Elektrik avtomobil, arxiv şəkli

Dünyanın ən ucuz elektrikli avtomobili satışa çıxarıldı

29
(Yenilənib 21:37 04.09.2021)
Kifayət qədər sadə quruluşa malik bu elektromobili hər ölkədə sürmək olmaz, çünki maşının yolda istifadəsi xüsusi şəkildə təsdiqlənməlidir.

BAKI, 4 sentyabr — Sputnik. Dünyanın ən ucuz elektriklə işləyən avtomobili "Kar K5" Çində cəmi 2100 dollara satışa çıxarılıb. Sputnik Azərbaycan bu barədə Rusiya mediasına istinadla xəbər yayıb.

Kifayət qədər sadə quruluşa malik bu elektromobil Çində "Alibaba" internet marketinq şəbəkəsi vasitəsilə satılır.

"ElectricKar" tərəfindən istehsal olunan "Kar K5" iki yerlik, dörd təkərli moto nəqliyyat vasitəsidir.

"Kar K5" elektrikli motosiklet və skuterlər üzrə ixtisaslaşmış "Regal Raptor Motors" şirkəti ilə birlikdə istehsal olunur.

Bununla belə, sözügedən avtomobili hər ölkədə sürmək olmaz, çünki maşının yolda istifadəsi xüsusi şəkildə təsdiqlənməlidir.

Qeyd edək ki, elektromobil və ya elektrikli avtomobillər - bir və ya bir neçə elektrik mühərriki tərəfindən idarə olunan, daxili yanma mühərriki ilə deyil, müstəqil elektrik mənbəyi (batareyalar, yanacaq elementləri, kondensatorlər və s.) ilə işləyən maşınlardır.

Elektrikli nəqliyyat vasitəsi daxili yanma mühərriki və elektrik ötürücüsü olan avtomobillərdən, eləcə də trolleybus və tramvaylardan fərqləndirilməlidir.

2020 -ci ildə dünyadakı avtomobillərin ümumi sayında elektrikli avtomobillərin payı 0,7% -ni təşkil edib.

Həmçinin oxuyun:

Payızdan Azərbaycanda yeni avtomobillər bahalaşacaq

29
Teqlər:
avtomobil
BakıKart terminalı, arxiv şəkli

"BakıKart" balansını onlayn artırmaq mümkün olacaq

277
(Yenilənib 16:04 24.09.2021)
Yaxın bir həftədə Bakı şəhərinin bütün ərazisindəki “MilliÖn” terminallarında “BakıKart” ödənişi qəbul olunacaq.

BAKI, 24 sentyabr — Sputnik. Bakıda mövcud avtobus parkının 70%-dən çoxu “BakıKart” sisteminə inteqrasiya edilib. İş prosesinə uyğun olaraq digər marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası nəzərdə tutulub.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, fəaliyyət planına əsasən mərhələli qaydada internet portalı üzərindən ödəmənin tətbiqi, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnalogiyalarından istifadə nəzərdə tutulub: “Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Kartın balansını iki üsulla artırmaq mümkündür: birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur. Ödənilən məbləğ kartın balansına ən geci bir saat ərzində oturacaq".

Bundan başqa, qeyd olunub ki, “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1000-ə çatdırılıb: "Vətəndaşlar artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil, Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKart" balansını artıra biləcəklər. Yaxın bir həftə ərzində isə Bakı şəhərinin bütün ərazisindəki “MilliÖn” terminallarında “BakıKart” ödənişi qəbul olunacaq. Məlumat üçün bildiririk ki, sərnişin ödəmə terminalının əsas ekranında nəqliyyat xidmətləri bölümünə daxil olaraq “BakıKart” işarəsini seçib kartı kart oxuyucuya yerləşdirərək ödəniş edə bilər".

Növbəti mərhələdə digər ödəmə və balans artırma üsullarının da tətbiqi istiqamətində işlər davam etdirilir”.

277
Teqlər:
'BakıKart', Bakı, onlayn
İnternet şəbəkəsi, arxiv şəkli

İki provayder internet tariflərini dəyişdirdi

173
(Yenilənib 19:24 21.09.2021)
Yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.

 

BAKI, 21 sentyabr — Sputnik. İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) internet tariflərinə dəyişiklik edib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.

Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin edilib. Bu da onlayn qoşulma, ağır həcmli yükləmələr və digər əməliyyatların sürətli icrasına imkan yaradıb.

Dəyişikliklərə əsasən, ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilər üçün aylıq istifadə haqqı minimum 35%-dək endirilib.

O cümlədən, GPON (Gigabit Passive Optical Network) texnologiyası üzərindən göstərilən xidmətlərin tariflərinə də dəyişiklik olunub.

Qeyd edək ki, "Baktelecom.az" saytı üzərindən "onlayn qoşulma" funksiyası da fəaliyyət göstərir. Optik internet xidmətinə qoşulmanı seçilən tarif əsasında məsafə qət etmədən və növbələrdə vaxt itirmədən onlayn sifariş etmək mümkündür.

Yeni tariflər barədə ətraflı məlumatı hər iki şirkətin rəsmi veb-səhifəsi üzərindən əldə etmək mümkündür.

Eləcə də oxuyun: 

173
Teqlər:
internet, provayder, qiymət, azalma
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Tərtərdə vəziyyət

Müharibə buradan başlandı - Mülki şəhid verən qəhrəman şəhər

0
(Yenilənib 20:16 27.09.2021)
Vətən müharibəsi haqda ilk xəbərlərdə məhz bu yaşayış məntəqəsinin adı çəkilir - Tərtər. Düşmənin ilk hücumunu qəbul edən rayona savaş dövründə Ermənistan ordusu 16 mindən çox top, tank, "Qrad" mərmisi, həmçinin 21 ədəd qadağan olunmuş raket atdı.

BAKI, 27 sentyabr — Sputnik. Erməni terroru nəticəsində 16 nəfər mülki şəxsin həlak olduğu, 63 nəfərin yaralandığı Tərtərin sakinləri bir gün də olsun, öz evlərini tərk etmədilər. Buna səbəb isə ön xətdə düşmənə cavab verən Azərbaycan Ordusu idi.

"Tərtərin mülki əhalisi elə ilk gündən hədəfə alınmışdı. Buna baxmayaraq, vətəndaşlar Ordumuza, Ali Baş Komandanımıza arxayın idilər. Bu səbəbdən də bir nəfər də olsun evini tərk etmədi", - Şıxarx qəsəbə sakini Xəlil Nəsirov Sputnik Azərbaycan-a müsahibəsində deyir.

"27-si səhər tezdən başladılar atmağa. Bütün camaat girdi sığınacaqlara. Göydən od kimi tökdülər. Elə bildilər ki, camaat qaçacaq. Hara qaçır camaat? Elələri vardı, heç yerindən tərpənmədi. İki mülki vətəndaşımız həmin gün şəhid oldu", - X.Nəsirov bildirib.

© Sputnik / Emin Alisahib
Xəlil Nəsirov

Eyniadlı qəsəbənin sakini Çingiz Teymurov danışır ki, binaların hamısında ermənilərin atdığı mərmilərin izi vardı: “Gördüyünüz bu binaların hamısına mərmi düşmüşdü. Elə bina yox idi ki, oraya üçü-dördü düşməsin". 

“Demək olar ki, sağ yer, salamat ünvan qalmamışdı. Dayandığımız hər yeri atəşə tuturdular. Mən 25-ci binanın birinci mərtəbəsində oluram. Elə üç mərmi bizim evin yaxınlığına düşmüşdü. Qonşu bloka girib, içəridə partlamışdı. Şəhid olanımız da oldu burada, yaralananımız da", - hadisə şahidi İlqar İbarahimov ötən ilin hadisəsini xatırlayır.

Yerli əhali deyir ki, ermənilər yaşayış məntəqələrini ona görə vururdular ki, camaatı təşvişə salsınlar, müharibəni dayandırsınlar.

"Amma əksinə, heç kim qorxmurdu. Bəli, düşmən yanılmışdı. Anlamırdı ki, üstünə yağış kimi yağan güllələrə rəğmən, camaat Ali Baş Komandanına, qüdrətli ordusuna arxayındır", - İlqar İbrahimov deyir.

© Sputnik / Emin Alisahib
İlqar İbrahimov

“Şükür olsun Allahın böyüklüyünə ki, bizim qüdrətli ordumuz, dövlətimiz, dövlətin başçısı var. Çox sağ olsunlar! Böyük şücaət göstərdilər. Otuz ildir məcburi köçkün həyatı yaşayırdıq. Mən özüm Ağdam rayonundanam. Elə Tərtər rayonunda köçkünlük həyatı çəkmişik. Otuz ildir çıxdığım doğma kəndim buradan görünür. İllər boyu səhər-axşam gözümü oradan çəkə bilmirdim. İndi, şükür, azad edilib. Allah cəmi şəhidlərə rəhmət eləsin! Qəbirləri nurla dolsun. Çox zəhmət çəkdilər. Hər bir şəhid, hər bir qazi Azərbaycan xalqı üçün əzizdir. Çünki onlar bu insanların doğma yurd-yuvasının azadlığı uğrunda canlarından keçiblər", - Çingiz Teymurov bildirir.

Xəlil Nəsirov qeyd edir ki, müharibə vaxtı evləri dağılsa da, indi hamısı bərpa edilib: "Allah ordumuza kömək olsun! Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə də cansağlığı versin! Onların sayəsində torpaqlarımız azad olundu. İndi sakit yaşayırıq. Allah prezidentimizə də ömür versin. Müharibə vaxtı dağılan evlərimiz yenidən bərpa olundu. Şükür Allaha, indi arxayın yaşayırıq”.

Bu gün hamı razıdır, hamı rahatdır. Düşmənin atdığı güllələrə sinəsini sipər edən mülki əhalinin bir arzusu qalır. O da didərgin salındığı torpağına geri dönməkdir.

"Dinclik, sakitlikdir. Hamı xoşbəxt, firavan həyat sürür. Amma bir arzumuz var: bu müsahibələri öz torpağımıza gedib orada vermək. Gözümüz yoldadır. Bizi nə vaxt köçürərlər, görəsən?.." - İlqar İbrahimov deyir.

İlqar İbrahimov kimi bu gün bütün qarabağlıların gözü yoldadır. Otuz il əvvəl məcburi çıxarılaraq, köçkün salındıqları ünvanlara, ata-baba yurdlarına qayıdacaqları günü gözləyirlər.

0