Əldə telefon, arxiv şəkli

Sizi aldatmaq üçün üç söz kifayət edir, yaxud pul tələsindən qaçmağın yolları

68
(Yenilənib 19:35 13.09.2021)
"Ata", "Ana" və digər adlarla telefonun ekranında görünən zənglərə aldanıb şəxsi məlumatlarınızı ötürməyin.

BAKI, 13 sentyabr — Sputnik. Son günlər şəxsi məlumatların ələ keçirilməsi üçün kiberzənglərin sayında artım var. Dələduzlar müxtəlif yollara əl ataraq zəng edib əlaqə saxladıqları şəxsin məlumatlarını ələ keçirməyə çalışırlar.

Bəs bu vəziyyətlə necə mübarziə aparmaq olar? İnformasiya kommunikasiyaları texnologiyaları üzrə ekspert Vahid Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, heç bir bank müştəriyə zəng edərək onun şəxsi məlumatlarını istəmir. Ekspert deyir ki, bu səbəbdən telefon, elektron poçt və digər vasitələrlə göndərilən mesajda şəxsi məlumatların paylaşılması tələb olunursa, aldanmaq olmaz. V.Qasımov tanınmayan nömrələrdən gələn zəngləri cavabsız qoymağı məsləhət görür.

Amma son günlər belə hücum zamanı tanış nömrələrdən, tanış adlardan da zənglər daxil olur. Məsələn, kiməsə zəng edilir və telefonun ekranında "ata" yazılır. Zəng edən şəxs dərhal şəxsi məlumatları almaq istəyir: "Hazırda elə bir sistem yoxdur ki, o tam dəqiq, lazımi intonasiyada kiminsə səsini yamsılasın. İstənilən halda səsin montaj olduğu, robotun danışdığı bəlli olur. O ki qaldı şəxsin məlumatlarını paylaşmasına, istənilən halda şəxsi məlumatları kimləsə paylaşmaq olmaz. Məxfi olan məlumatlar niyə şəxsin atası ilə paylaşılmalıdır ki? Bu cür məlumatları şəkil və digər formatda ötürmək də düzgün deyil".

Ekspert deyir ki, pandemiya olduğu üçün bu kimi kiberhücumların da sayı artıb: "İnsanlar pandemiya dövründə daha çox pula möhtacdırlar. Onlar kiməsə yazaraq "kartını göndər, sənə pul yollayım" deyə təkliflər verirlər. Hər kəs havayı pul əldə etmək istəyir. Təhlükəsizlik üçün istənilən halda ehtiyatı əldən vermək olmaz. Əgər evdən nəyinsə oğurlanmasını istəmirsinizsə, açarları kiməsə verməyin".

O insanların duyğularından istifadə edərək onların aldadılması üsulunu sosial mühəndislik ("social engeneering") adlandırır və bildirir ki, əgər adam axmaqdırsa, bununla heç cür mübarizə aparıla bilməz:

"Heç bir dövlət bu cür axmaqlara kömək edə bilməz. Öncələr mesaj yazırdılar ki, məhsulunuzu alırıq, kartı göndərin, pulunuzu ödəyək. Kiberhücumların digər bir növü kimi isə şəxsə zəng edərək "sizin bank kartınız bloka düşdü, zəhmət olmasa, şəxsi məlumatlarınızı deyin, onu blokdan çıxardaq", - deyə mesajlar ötürülür. Yaxud da, özünü yazıq göstərərək pul tələb edən dələduzlar da olur. Onlar "pandemiya ilə əlaqədar işimi itirmişəm, xəstəyəm, mənə kömək elə" tipli mesajlar ötürürlər. Belə fırıldaqçı təkliflərin hər birində "pul", "bank", "kart" sözləri işlədilir. Kimsə pulunun oğurlanmasını istəmirsə, belə mesajlara, zənglərə heç bir cavab verməməlidir".

Qeyd edək ki, ötən gün texnobloqer Fərid Pərdəşünas kiber hücumlar, kiber zənglərlə bağlı özünün "Facebook" sosial şəbəkəsində bir paylaşım edib.  O, "Diqqət! Kibertəhlükə var: "Sənə zəng edən atan, əslində, atan deyil" başlıqlı paylaşımı ilə  Azərbaycanda "Man in the middle" və "Spoofing Caller ID" hücumunun başladığını vurğulayıb və bildirib ki, bir çox proqram təminatı vasitəsilə istənilən şəxsə istənilən nömrədən zəng etmək olur: "Məsələn, özümə 050 111 11 11 nömrəsindən zəng etdim. Bu məşhur "Spoofing Caller ID" hücum növüdür. İstədiyiniz adamın nömrəsi ilə başqasına zəng edirsiniz. Məsələn, sizə atanızdan zəng gəlir, ekranda "ATA" yazısı çıxır, amma  danışan başqa adamdır. Yaxud sizə polisdən, hansısa bankdan zəng gəlir, əslində isə danışan cinayətkardır".

Texnobloqerin sözlərinə görə, işin ən pis tərəfi istifadə olunan proqramla səsin də dəyişilməsinin mümkünlüyüdür: "Qeyd edim ki, dövlət tərəfindən həmin əlavəyə çıxışlar bağlanıb. Lakin VPN ilə hücumlar olur. Proqram təminatı qlobal səviyyədə işləyir, yəni, bu yerli operatorların problemi deyil. Bu telekommunikasiya sektorunda bilinən qlobal problemdir".

O deyir ki, vəziyyətdən çıxış yolu telefonda səsli şəkildə heç kimə məlumat verməməkdir: "Gələn zəngin kim tərəfindən edilməsinə baxmayaraq, şəxsi məlumatlarınızı bölüşməyin. Yəni bank hesab nömrənizi, ananızın qızlıq soyadını, sirli kod və digər məlumatları paylaşmayın. Gələn görüntülü zənglərə qeyri-əxlaqi intim hərəkətlər edərək cavab verməyin. Ən yaxşısı isə ümumiyyətlə o zənglərə cavab verməyin".

Qeyd edək ki, mövzu ilə əlaqədar olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etsək də, hələlik ki, sorğumuz cavablandırılmayıb.

Eləcə də oxuyun: 

68
Teqlər:
kiberhücum, kibercinayət, mesaj, zəng, pul, fırıldaq
BakıKart terminalı, arxiv şəkli

"BakıKart" balansını onlayn artırmaq mümkün olacaq

268
(Yenilənib 16:04 24.09.2021)
Yaxın bir həftədə Bakı şəhərinin bütün ərazisindəki “MilliÖn” terminallarında “BakıKart” ödənişi qəbul olunacaq.

BAKI, 24 sentyabr — Sputnik. Bakıda mövcud avtobus parkının 70%-dən çoxu “BakıKart” sisteminə inteqrasiya edilib. İş prosesinə uyğun olaraq digər marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası nəzərdə tutulub.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, fəaliyyət planına əsasən mərhələli qaydada internet portalı üzərindən ödəmənin tətbiqi, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnalogiyalarından istifadə nəzərdə tutulub: “Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Kartın balansını iki üsulla artırmaq mümkündür: birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur. Ödənilən məbləğ kartın balansına ən geci bir saat ərzində oturacaq".

Bundan başqa, qeyd olunub ki, “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1000-ə çatdırılıb: "Vətəndaşlar artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil, Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKart" balansını artıra biləcəklər. Yaxın bir həftə ərzində isə Bakı şəhərinin bütün ərazisindəki “MilliÖn” terminallarında “BakıKart” ödənişi qəbul olunacaq. Məlumat üçün bildiririk ki, sərnişin ödəmə terminalının əsas ekranında nəqliyyat xidmətləri bölümünə daxil olaraq “BakıKart” işarəsini seçib kartı kart oxuyucuya yerləşdirərək ödəniş edə bilər".

Növbəti mərhələdə digər ödəmə və balans artırma üsullarının da tətbiqi istiqamətində işlər davam etdirilir”.

268
Teqlər:
'BakıKart', Bakı, onlayn
İnternet şəbəkəsi, arxiv şəkli

İki provayder internet tariflərini dəyişdirdi

173
(Yenilənib 19:24 21.09.2021)
Yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.

 

BAKI, 21 sentyabr — Sputnik. İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) internet tariflərinə dəyişiklik edib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.

Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin edilib. Bu da onlayn qoşulma, ağır həcmli yükləmələr və digər əməliyyatların sürətli icrasına imkan yaradıb.

Dəyişikliklərə əsasən, ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilər üçün aylıq istifadə haqqı minimum 35%-dək endirilib.

O cümlədən, GPON (Gigabit Passive Optical Network) texnologiyası üzərindən göstərilən xidmətlərin tariflərinə də dəyişiklik olunub.

Qeyd edək ki, "Baktelecom.az" saytı üzərindən "onlayn qoşulma" funksiyası da fəaliyyət göstərir. Optik internet xidmətinə qoşulmanı seçilən tarif əsasında məsafə qət etmədən və növbələrdə vaxt itirmədən onlayn sifariş etmək mümkündür.

Yeni tariflər barədə ətraflı məlumatı hər iki şirkətin rəsmi veb-səhifəsi üzərindən əldə etmək mümkündür.

Eləcə də oxuyun: 

173
Teqlər:
internet, provayder, qiymət, azalma
 Şuşa, arxiv şəkli

"Xudayar təsnifi" Şuşanı bürüdü: Şəhid anaları övladları müqəddəs torpaqlarda

0
(Yenilənib 21:56 24.09.2021)
Vətən müharibəsində adı əfsanəyə çevrilmiş gizirlərimizdən olan şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad ediblər.

BAKI, 24 sentyabr — Sputnik. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə Şuşada "Mənim atam qəhrəmandır" layihəsi çərçivəsində tədbir keçirilib.

Vətən müharibəsində adı əfsanəyə çevrilmiş gizirlərimizdən olan şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad ediblər.

Sputnik Azərbaycan-in məlumatına görə, şəhid övladları könüllülərlə birlikdə "Xudayar təsnifi"ni oxuyublar.

Azərbaycanın qəhrəman oğulları bu musiqinin sədaları ilə bir daha yad olunub.

Sonra Xudayar Yusifzadənin və digər şəhidlərin anaları övladlarının ruhu şad olsun deyə Şuşa dağlarına gülab səpib, dualar oxuyublar.

Qeyd edək ki, bu gün səhər saatlarında şəhid övladları hərbi polisin müşayiəti ilə onlara ayrılmış avtobuslarda Şuşa şəhərinə istiqamət alıblar. Şuşa şəhərinə "Zəfər marşı"nı ifa edərək daxil olan şəhid övladları tədbirə öz atalarının rəsmi, digər uşaqlar subay şəhidlərimizin rəsmləri həkk olunmuş geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmi olan və "Mənim qəhrəmanım" yazılmış geyimlərdə qatılıblar.

Onları İsa Bulağında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qarşılayıb. Səhər yeməyi ərəfəsində doğum günü bu günə təsadüf edən Şəhid Ramid Hacıyevin övladı Əlini hər kəs təbrik edib. Aydın Kərimov şəhidin balaca balasını hədiyyə ilə sevindirərək təbrik edib və onun üçün Şuşada hazırlanmış tort kəsilib. Sonra tədbirə qonaq qismində qatılan Xalq artistləri Alim Qasımov və Zülfiyyə Xanbabayeva şəhid övladları, şəhid anaları üçün İsa Bulağında "Qarabağın maralı" mahnısını ifa ediblər.

Daha sonra tədbir iştirakçıları Yuxarı Gövhər Ağa məscidində olub. Orada general-mayor Polad Həşimovun anası Səmayə xanım başda olmaqla şəhid anaları namaz qılıb, Allaha dua ediblər. Sonra tədbirə qatılan Olimpiya çempionları Cıdır düzündə uşaqlar üçün güləş təlimi həyata keçiriblər. Yarışın sonunda həm əylənən, həm də yarışan uşaqların hər birini Olimpiya çempionları birinci yer medalı ilə təltif edib.

Tədbirin gedişində şəhid anaları Şuşa qalasının önündə şəhidlərin ruhuna ehsan bişirərək hazırda Şuşada xidmət edən əsgərlərə paylayıblar.

Daha sonra tədbirin rəsmi hissəsi baş tutub. Rəsmi hissədə aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını, şəhid xanımlarını və tədbirə qatılan digər qonaqları salamladıqdan sonra hamını müzəffər ordumuzun şəhid qəhrəmanlarını bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Sonra tədbirin ikinci aparıcısı Lalə Azərtaş general-mayor Polad Həşimovun anasını Səmayə xanımı çıxış üçün dəvət edib.

"Bu torpaqları gördükcə bir daha təsəvvür edirəm ki, burada necə ağır döyüşlər gedib, oğullarımız, şəhid balalarımız necə qəhrəmanlıqlar göstərib" - deyən şəhid anası övlad həsrətinə dözmək çətin olsa da, oğlunun zəfərimizin bir parçası olması ilə qürur hissi keçirdiyini deyib.

O, "Mənim atam qəhrəmandır" tədbirinin təşkilatçılarına dərin minnətdarlığını bildirərək Şuşaya ayaq basdıqları üçün xoşbəxt olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Aydın Kərimov öz növbəsində şəhid analarına belə qəhrəman övladlar yetişdikləri üçün minnətdarlıq edərək qəhrəman oğullar var olduqca bu Vətənin də var olacağını deyib.

Tədbirdə çıxış edən "Fire Land Production"un rəhbəri Cəlal Qurbanov da öz növbəsində tədbirin əsas məqsədinin öz qanı ilə tarix yazan hər bir şəhidimizin uşaqdan böyüyə hər kəsin yaddaşına həkk olunması, daim qürurla xatırlanması olduğunu bildirib. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrini hər zaman diqqətdə saxladığını vurğulayan C.Qurbanov bu tədbiri Şuşada keçirməyin onlar üçün şərəf olduğunu deyib.

Rəsmi hissənin sonunda Aydın Kərimov və Məftun Abbasov şəhid övladlarına "Xarıbülbül" döş nişanı hədiyyə ediblər.

Daha sonra qəhrəman şəhidlərimizin övladları əsgərlərimizlə birlikdə Şuşa qalasının önündə olan "Xarıbülbül" nişanını əsən güclü küləklər səbəbindən boşaldığı üçün torpağa bərkidiblər. Şəhid Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılov təşkilatçılardan ona verilən "Xarıbülbül" nişanını hədiyyə olaraq Prezident İlham Əliyevə və Mehriban Əliyevaya göndərmələrini xahiş edib.

"Mənim bir böyük arzum var. Mən istəyirəm ki, Novruz bayramında Cıdır düzündə İlham əmi və Mehriban xalayla birgə, şəhidlərimizin anaları və övladları ilə əl-ələ tutub tonqalın ətrafında yallı gedək" - deyə öz arzusunu dilə gətirən balaca Ağaseyid - "Mən də hər kəsin qarşısında söz verirəm ki, qəhrəman atam kimi mən də hər zaman Vətənimi qoruyacağam və sevəcəyəm", söyləyib.

Qeyd edək ki, tədbirə fəxri qonaq qismində qatılan Azərbaycanın Xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Rasim Balayev, Nurəddin Mehdixanlı şəhid övladları, şəhid anaları ilə öz hisslərini bölüşüblər. Zülfiyyə Xanbabayeva Cıdır düzündə "Şuşanın dağları" mahnısını ifa edib.

Tədbirin sonunda Cıdır düzündə şəhid övladları sənət adamlarıyla birlikdə "Zəfər marşı"nı ifa edərək səmaya ağ göyərçinlər buraxıb, dünyaya "Müharibə olmasın! Uşaqlar atasız qalmasın!" mesajını veriblər.

0