Xonçalarımızın “kraliçası” şəkərburanı necə naxışlamalı

5022
(Yenilənib 18:03 19.03.2019)
Novruz Bayramının vazkeçilməz atributlarından biri də şəkərburadır. Onun hazırlanma qaydasını biz artıq nümayiş etdirmişik. Bu dəfəki videomuzda isə şəkərburaya vurulan müxtəlif naxışlarla tanış ola bilərsiniz.

Evdar qadın Dilarə Əliheydarovanın sözlərinə görə, şəkərburaya naxış vurmaq üçün bütün xəmiri kündələmək və yaymaq lazım deyil. Haradasa, 10 şəkərbura üçün kifayət edəcək qədər xəmir çıxarmaq, qalanını isə soyuducuda saxlamaq lazımdır ki, xəmir qalxmasın və qurumasın.

Kündələri yayandan sonra, təxmini 2 qaşıq içlik əlavə edirik və kənarlarını ehmalca birləşdiririk. Dilarənin hazırladığı içliyin resepti isə belədir:

200 qram qoz

200 qram şəkər tozu

Zövqə görə ədviyyatlar – hil və vanil

Qoz sobada və ya qaz plitəsinin üzərində bir qədər qovrulur, qabığı çıxarılır ki, içlik ağ olsun. İçliyi fındıqdan da hazırlamaq olar. 

Şəkərburanın kənarlarını birləşdirəndən sonra onları bir az yastılaşdırır və alt hissədən başlayaraq yuxarıya doğru bururuq. Bitirdikdən sonra şəkərburanı tərs üzünə qoyuruq ki, naxış vuracağımız tərəf qurumasın.

Birinci naxış sünbülə bənzəyən ənənəvi cınağı naxışıdır. İnanclara görə, sünbül ruzi-bərəkət rəmzidir. Bu naxışı edərkən cığırların arasındakı məsafənin eyni olmasına diqqət edirik.

İkinci naxış son zamanlar sevilən “şahmat” naxışıdır. Sonuncu naxışı çoxumuz mağazalarda satılan şəkərburalar üzərində görürük. Bu naxışı ev şəraitində etmək olduqca asandır. Şəkərburanın mərkəzinə yeməli “muncuq” qoyuruq və ətrafında “gül” naxışını çəkirik. Ətraflarını isə adət etdiyimiz cınağı naxışı ilə doldururuq.

Şəkərburaların naxışları hazır olandan sonra sobanızdan asılı olaraq 100-150 dərəcədə 20-25 dəqiqə bişiririk. Diqqət yetirmək lazımdır ki, şəkərburaların üstü və altı qızarmasın.

Nuş olsun!

5022

Soxulcan zülallı kekslər: Gələcəyin yeməyi beləmi görünür?

517
(Yenilənib 11:55 03.08.2020)
Latviya alimləri qeyri-adi keks reseptini işləyib hazırlayıblar. Soxulcanlı şirniyyatın necə göründüyünü isə videomuzda izləyin.

Ənənəvi inqrediyentlərə Latviya alimləri soxulcanlardan alınmış zülal əlavə ediblər.

“Bir alim kimi, bu soxulcanların zülal mənbəyi kimi qida məhsullarında istifadə edilə biləcəyi mənim üçün çox maraqlı gəldi”, - deyə Latviya Kənd Təsərrüfatı İnstitutunun dosenti İlqa Qedrovitsa bizə danışıb.

Bir çox ölkənin sakinləri artıq çoxdan həşərat və müxtəlif qurd növlərinə yemək kimi baxırlar. Onlar bunları “ənənəvi” ətin alternativi kimi görürlər. Riqalı alimlərin işi sayəsində bu alternativlərin siyahısı arta bilər. 

517

Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz "Arzu-1"miz

5625
(Yenilənib 16:11 31.07.2020)
Xaçmazın Arzu kənd sakini Cəlil Allahyarov müxtəlif maşın hissələrindən yeni avtomobil yaratmağa müvəffəq olub. Onun bunu necə etdiyini və maşının necə göründüyünü videomuzda izləyin.

58 yaşlı Cəlil Allahyarov 38 il elektrik avadanlıqları üzrə avtomobil ustası olub. Təsərrüfatında maşın gərəkli olduğunu görəndə isə onu almaq əvəzinə sıfırdan özü yaratmaq qərarına gəlib.

2 ay ərzində və 2,500 manata ərsəyə gətirdiyi avtomobil istifadəsində 7 müxtəlif maşın detallarından istifadə edilib. Alışdırma və əyləc sistemi “Qazel”, karbürator “VAZ 07”-dən, ötürmə sistemi “QAZ-24”-dən, mühərrik “Moskviç”-dən, qabaq faralar “KamAZ”-dan, oturacaqlar isə “Toyota”-dan götürülüb. Maşının karkasını isə usta dəmir lövhələrdən öz əlləri ilə düzəldib.

Avtomobil 1 ton yük daşımaq gücündədir, saatda 80-100 km sürətlə hərəkət edir. Maşın hər kəsin marağına səbəb olsa da, usta onu satmaq fikrində deyil. O, maşını məhz özü üçün, kənd təsərrüfatında istifadə etmək üçün yaradıb. Adını isə yaşadığı kəndin şərəfinə “Arzu-1” qoyub.

Cəlil bəy bu avtomobilini patentləşdirmək, gələcəkdə isə kvadrasikl və amfibiya maşın yaratmaq fikrindədir. 

Xatırladaq ki, amerikalı məşhur ixtiraçı, mexanik, sənayeçi və biznesmen Henri Ford 1893-cü ildə işdən sonrakı boş vaxtlarında özünün ilk avtomobilini düzəldib, 1903-cü ildə "Ford Motor Company"ni təsis edib.

5625
Kompüter arxasında qız, arxiv şəkli

Dəyişikliyin astanasındayıq: ənənəvi peşələr əhəmiyyətini itirəcək

4
(Yenilənib 02:14 04.08.2020)
"Çox güman ki, turizm agentliklərinin getdikcə sıradan çıxmasının şahidi olacağıq. Bir yükləmə ilə bilet almaq, otel seçmək, tur seçmək mümkündürsə, artıq fiziki turoperatorlara ehtiyac qalmayacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. "Son 150-200 ildə 90 faiz peşələr dəyişib. Zaman-zaman yeni peşələrin yaranması və ənənəvi peşələrin tamamilə sıradan çıxması mümkündür. 60 il bundan qabaq liftçi qızlar var idi, artıq bu gün yoxdur".

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a pandemiya dövründə dünyada yeni peşələrin önə çıxmasından, bir sıra ənənəvi peşələrin isə əhəmiyyətini itirə biləcəyindən danışarkən deyib.

O bildirib ki, koronavirus pandemiyası dünyanın rəqəmsallaşmasını xeyli sürətləndirəcək:

"Artıq bir sıra ölkələr rəqəmsal iqtisadiyyata keçidi daha da sürətləndirib. Rəqəmsal iqtisadiyyatın gətirdiyi yeni peşələr daha çox populyar olacaq. Onlayn satışlar və onlayn xidmətlər kimi peşələr daha çox populyar olacaq. Yəqin, gənclərin də bu sahələrə marağı artacaq".

Ənənəvi peşələr ilə bağlı danışan ekspert bildirib ki, rəqəmsallaşma artdıqca, məsələn, ənənəvi bankçılıq dəyişəcək: "Yəni bank şöbələrinin fiziki olaraq qalmasına ehtiyac qalmayacaq. 

Çox güman ki, turizm agentliklərinin getdikcə sıradan çıxmasının şahidi olacağıq. Bir yükləmə ilə bilet almaq, otel seçmək, tur seçmək mümkündürsə, artıq fiziki turoperatorlara ehtiyac qalmayacaq. Bu sahədə də ciddi azalmanın olması ehtimalı var. Dünyada artıq 250 minə yaxın restoran və kafenin bağlandığı xəbərləri var. Bu, çox böyük rəqəmdir və getdikcə bu tendensiya da arta bilər. İnsanların pandemiyadan doğan davranış qaydaları da dəyişir".

"Bütün bunlar yeni iş yerlərinin yaranmasına, yeni istiqamətlərin formalaşmasına, bir sıra köhnə peşələrin isə yavaş-yavaş sıradan çıxmasına səbəb olacaq. Məsələn, son zamanlar Avropada ən populyar yeni peşələrdən biri onlayn psixoloqlardır. Onlayn psixoloji yardım göstərərək pul qazana bilirlər", - deyə o qeyd edib.

Ekspert bildirib ki, rəqəmsal iqtisadiyyat istehsal və xidmət sahələrinin daha çox elektronlaşmasına, robotlaşmasına yol açır:

"Artıq müxtəlif mobil tətbiqlər mövcuddur. İnsanlar mobil tətbiq vasitəsilə həkimi ilə görüşə bilirlər və beləcə həkimə getməyə ehtiyac qalmır. Şəxsin xroniki xəstəliklər, ürək döyüntüsü, təzyiq ilə bağlı məlumatlarının, hətta analizlərin cavablarının onlayn rejimdə həkimə ötürülməsi və ondan məsləhətlər alınması mümkündür. Bir çox sahələr artıq rəqəmsallaşır, kağız dönəmi bitir".

"İstehsalın forması dəyişir, yəni istehsalda fiziki əməkdən daha çox, süni intellektdən, robotlardan istifadə genişlənir. Məsələn, 100 il əvvəl bir "Ford" avtomobilinin istehsalında 12 nəfərin əməyi var idisə, 50 il bundan əvvəl 5 nəfərin, bu gün isə 1 operatorun əməyi var. Bu da işsizlik ilə bağlı müxtəlif problemlər yaradır. Və dünyanı yaxın gələcəkdə ən çox məşğul edən problemlərdən biri də sərbəst qalmış əmək bazarının müxtəlif istiqamətlərə yönləndirilməsi olacaq", - deyə ekspert əlavə edib.

4
Əlaqədar
İş var: Altı ayda Azərbaycanda nə qədər adam işlə təmin edilib
Prezidentdən yeni nazirə tapşırıq: "Elə etməliyik ki, vətəndaşlar işlə təmin edilsinlər"
Kosmobioloq və neyroqastronom: koronavirusdan sonra hansı peşələr dəbdə olacaq?
Yeni təhsil islahatları – mütəxəssis olmaq üçün bəzilərinə kollec diplomu bəs etməyəcək
Azərbaycan məktəblərində şagirdlərə gələcəyi görməyi öyrədəcəklər: bu, mistika deyil