Rafael Hüseynov

Deputat: Həbsdəki QHT üzvləri Azərbaycana faydalı ola bilərdilər

57
Rafael Hüseynov: AŞPA hesabatlarının arxasında böyük güclər Azərbaycan kimi ölkələrdə xarici dilləri yaxşı bilən, kifayət qədər dünya görüşünə malik olan QHT üzvlərini, blogger və jurnalistləri özlərinin nüfuz dairəsinə salırlar.

BAKI, 17 iyun-Sputnik. 15 ildir ki, Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan bu təşkilatla nəinki sıx, qarşılıqlı səmərəli əməkdaşlıq edir, eyni zamanda öz aktivlyi ilə fərqlənən ölkələrdən biridir. Bunu Sputnik-ə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov deyib.

Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycan nümayəndə heyətinin üzvləri  bir sıra məruzələrin müəllifi olublar: “Avropa Şurasında ən yüksək status məruzəçi olmaqdır. Çünki bu AŞ-nın mövqeyini ifadə edən sənəddir. Əgər AŞ hər hansı ölkənin deputatına belə bir səlahiyyəti verirsə, bu, qurumun həmin ölkəyə olan münasibətinin göstəricisidir. 

Bundan əlavə, Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA-da müxtəlif alt qruplarda, komitələrdə rəhbərlikdə təmsil olunublar. Bütün bunlar bir daha Azərbaycanla AŞ arasındakı intensiv əməkdaşlığın göstəricisidir.”

Hüseynov onu da əlavə edib ki, Azərbaycan da digər gənc demokratik ölkələr kimi qurumun monitorinqi altında olan ölkələrdəndir. Ona görə də mütəmadi olaraq Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası və görülən işlərlə bağlı hesabatlar hazırlanır. “Növbəti belə bir məruzə AŞPA-nın yay sessiyasında müzakirə ediləcək. “Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında” hesabatı müzakirəyə çıxarılacaq. Bu hesabat məruzəçilər Pedro Aqramunt və Tadeuş Livinski tərəfindən hazırlanıb. Burada ötən hesabat dövründən sonra Azərbaycanda görülən işlər öz əksini tapıb. Kifayət qədər pozitiv məqamlar var. Bununla belə tənqidi məqamlar da yer alıb. Bu da təbiidir. AŞ elə bir qurumdur ki, orada heç də hər zaman tərifləmirlər, eyni zamanda  problemlərə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə tənqid də edirlər, problemin həllini yolunu göstərirlər. Düzdür tənqiddən tənqidə də fərq var. Bir var məsələyə obyektiv yanaşma, bir də var qərəzli yanaşma.”

Millət vəkili deyib ki, Azərbaycan nümayəndə heyəti bu sənədlə tanışdır və oradakı bir sıra müddəalarla razı olmadığı üçün özünün xüsusu  cavab rəyini hazırlayır. “Razı olmadığımız məqamlar müzakirlər zamanı parlamentarilərin diqqətinə çatdırılacaq və bu təkliflər sənədin qəbulu zamanı öz əksini tapacaq” — deyə Hüseynov vurğulayıb.

Sənəddə bir sıra məqamlarla, xüsusən də ölkədə insan haqları, QHT-lərə qarşı basqıların olması fikri ilə razılaşmayan Hüseynov deyib: “Son illərdə bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, Avropa Şurasında Azərbaycana qarşı siyasi təzyiqlərin şahidi olmaqdayıq. Təəssüflər olsun ki, bu təzyiqlərin arxasında qərəz dayanır. AŞPA-nın növbəti həftə keçiriləcək sessiyasına Azərbaycanla bağlı təqdim edilən sənəddə də bu qərəz açıq aydın  görünməkdədir.”

Azərbaycan nümayəndə heyətinin üzvü onu da deyib ki, Demokratiya üzrə Forum AŞ-nın son illərdə ən ali məclislərindən biri hesab olunur və ötən forumda orada bir tezis açıq şəkildə səsləndirilib: “Forumun arxasında dayanan iri güclər ayrı-ayrı ölkələrdə siyasi müxalif qüvvələrlə deyil, QHT təmsilçiləri, bloggerlərlə, jurnalistlərlə işləməyə üstünlük verdiklərini bəyan ediblər. Bu qüvvələr Azərbaycan kimi ölkələrdə xarici dilləri yaxşı bilən, kifayət qədər dünya görüşünə malik olan QHT üzvlərini, blogger və jurnalistləri özlərinin nüfuz dairəsinə salırlar. Onlar bu yolla bu şəxsləri xarici casus şəbəkələrinə cəlb edilər. Düşünürəm ki, belə insanların xarici casus şəbəkələrinə cəlb edilməsi Azərbaycan üçün itkidir. Bu gün həbsdə olan QHT üzvləri var ki, onlar faktiki olaraq Azərbaycana fayda verən adamlar ola bilərdilər. Ancaq faktlar onların xarici casus şəbəkələrinə cəlb olunduğunu sübut edir. Bu şəxslər ya bilərəkdən, ya da bilməyərəkdən demokratiya pərdəsi altında Azərbaycan dövlətçiliyinə və müstəqilliyinə qarşı təxribat xarakterli əməllərlə məşğul olublar. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, həmçinin regionda və dünyada aparıcı mövqeyə çıxması heç də bəzi iri güclərin marağında deyil və uğurlarımıza qısqanclıqla yanaşırlar. Ona görə də bu inkişafa mane olmaq, onu gözdən salmaq üçün müxtəlif yollara əl atırlar. Bu da həmin yollardan biridir. Bu güclər Azərbaycandakı sözügedən QHT təmsilçiləri, blogger və jurnalistlərdən istifadə edərək təzyiq göstərirlər. Bu təzyiqlərə baxmayaraq, ölkə başçısı kifayət qədər qətiyyət və iradə nümayiş etdirir. Hesab edirəm ki, bu mövqe sonadək davam etdirilməlidir” — Hüseynov qeyd edib.

Millət vəkili deyib ki, biz vətəndaşlarımızın qədrini və onların hüquqlarını müdafiə etməyi bizə demokratiya dərsini vermək istəyənlərdən yaxşı bilirik: “Biz vətəndaşlarımızın hüquqlarını qorumağı özümüzə borc bilirik. Ancaq insanlar sərhədləri aşıb dövlətçiliyimiz və müstəqilliyimiz əleyhinə fəaliyyət göstərəndə, onlar barədə hüquq müstəvisində tədbirlər görülür.”

Hüseynov hesab edir ki, bu təzyiqlər adətən Azərbaycanda mötəbər tədbirlər ərəfəsində ortaya çıxır. Belə bir təzyiq kampaniyası Birinci Avropa Oyunları zamanı da davam etdirilir: “Bu qüvvələr guya Azərbaycanda insan haqlarının kobud surətdə pozulmasını və demokratiyanın olmamasını uyduraraq Avropa Oyunları ilə bağlı qarayaxma kampaniyası aparırlar. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan bu oyunları axıradək yüksək səviyyədə keçirəcək və dünya ictimaiyyəti Azərbaycanın real inkişafının şahidi olacaqlar. Demokratiya pərdəsi arxasında gizlənən xarici kəşfiyyat orqanları və erməni lobbisinin təsiri altında olan güclər bu inkişafa kölgə salmaq üçün çirkin kampaniyanı davam etdirəcəklər. Elə AŞPA-da hazırlanan son hesabatın altından Pedro Aqramunt və Tadeuş Livinskinın imza atmalarına baxmayaraq, bu sənədə bəzi iri dövlətlər və güclər tərəfindən müəyyən düzəlişlər edilib. Biz o hesabatla yaxşı tanışıq və orada adekvat reaksiya verəcəyik.

Ulu öndər Heydən Əliyev məclislərin birində belə bir fikir söyləmişdi: İslam dinində cənnətlə cəhənnəm arasında sirat körpüsü anlamı var. Bu gün Azərbaycan o körpünü xatırladır. Tükdən incə, qılıncdan iti olan bu körpüdən keçmək elə də asan deyil. Bu yoldan az sağa və ya az sola  addım atmaq uçuruma yuvarlanmaq deməkdir. Odur ki, Azərbaycan öz düzgün yolu ilə irəliyə  doğru addımalayacaq və bu düz yoldan dönməyəcək.”

 

57
Agalar Bayramov- Bədii qiraət üzrə mütəxəssis

Ağalar Bayramov: Fərəh Əliyeva gələnədək ADMİU rüşvət yuvası idi

0
(Yenilənib 17:26 03.09.2015)
Məşhur bədii qiraətçi, "mədəniyyət və incəsənət aləmində vicdanını hərraca qoyanlardan, yaltaqlardan, rəhbərə xoş gəlmək üçün saf insanlara qara yaxanlardan" danışdı.

BAKI, 3 sent-Sputnik. Məlahətli, ürəyə yatımlı səs, aydın diksiya və güclü yaddaş bədii qiraət sənətinin əsas şərtləridir. Bədii qiraət sənəti bir növ aktyor sənətiylə eyni funksiyanı daşıyır. Fərq ondan ibarətdir ki, bədii qiraətdə sənətkar tamaşaçı ilə üzbəüz dayanır. Yəni tərəf müqabili tamaşaçı olur. Bu sənətin daşıyıcıları çox azdır. Rəhmətə gedən ustadlarla bərabər saysaq 10-15 nəfər olar, ya olmaz. Kazım Ziya, Müxlis Cənizadə, Həsən Əbluc, Mikayıl Mirzə kimi rəhmətə gedən ustadların  davamçıları kimi İlham Əsgərovu, Əminə Yusifqızını və əlavə bir-iki nəfər şəxsi də misal göstərmək olar. Onlardan biri də, bədii qiraət sənətinin incəliklərinə dərindən bələd olan, öz səsi, cəlbedici diksiyası ilə Azərbaycan tamaşaçısının rəğbətini qazanmış Ağalar Bayramovdur. Sputnik onunla müsahibəni təqdim edir.

- Yay artıq başa çatmaqdadır. Maraqlıdır, bədii qiraətçilər yay tətilini necə keçirirlər?

— İyunun 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetində  Aktyor sənəti fakültəsinin “Estrada aktyoru” və “Dram-kino aktyoru” ixtisaslarında təhsil alan tələbələrim çox ləyaqətlə imtihanlarını verdilər, mən isə məzuniyyətə çıxdım. Hər il bu iki ayı hardasa istirahət edirdim. Amma bu il 20 ildən artıq yaşadığım evin təmiri ilə məşğul oldum. İndi də yeni dərs ilinin astanasındayıq, yenə də başım qarışıqdı. Yəni bu il istirahət etmədim.

- Son 2 ildə çalışdığınız ADMİU-da xeyli dəyişiklik baş verdi. Universtetin əməkdaşı kimi bu dəyişikliyə necə baxırsız?

— Bütün bəlaların başında rüşvət gəlir. Rüşvət mərdi qova-qova namərd edir. Əsas odur ki, bu iki ildə universitetdə rüşvətə son qoyuldu. Şəffaf qəbul imtahanlarının keçirilməsi, semestr imtahanlarında tələbələrdən rüşvət alınmaması məhz bu iki ildə oldu. Universitetin yeməkxanası kənd məktəbinin yeməkxanasına oxşayırdı. Hardansa qonaq gələndə, ora aparmağa utanırdıq. Çünki, oturacaqları belə məktəbli stulları idi. Çox sag olsun Fərəh xanım (ADMİU-nun rektoru Fərəh Əliyevanı nəzərdə tutur — red.) ki, az müddətdə yeməkxananı yaxşı formaya saldırdı. Bundan əlavə, 90 illik yubileyini keçirilən bu universtetin əsas tədris binasında kitabxana belə yox idi. Qısa müddət ərzində geniş, səliqəli və internetlə təmin olunan kitabxana yaradıldı. İslahatlar gedir, vaxtilə kiminsə maddi marağı əsasında yaradılmış, lazımsız ixtisaslar ləğv olunur. Hər adamın işi deyil ki, on illərlə yığılıb qalmış bu bataqlığı təmizləsin. Amma son iki ildə Fərəh xanım layiqincə bu işin öhdəsindən gəlir və islahatları davam etdirir. Mənim kimi 5-10 faiz müəllim var ki, son olanlara sevinir.

Təqdimatı yuxarıya göndərən vicdanını satdı, hərraca qoydu

- Universitetin 90 illik yubileyindən iki il keçməsinə baxmayaraq, hələ də verilən fəxri adlarla bağlı narazı qalan müəllimlər var. Siz hansındansız: razı, yoxsa narazı qalanlardan?

— Çox böyük haqsızlıq oldu. O vaxt iki il işləyənə əməkdar müəllim, mikrafon qarşısında çıxış etməyənə əməkdar artist, mıx vurana tərəqqi medalı verildi. 51 il universitetdə can qoyan, rəhmətlik Siyavuş Aslan, Yaşar Nuri kimi sənətkarlara dərs verən, halal zəhmətiylə dolanan adamlar, müəllimlər müəllimi Rəfiqə Həsənova kənarda qaldı. Əməkdar artistlər Mahirə Yaqubova, Gülşad Baxşıyeva, eləcə də bir neçə ləyaqətli müəllimlər və 1984-cü ildən bu günə kimi tələbənin gözünə dik baxan Ağalar Bayramov yaddan çıxdı. Heç bir yerdən təqdimat getmədən, dövlət tədbirlərində çıxışıma, bədii qiraət sənətinin davamçısı olduğuma görə, mərhum umummilli liderimiz Heydər Əliyev tərəfindən 2002-ci il 24 dekabrda əməkdar artist adına layiq görüldüm. Mən bu universitetdə canımı qoymuşam. Adların yuxarıya təqdim olunma meyarı başqa idi. Təqdimatı yuxarıya göndərən vicdanını satdı, hərraca qoydu. Bilirik ki, bundan ölkə başçısının, prezident aparatının xəbəri yoxdur.  Çünki, təqdimat burdan getdi və o adamlara fəxri adlar verildi. Düzü həmin vaxtı Almaniyanın Köln şəhərində tədbirə gedirdim. O, zaman prorektor olan şəxs kafedraya gəlib “Sabah Akademik Milli Dram Teatrında tədbirə gəlin” dedi. Mənim cavabım belə oldu: “Müəllim sabah Almaniyaya gedirəm, ordan sizi alman dilində təbrik edərəm”. Bu cavabımdan sonra qıpqırmızı olub, otaqdan çıxıb getdi. Bu kimi insanlar abırını-həyasını itirmişlərdir. Bir az gec olsa da, həmin şəxs də işdən azad olundu. Bu illər ərzində rüşvətlə bərabər, yaltaqlıq baş alıb gedirdi, quyruq bulayıb, ara qatanların əlindən adam iyrənirdi, rəhbərə xoş gəlmək üçün neçə-neçə saf insanlara qara yaxılırdı. Çünki, belə ab-hava yaradılmışdı. Universitetdə olanlar bilir ki, mən hər zaman etirazımı bildirmişəm, sözümü üz-üzə, göz-gözə demişəm. Heç zaman ləyaqətimi ayaqlar altına atmamışam. Ləyaqətini qorumaq hər adamın işi deyil. Adamda insaf deyilən bir şey olmalıdır. Deyək ki, mənlə şəxsi-qərəziniz var. Bəs adlarını sadaladığım müəllimlər? Bura dövlət müəssisəsidir, yaxşı ilə pisi ayırmaq lazım idi. Ölkə başçısı, cənab İlham Əliyev son çıxışlarında qeyd etdi ki, bütün haqsızlıqlar deyilməli, məmur özbaşınalığına son qoyulmalı, ictimai qınaq olmalıdır. Bilirsiniz, biri var şər-böhtan, biri də var haqq söz. Haqq söz həmişə deyilməlidir. Bu olmasa, inkişaf olmayacaq. Belə haqsızlıqlar olanda, nizam-tərəzi pozulanda, insanların dövlətə, vətənə olan inamı sarsılır. Belə haqsızlıqlar vətənə xəyanətdir! Başqaların bilmirəm, belə özbaşınalıqları çox görmüşəm və bir harın məmura görə vətəndən küsmürəm! Vətən neyləsin axı?! Mən də bu özbaşınalıqları sizin vasitənizlə cəmiyyətimizə çatdırıram.

- Ağalar müəllim, demək istəyirsiniz ki, fəxri adlar rüşvət müqabilində verilib?

— Yaltaqlıq etməyən, quyruq bulamayan və təbii ki, rüşvət verməyən ləyaqətli müəllimlər kənarda qaldı. Necə ola bilər ki, 29, 35, 40, 51 illik təcrübəsi olan müəllimlər kənarda qala, 2 il işləyənə əməkdar müəllim adı verilə?! Bax, bunu necə izah etmək olar?! Yoxsa bu iki il işləyən dahidir?! Yoxsa fövqəladə iş görüb?! Axı universtetdə can qoyan müəllimlərin zəhmətini yerə vurmaq olmazdı. Belə naqisliklər oldu. Sağ olsun cənab prezidentimiz ki, 90 illik yubileydən az sonra Fərəh xanımı rektor təyin etdi. Fərəh xanımın gəlişindən sonra universtetə aydınlıq gəldi. Bunu universtetin əməkdaşı kimi yox, kənardan müşahidə aparan şəxs kimi deyirəm.

- Bu il qəbul imtahanları zamanı bir çox abituriyentlər narazılıqlarını bildirdilər. İmtahanların qeyri-şəffaf keçməsindən şikayətləndilər. Nə dərəcədə haqlı idilər?

— Bəzi insanlar rüşvətə öyrəşib, birdən-birə şəffaflığı qəbul edə bilmirlər. İmtahan götürən müəllimlərdən biri Cənnət Səlimovadır. Mən tam məsuliyyətimlə deyə bilərəm ki, o insan olan yerdə yalnız istedada qiymət verilib. O, səs-küy salanlar isə qaraküyçülərdir. Tam əmin ola bilərsiniz ki, son iki ildə İncəsənət Universteti rüşvətdən azad olunub.

Dram Teatrında qalmaqallar bekarçılıqdan baş verir

- Akademik Milli Dram Teatrında aktyorlar arasında baş verən qalmaqal nədən irəli gəlir? Bu sənətə yaxın olan insan kimi fikirləriniz maraqlıdır…

— Bu hadisələr bekarçılıqdan, bir də rəhbərliyin hər şeyi öz axarınca buraxmasından irəli gəlir. O aktyorlar özləri də bilmədən rəhbərin “sizin alqışladığınız aktyorlar bu şəxslərdir” deməsinə şərait yaradırlar. Baxmayaraq ki, bu şəxslərin böyük sənətləri var. Onların hər birinə böyük hörmətim var və demək istəyirəm ki, fitvaya getməsinlər. Rəhbərliklə problemlərini çayxanalarda qrup yaradaraq yox, üzbəüz oturub həll etmək lazımdır. Dedi-qodu, dava-dalaş sizə yaraşmır. Akademik Milli Dram Teatrı bizim güzgümüzdür. Bu teatrda bu cür halların baş verməsinə üzülürəm. Ümid edirəm ki, hər şey qaydasına düşəcək.

 — Son vaxtlar populyarlaşan yeni şair və yazıçıların əsərləri ilə maraqlanırsızmı? 

— Yeni yazarlar deyəndə kimləri nəzərdə tutursuz? 

- Seymur Baycan, Aqşin Yenisey, Günel Mövlud və b.?

— Açığı onların yaradıcılığına heç müraciət etməmişəm. Yaradıcılıqları ilə tanış deyiləm. Mənim repertuarımı bəzəyən Məmməd Araz, Fikrət Qoca, Zəlimxan Yaqub, Ramiz Rövşən, Musa Yaqub, Ayaz Arabaçı, Əjdər Ol, Sabir Sarvan və həddindən çox sevdiyim Ramiz Qusarçaylı kimi şairlərin şeirləridir. Klassik şairlərimizin də şeirlərindən bəhrələnirəm. Bu yaxınlarda Ayaz Arabaçı yeni şeir yazıb, bu şeir mənim ömür yolumu ifadə edir.

- Tez-tez el məclislərində olursuz. Elə bir məclis olubmu ki, hansısa müğənniyə görə, ora getməkdən imtina etmisiniz?

— Xeyr. Mənim hansısa xanəndəylə, müğənniylə problemim olmayıb. Gərək xəyanət etməyəsən, gec-tez onun üstü açılır. Olub ki, hansısa məclisdə iştirakımı istəyiblər, amma müğənni deyib özüm aparacam. Sonradan onun xəyanəti bəlli olub. Ruzini verən Allahdır. Yəni hər kim nə qədər mane olsa da, ruzini Allah verəcək. Mən hər məclisə də getmirəm. Harada ki, məni sevirlər, sənətimə hörmət edirlər o yerə gedirəm. Məclisdə xanəndə olanda daha çox sevinirəm, ürəyim açılır. Bu yaxınlarda Lerikdə sənətinə, özünə çox böyük hörmətim olan Sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəzail Miskinli ilə bir məclisdə iştirak etdik. Ordakı ab-havayla həm özümüz, həm də məclis iştirakçıları istirahət etdilər. Amma mənim əsas işim Azərbaycan Dövlət Mədəniyyət Və İncəsənət Universtetində dərs vermək, müqəddəs səhnədə çıxış etməkdir. Bəzən görürsən ki, gözügötürməyənlər rəhbər işçinin yanında "bu, toya gedir" deməklə nələrsə əldə etmək istəyirlər. Bunlar fikirləşmirlər ki, el məclislərinin özü də püxtələşmək üçün bir məktəbdir və hər kəs də məclis idarə edə bilmir. Demək olar ki, bütün xanəndələrimiz toylarda püxtələşib.

Söhbətləşdi: İbrahim Aydın


0
Selfie

Selfie - insanı psixi xəstəyə çevirir

0
(Yenilənib 18:32 02.09.2015)
Selfie narkotik və alkoqoldan daha qorxulu olmağa başlayır.

BAKI, 2 sent-Sputnik. Selfie artıq vərdişə çevrilib. Adamlar selfie imkanı ilə olduqları hər yerdə şəkillərini çəkib sosial şəbəkədə paylaşa bilirlər. Əlbəttə, 10 il əvvəl bunu etmək kimsənin ağlına gəlmirdi. Çünki onda texnologiya indiki qədər inkişaf etməmişdi və selfie həyatımıza daxil olmamışdı. Olduğun hər yeri telefonun, planşetin fotokamerasının yaddaşına, oradan da virtual məkana köçürmək yaxşıdır. Bəs bunun zərərli tərəflərini heç düşünmüşükmü? 

Sputnik xarici KİV-lərə istinadən selfie çəkərkən hansı qaydalara riayət etmək lazım gəldiyini və ümumilikdə selfie aludəçiliyinin ziyanlı tərəflərini araşdırıb. 

Mütəxəssislər selfie sevgisini asılılıq hesab edərək onu alkoqolizm və narkomaniya ilə eyni sıraya qoyurlar. Amerikalı alimlər selfieni davranış asılılığı kimi qəbul ediblər.

Daha çox alim selfie-yə olan marağı ruhi pozğunluğun əlaməti adlandırılmalı olduğunu deyir. Onların fikrincə, daim şəkil çəkib sosial şəbəkələrdə paylaşmaq arzusu o deməkdir ki, insan real şəxsi həyatına yetərincə hörmət qoymur. 

Rusiyalı sosioloq-psixiator Nadejda Ryabiçkina hesab edir ki, əgər şəxs bir hərəkəti etmədən dayana bilmirsə, deməli onda xəstəliyin əlamətləri özünü göstərməyə başlayıb. “İnsan selfie etməyəndə və sosial şəbəkəyə şəkil yükləməyəndə belə, özünü pis hiss edir. Lakin buna daha çox asılılığa meylli olan insanlar məruz qalır. Əgər onlarda selfie və onu paylaşmaq xəstəlik dərəcəsindədirsə, bundan heç cür əl çəkə bilmirsə, demək ki, onun digər asılılıqlardan da xilas olması çox çətindir. Selfie aludəçiləri ilə narkotik və alkoqol aludəçiləri arasında elə də ciddi fərq yoxdur. Çünki onların hər üçü iradə genlərinin olmamasından əziyyət çəkirlər”.- deyə Ryabçinkina bildirib. 

Selfienin xəstəliyə çevrildiyinə dair konkret misallar da var. 19 yaşlı Denni Boumanın tarixcəsinə baxmaq olar. O, gün ərzində 200 dəfə şəkil çəkirdi və “ideal selfie” əldə edə bilmədiyi üçün özünü öldürməyə hazır idi. Sonra ona konkret xəstəlik diaqnozu qoyuldu.

Elə mütəxəssislər də var ki, asılılıq haqda danışmağın tez olduğunu düşünürlər. Onların fikrincə, “selfie xəstəliyi” daha çox “qonşudan qalma geri” prinsipi ilə bağlıdır, nəinki tibbi səbəblərlə. Bu, həm də müəyyən biznesdir. 

Selfie təkcə ruhi xəstəliyə deyil, bir sıra faciələrə də səbəb olur. Artıq Rusiyada selfi çəkənlər üçün yaddaş kitabçası hazırlanıb. Yeniyetmələr və gənclər arasında selfie çəkməyin həddən artıq populyarlıq qazanması Rusiya Daxili İşlər Nazirliyini bununla bağlı xüsusi yaddaş kitabçası hazırlamağa məcbur edib.

selfie yaddaş kitabçası
sputnik.az
selfie yaddaş kitabçası

Kitabçada bəzi vəziyyətlərdə insanların öz şəkillərini çəkməsinin nə qədər təhlükəli olduğu barədə xəbərdarlıq edilir. Yaddaş kitabçasında izahlı piktoqramlar yer alıb. Kitabçada selfie həvəskarlarının nəinki sağlamlığı, hətta həyatı üçün təhlükə törədən hadisələr nümunə göstərilir. Nümunələrdə selfienin sükan arxasında, suda, binaların damında, yolda, dəmirolyunda, silahdan istifadə zamanı və s. çəkilməsinin hansı faciələrə yol aça biləcəyi faktlarla nümayiş etdirilir.

0
Teqlər:
selfi çəkmək, selfi, selfi nədir, selfi haqqında, selfie nədir, selfie haqqında, selfie
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

0
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

0