Süfrələrimizin şahı: Lobyalı turşulu döşəmə plov

5333
(Yenilənib 12:18 16.11.2018)
Azərbaycan süfrəsinin şahı sayılır plov. Nənələrimiz ta qədimdən ən dəyərli qonağına plov dəmləyərdilər. Toylarımızın, bayramlarımızın olmazsa-olmazlarından olan plovun 200-dən artıq növü var. "Aşını bişir, söylə; sözünü düşün, söylə", "Aş versən, aş verərlər, daş versən – daş" kimi atalar sözləri də əbəs yerə deyilməyib.

Azərbaycanın regionlarına görə plovun hazırlanma formaları və tərkibləri də müxtəlifdir. Hətta bəzi regionlarda plovu aş da adlandırırlar. Azərbaycanda, demək olar ki, hər regionun özünə xas plov növü var. Baliçko Abdullayeva gürcü olmasına rəğmən, Azərbaycan mətbəxinə azərbaycanlılardan daha yaxşı bələddir. Mətbəximizin sirlərini qayınanasınıdan öyrənən Baliçko xanım Qax rayonuna məxsus döşəmə plovun hazırlanma qaydasını təqdim edir.

Döşəmə plovun hazırlanması  üçün lazım olan ərzaqlar:

-düyü

-toyuq

-alça turşusu

-soğan

-lobya

-döyülmüş qoz ləpəsi

-2 x.q. qatıq

-sarıkök

-kərə yağı

-zövqə görə duz və istiot

Öncə toyuq bir neçə hissəyə ayrılır. Daha sonra soğan nazik doğranıb alça turşusu ilə əzilir. Üzərinə düz və istiot da əlavə etdikdən sonra həmin qarışıq toyuğun üzərinə çəkilir. Onu da qeyd edək ki, toyuq nə qədər turşuda qalsa, bir o qədər dadlı olar. 

Döşəməli plovun hazırlanmasında vacib olan ərzaqlardan bir də lobyadır. Lobya bir neçə saat suda saxlanılır. Daha sonra qaynadılır. Bişdikdən sonra suyu süzülür, üzərinə döyülmüş qoz ləpəsi, narın doğranmış soğan, zövqə görə duz və istiot əlavə olunur.

Plovdan anlayışı olan xanımlarımız bilirlər ki, düyü qaynadılmazdan əvvəl duzlu suda bir neçə saat qalsa, bişirilməsi bir o qədər asan olar. Əvvəlcə düyü suda isladılır. İslandıqdan sonra başqa bir qazanda su qaynadılır. Qaynayan zaman suya duz atılır. Daha sonra isladılmış düyü suya əlavə edilir. Bişdikdən sonra düyü süzülür.

Plovun bişirilməsində vacib olan şərtlərdən biri də qazmağın hazırlanmasıdır. Ayrıca qaba 2 yumurta çırpılır, üzərinə 2x.q. qatıq, sarıkök, qaynadılmış düyü, zövqə görə duz və istiot əlavə edilib qarışdırılır. Plov dəmlənəcək qazan qızdırıldıqdan sonra dibinə kərə yağı çəkilir, sonra həmin qarışıq qazanın dibinə 1-2 sm qalınlıqda yayılır. Qatışığın üzərinə bir az düyü əlavə etdikdən sonra əvvəldən turşulanmış toyuq qoyulur. Daha sonra əvvəldən hazırlanmış lobyanı əlavə edilir və üzərinə süzülmüş düyü tökülür. Plov qazanını ağzına dəsmal qoyulduqdan sonra qapağı örtülür 1 saat ərzində vam odda dəmlənir.

Düyü dəmlənəndən sonra onu buluda, yaxud da siniyə tökmək, üzərini lobya, toyuq və qazmaq qoyulub süfrəyə təqdim etmək olar.

Nuş olsun!

5333