəfə qarışdırılmasından asılı olmayaraq, hər dəfə kubu 10 saniyədən az müddətdə yığa biləcəyində iddialıdır. Bəs biz? Biz, əlbəttə ki, sözünə dərhal inandıq. Amma bunun nümayişini dəfələrlə görmək fürsətini də qaçırmaq istəmədik. Buna görə də videonun sonunda Cavid nəyə görə 4-qat çempionat olduğunu bir daha sübut etdi.

Azərbaycanda yalnız 6x6 və 7x7 kubları üzrə rekordlar Cavid Nəbizadəyə deyil, Mahir İsrafilova da aiddir. Cavid böyük kublara vaxt ayıra bilmədiyini və onları olduqca yorucu hesab etdiyini deyib.

Qeyd edək ki, hazırda 3x3 kubunun yığılması üzrə dünya rekordu 3.47 saniyədir.

215