Möhtəşəm Qayıdış: Qadınlardan ibarət milli futbol komandası yenidən başında

116
(Yenilənib 13:13 04.04.2019)
Böyük fasilədən sonra, nəhayət ki, Azərbaycanın qadınlardan ibarət futbol üzrə “A” milli komandası yenidən iş başındadır. Qızlarımız 2020 Avropa Çempionatının seçmə mərhələsinə hazırlaşırlar. Futbolçularımızın ilk təlim məşqini necə keçirdiklərini isə Sputnik Azərbaycan-ın videosunda izləyin.

Komandanın baş məşqçisi Siyasət Əsgərov bildirib ki, 10 ilə yaxındır Azərbaycanın qatın futbolu üzrə “A” milli komandası olmayıb: “Bu ildən nəhayət ki, milli komanda ilə beynəlxalq yarışlarda iştirak etməyə başlayacağıq”.

Bu cür təlim məşqləri istənilən vaxt keçirilə bilmir, çünki komandamızda legioner həyatı yaşayan idmançılar da yer alıb. Məşqlərin onlarla birgə keçirilməsini təmin etmək üçün UEFA müəyyən pəncərələr təyin edib. Baş məşqçimiz isə bu pəncərələrdən hər birindən faydalanacaqlarını vurğulayıb.

Bu cür legioner həyatı yaşayan qadın futbolçularımızdan biri də 24 yaşlı Sevinc Cəfərzadədir. 14 ildir futbolla məşğul olan Sevinc müxtəlif azyaşlı komandalarda yer alıb, hazırda isə Krasnodarın “Kubanoçka” klubunun əsas heyətində oynayır. Bu ildən Azərbaycanın milli komandasının yenidən yığıldığını öyrənən gənc idmançı çox sevinclidir: “Əvvəllər də milli komandamız olub. Amma indiki heyətin fərqi ondan ibarətdir ki, gənc oyunçularımız daha çoxdur. Yeni yaranmışıq. Perspektivli komanda hesab olunuruq. Yüksək nəticələr əldə etmək üçün əlimizdən gələni edəcəyik”.

Qarşıdan komandanı 2020 Avropa Çempionatının seçmə mərhələsi gözləyir. Düşdüyümüz qrupda İspaniya, Polşa, Çexiya və Moldova kimi komandalar yer alıb. Siyasət Əsgərovun dediyinə görə, İspaniya qadın futbolunda hegemon komandalardan biri hesab olunur. Amma baş məşqçi komandamızın yaxşı nəticə göstərmək üçün çalışacağına inanır.

Diqqətimizi çəkən məqamlardan biri də, qızların oğlanlarla oynamaları idi. Baş məşqçi bunu hal-hazırda yüksək səviyyəli klubların azlığı ilə əlaqələndirib. Bu cür oyunlarda isə qadın idmançılarımızın buraxdıqları səhvlər görünür və komanda daha sonra diqqətini onların düzəldilməsinə cəmləyir.

Biz isə qızlarımıza bol-bol uğurlar arzu edir və bütün oyunlarında onlara dəstək olacağımıza söz veririk.

116