Flora Kərimovanın yeni klipinin təqdimatı oldu

33
(Yenilənib 12:15 05.06.2015)
Flora Kərimova: Bizim nazımıza və kaprizimizə dözə-dözə, oynaya-oynaya klipi ərsəyə gətirdilər.

BAKI, 3 iyun — Sputnik. Bizim nazımıza və kaprizimizə dözə-dözə, oynaya-oynaya klipi ərsəyə gətirdilər. 

Sputnik xəbər verir ki, bunu xalq artisti Flora Kərimova “Səni gözləyəcəyəm” mahnısına çəklimiş klipin təqdimatı zamanı söyləyib.

“Studiyadakı uşaqlar, xüsusən də rejissor Nail Naiboğlu sağ olsunlar. Onlar normal bir  klip alınması və hər şeyin yaxşı sonluqla bitməsi üçün bizim hər cür kapriz və nazımıza dözdülər”, —deyə Kərimova bildirib.

Kərimova onu da əlavə edib ki, klip çəkilişləri zamanı rejissor Nail Naiboğlunun adını düz deyə bilməyib: “Elə hər dəfə ona nədənsə Nail Mailoğlu deyirdim və o da hər dəfə buna etiraz edir və adını düz deməyi tələb edirdi. Nədənsə mənim dilimə belə düşmüdü. Sağ olsun o da sonda dedi ki, eybi yoxdu, necə istəyirsən elə de. Onlar çox əziyyətimizi çəkdilər.”

Klip haqqında fikrini bildirən xalq artisti dedi ki, qiyməti ancaq izləyici verə bilər: “Ancaq biz istədik ki, ortaya normal bir sənət əsəri çıxsın və bunun üçün də çalışdıq. İstədim ki, mən olmayanda musiqini dinləyib istirahət edəsiniz və zövq alasınız. Hesab edirəm ki, ortaya gözəl bir əsər qoya bilmişik. Ancaq onu deyə bilərəm ki, sizlərin bu sıcaq münasibəti məni isidəcək.”

Kərimovanın “mən olmayanda məni yad edib” sözləri isə etirazla qarşılandı. Xalq artistinin cavabı belə oldu: "İstədim bununla reaksiyanı öyrənim. Amma neyləmək olar hər bir başlanğıcın sonu var. Çalışmışam ki, hər zaman özümə kənardan və yuxarıdan baxım. Ölüm Allahın işidir. Bu bir qismət və taledir. Hələ ki, yaşamaq istəyirəm. Çünki sizin kimi məni sevənlər var, övladlarım var. Odur ki, ölümlə bağlı ürəyimə hansısa şübhə dolmayıb. Ancaq bir daha təkrar edirəm: bu Allahın işidir. Nə bilmək olar, sabah nə baş verəcək…”

33

Yay təamı qışda: Çoban salatını qış üçün necə bağlamalı videoresept

12
(Yenilənib 12:03 27.11.2020)
Yay və payız aylarında demək olar ki, hər yeməklə masaya mütləq çoban salatı verilir. Beyləqanlı evdar xanım Ətlas Allahyarova hamının sevimlisi olan bu salatı qış üçün necə konservləşdirməli olduğumuzu Sputnik Azərbaycan-a nümayiş etdirib.

Yay və payız aylarında qışa tədarük etmək hər bir ev xanımının sevə-sevə etdiyi işlərdəndir. Belə etməklə, həm qışda yay tərəvəzlərindən dadmış, həm də olduqca qənaət etmiş oluruq. Ümumiyyətlə, qış aylarında tutmaların xüsusi yeri var.

Beyləqanlı evdar xanım Ətlas Allahyarova çoban salatının qış üçün necə tutulduğunu nümayiş etdirib. Bunun üçün bizə hərəsindən bir kiloqram olmaqla pomidor, bibər və xiyar, bir dəstə cəfəri, 5 diş sarımsaq, yarım kiloqram soğan, duz, istiot və sirkə lazım olacaq.

İlk öncə tərəvəzlər yaxşıca yuyulur və orta ölçüdə doğranır. Daha sonra doğranmış tərəvəzlərə duz əlavə edilərək yaxşıca qarışdırılır və bankalara yerləşdirilir. Bankanın ağzına qədər soyuq su əlavə olunur və böyük qazanın içinə yerləşdirilərək qaynadılır. 15-20 dəqiqə qaynadıqdan sonra üzərinə yarım çay qaşığı sirkə əlavə edilərək, bankaların ağzı möhkəm bağlanır.

Nuş olsun! 

12

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi video

67
(Yenilənib 16:32 27.11.2020)
Anar Quliyev Suqovuşanın azad edilməsində iştirak edib, oradaca minaya düşərək bir ayağından məhrum olub. Onun qəhrəmanlıq əhvalatını videomuzda izləyin.

Vətən Müharibəsinə yollanan bütün igid oğullarımızın amalı bir olub – sona qədər bütün torpaqlarımızı qarış-qarış azad etmək. Bu onların canı bahasına başa gəlsə də, onlar bir an belə tərəddüd etmədən canlarını Vətən uğrunda fəda ediblər. Belə igidlərdən biri də Quba rayonu Amsar kənd sakini Anar Quliyevdir.

Bir ilin əsgəri olan Anar, oktyabr ayının 13-dən 14-nə keçən gecə Suqovuşan ərazisində minaya düşüb, sağ ayağının aşağı hissəsini itirib. Qazimiz ayağını itirdiyinə yox, tez yaralandığına görə peşman olduğunu bildirib. O, sonacan vuruşmaq istəyirdi.

“Hamı şad idi ki, irəli gedirik. Hamı arzu edirdi ki, geri qayıtmarıq, axıra qədər gedərik. Belə də oldu. Şükür Allaha, torpaqlarımız işğal altından azad edildi”, -deyə qəhrəman Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb.

Əldə etdiyimiz böyük qələbədə az da olsa payı olduğu üçün sevinən Anar son dəqiqəyə qədər ailəsinə yaralı olduğunu demək istəməyib. Onun valideynləri isə onunla fəxr etdiyini, ayağını itirsə də özü sağ qaldığına görə şükür etdiklərini deyiblər.

67
Şəhidin dəfni, arxiv şəkli

Şəhid ailələri müharibə əlilləri ilə bağlı tədbirlər planı hazırlandı

0
(Yenilənib 15:12 28.11.2020)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib ki, həmin tədbirlər çərçivəsində onların məşğulluq imkanlarının da artırılması təmin olunacaq.

BAKI, 28 noyabr — Sputnik. Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Bildirilir ki, Plan işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrini, müharibə əlilləri və digər iştirakçılarını geniş sosial dəstək tədbirləri ilə əhatə edəcək. Həmin tədbirlər çərçivəsində onların məşğulluq imkanlarının da artırılması təmin olunacaq. Bu məqsədlə Tədbirlər Planı hazırlanıb.

Plan işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir.

Tədbirlər Planında nəzərdə tutulur:

Şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının özünüməşğulluq proqramına qısa zamanda növbədənkənar cəlb edilməsi, onların istehsal-xidmət və kənd təsərrüfatı sahələri üzrə mal və materiallarla, avadanlıqlarla təmin edilməklə kiçik bizneslərinin yaradılması;

Döyüş zonasına yaxın olmuş bölgələrdə özünüməşğulluq proqramına cəlb olunan şəxslər üzrə kvotanın artırılması, proqram üzrə mal və materiallarla, avadanlıqlarla təminat işlərinin genişləndirilməsi;

Erməni terroru nəticəsində kiçik müəssisə və ailə təsərrüfatlarına ziyan dəymiş vətəndaşlara özünüməşğulluq proqramı çərçivəsində dəstəyin göstərilməsi;

Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının növbədənkənar cəlb edilməsi, döyüş zonasına yaxın olmuş bölgələrdə bu proqram üzrə kvotaların artırılması;

Həssas qruplardan olanlar üçün nəzərdə tutulan kvotadan başqa, əlavə olaraq şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün iş yerləri yaradan işəgötürənlər üçün həmin iş yerləri üzrə əməkhaqqının 100%-dək maliyyələşdirilməsi layihəsinin hazırlanması və icrası və s.

0
Teqlər:
Ali Baş Komandan cənab İlham Əliyev, Azərbaycan prezidenti İlham Əliyev, İlham Əliyev, plan, şəhid ailələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi