(4:10 / 26.09Mb / просмотров видео: 143)

Azərbaycan qonaqpərvərliyi: Yeni il masasının şahı - plov

7512
(Yenilənib 13:22 31.12.2016)
Azərbaycan xalqı Yaxın Şərq və Rusiyada öz qonaqpərvərliyi ilə məşhurdur. Bayram masası barədə xüsusi məlumat vermək üçün Sputnik Yeni ili qarşılayan Balıyevlər ailəsinə gedib.

Bütün ölkədə Yeni İl əhval-ruhiyyəsi hökm sürür. Hər yerdə "Qarşıdan gələn yeni iliniz mübarək, dostlar!" təbriki eşidilir. Balıyevlər ailəsi bayram süfrəsi hazırlayır və yaxınlarının ətrafında Yeni ili qarşılayır. 31 dekabr ölkədə ikiqat bayramdır. Burada həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunur.

Evdar qadın Məhliqa Balıyeva Yeni il süfrəsinin "şahı" olan plovu hazırlamaq üçün mətbəxə keçib. Evdar xanım Azərbaycanın müxtəlif rayonlarında onlarla növü olan plovlardan birinin reseptini bizimlə bölüşüb.

İnqridiyentlər:

Qoyun əti — 500 qr
Düyü — 4 stəkan
Doğranmış soğan — 5 ədəd
Kərə yağı — 300 qr
Şabalıd — 50 qr
Qazmaq üçün — 2-3 ədəd lavaş
Zövqə görə duz, istiot
Meyvə quruları:
Alça — 200 qram
Kişmiş — 150 qram
Ərik — 200 qram

Azərbaycan, xüsusilə də Qarabağda məşhur olan plovu hazırlamaq üçün qoyun əti, quru meyvə və şabalıd mütləqdir. Düyünü yuyaraq azı 2 saat soyuq duzlu suda islatmaq lazımdır. Məhliqa Balıyeva deyir ki, düyünü hətta axşamdan islatmaq olar ki, tez bişsin və əzilməsin.

Qoyun (yaxud mal) ətini doğramaq, yumaq, duzlu suda bişənə qədər qaynatmaq lazımdır. Qaynara düşəndə onun kəfi alınmalıdır ki, rəngi yaxşı olsun.

Soğanı yarımhalqa şəklində doğrayıb yağda qızardırıq. Sonra əti yağda qızardaraq soğan və meyvə quruları ilə birlikdə vam odda bişiririk. Yeri gəlmişkən, yaxşı olar ki, quru meyvələr qızardılsın, onun bir hissəsi ətə qatılsın, bir hissəsi isə ayrıca süfrəyə verilsin.

"Şabalıdı da meyvə quruları kimi qızartmaq lazımdır. Ondan əvvəl şabalıdları iki tərəfindən kəsərək qaynar suda 5 dəqiqə pörtlədilir, sonra suyu süzgəcdən süzülür, soyuq suyun altına tutulur və qabıqdan təmizlənir. Sonra azca vam odda qızardılıb ətə əlavə edilir." — deyə evdar xanım bildirir.

Düyünü qaynar duzlu suda azca bişənə qədər qaynadırıq. Sonra onu süzgəcdən süzürük.

Qazmaq üçün (plovun dibi) undan bişirilmiş hazır lavaşdan, xəmirdən hazırlanmış lavaşdan istifadə etmək olar. Yaxud da ayrıca qabda 4-5 qaşıq hazır düyünü yumurta, qatıq, sarıköklə qatıb onu da qazmaq eləmək olar.

Ayrıca qabda kərə yağına sarıkök və duz vurub onu əritmək lazımdır. Qazanın dibini yağlayandan sonra lavaşı, yaxud da düyü və yumurtadan hazırlanmış qazmağı sərmək lazımdır və elə etmək lazımdır ki, qazanın dibini tam tutsun. Sonra üzərinə düyünü tökmək, düyünün üzərini də qaşıqla hamarlayandan sonra sarıköklü kərə yağını, yaxud da kərə yağı və əvvəlcədən dəmlənmiş zəfəranı səpmək lazımdır.

Məhliqa xanımın dediyinə görə, plov qazanın ağzına dəsmal qoyub qapağını örtməklə 1 saat ərzində vam odda dəmlənir.

Düyü dəmlənəndən sonra onu buluda, yaxud da siniyə tökmək, üzərini qazmaq və meyvə quruları ilə bəzəmək, əvvəlcədən hazırlanmış qara ilə birlikdə süfrəyə vermək lazımdır.

7512