Baytar, arxiv şəkli

Azərbaycanda heyvanlar çiplənəcəklər

1119
(Yenilənib 14:28 31.08.2021)
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi qida təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyətə malikdir.

BAKI, 31 avqust — Sputnik. Azərbaycanda heyvanların identifikasiya və qeydiyyatı sisteminin hazırlanması yekunlaşmaq üzrədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, hər bir heyvanın çiplənməsi, birkalanması prosesinə gələn ilin əvvəlindən start veriləcək.

"Artıq hər bir heyvana vurulan vaksinlər elektron sistemə daxil ediləcək və istehlakçılar Qərbi Avropada olduğu kimi, hər hansı bir mağazadan ət və sair əldə edən zaman, o heyvana nə vaxt və hansı vaksinin vurulmasını, hansı xəstəliklər keçirməsini heyvanın üstündəki barkodlarla görə biləcək", - deyə o əlavə edib.

Onun sözlərinə görə, burda heyvanların xəstəliklərinin hamısı öz əksini tapacaq. Müəyyən məhsullar üzərində QR kodlar olur. Bu şəkildə heyvanların identifikasiya kodlarında bütün heyvan xəstəlikləri öz əksini tapacaq.

Qeyd edək ki, mahiyyət baxımından Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) hər bir heyvan fərdinin və heyvandarlıq məhsullarının "fermadan süfrəyədək" izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. İdentifikasiya sistemi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması barədə məlumatları özündə birləşdirir. Sistemdə heyvanın keçirdiyi xəstəliklər, nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından istifadə edilməsi və s. barədə məlumatlar da yer alır.

Həmçinin oxuyun:

AQTA heyvan kəsimi fəaliyyəti ilə məşğul olanlara müaricət edib

1119
Teqlər:
heyvan, heyvanlar, çip
İnternet şəbəkəsi, arxiv şəkli

İki provayder internet tariflərini dəyişdirdi

172
(Yenilənib 19:24 21.09.2021)
Yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.

 

BAKI, 21 sentyabr — Sputnik. İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) internet tariflərinə dəyişiklik edib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.

Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin edilib. Bu da onlayn qoşulma, ağır həcmli yükləmələr və digər əməliyyatların sürətli icrasına imkan yaradıb.

Dəyişikliklərə əsasən, ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilər üçün aylıq istifadə haqqı minimum 35%-dək endirilib.

O cümlədən, GPON (Gigabit Passive Optical Network) texnologiyası üzərindən göstərilən xidmətlərin tariflərinə də dəyişiklik olunub.

Qeyd edək ki, "Baktelecom.az" saytı üzərindən "onlayn qoşulma" funksiyası da fəaliyyət göstərir. Optik internet xidmətinə qoşulmanı seçilən tarif əsasında məsafə qət etmədən və növbələrdə vaxt itirmədən onlayn sifariş etmək mümkündür.

Yeni tariflər barədə ətraflı məlumatı hər iki şirkətin rəsmi veb-səhifəsi üzərindən əldə etmək mümkündür.

Eləcə də oxuyun: 

172
Teqlər:
internet, provayder, qiymət, azalma
Yataq

Mütəxəssis - gecə yatmazdan əvvəl mobil telefonu hara qoymaq lazımdır

586
(Yenilənib 09:54 17.09.2021)
Cihazın elektromaqnit dalğalarının müdaxiləsinə səbəb olmaması üçün kardiostimulyatoru olan insanların telefonu özlərindən uzaq tutmaları xüsusilə vacibdir

BAKI, 16 sentyabr — Sputnik. İnsanların əksəriyyəti gecələr də mobil telefondan ayrılmaq istəmir və bu cihazı mümkün qədər özünə yaxın qoymağa çalışır. Hansı hallarda bunun təhlükəli ola biləcəyini "Yaşayış məkanının ekologiyası" laboratoriyasının direktoru Anton Yastrebtsev Sputnik radiosuna verdiyi müsahibədə bildirib.

Mobil cihazlar ilk dəfə ortaya çixanda bəzi həkimlər şüalanmaların xərçəng xəstəliyinin yaranmasına səbəb ola biləcəyindən qorxurdular. Ancaq bu qorxular öz təsdiqini tapmadı. Güman edilir ki, müasir telefon modelləri belə qorxulara səbəb olmamalıdır, çünki onlar insan üçün təhlükəsizliyi təstiqləyən sertifikasiyadan keçiblər. Yastrebtsev hesab edir ki, cib telefonlarının insanın daxili orqanlarına və toxumalarına təsir dərəcəsi hələ tam öyrənilməyib.

Mütəxəssis qeyd edib ki, ümumiyyətlə sertifikatlaşdırma zamanı cihazın bədənə yarım metr məsafədə təsiri qiymətləndirilir. O, telefonu ya bu vəziyyətdə, ya da başdan daha aralı saxlamağı məsləhət görüb.

"Ümumi qayda olaraq bu cihazı nə yastığın altına, nə də yataqda yanına qoyub yatmaq olmaz. Onu başdan bir metr, heç olmasa, ən azı yarım metr aralı saxlamamaq daha yaxşıdır", - deyə Yastrebtsev bildirib.

O əlavə edib ki, kənd yerlərində mobil telefonla yuxuda olan insan arasında məsafə daha böyük olmalıdır, çünki cihaz baza stansiyasından uzaqda olanda şüalanma güclənir.

"Əgər mobil baza stansiyası uzaqdadırsa və əlaqə zəifdirsə, məsələn, kənddə, bağ evində telefon baza stansiyası ilə əlaqə yaratmaq üçün çox enerji sərf edəcək və bu halda şüalanma artacaq. Bunu nəzərə almaq lazımdır. Belə hallarda onu baş nahiyəsindən uzaqlaşdırmaq daha məsləhətdir. Yəni yatmamışdan əvvəl rabitə səviyyəsinə nəzər yetirmək lazımdır", - deyə mütəxəssis izah edib.

Onun sözlərinə görə, cihazın elektromaqnit dalğalarının müdaxiləsinə səbəb olmaması üçün kardiostimulyatoru olan insanların telefonu özlərindən uzaq tutmaları xüsusilə vacibdir.

Yastrebtsev hesab edir ki, telefonla danışarkən simsiz qulaqlıqlardan istifadə etmək daha yaxşıdır.

"Mobil telefonu başınıza yaxın tutmamaq üçün mütləq simsiz qulaqlıqlardan istifadə edin. Bu vəziyyətdə telefonla çox danışsanız, onu hətta masanın üstündə saxlaya bilərsiniz və beləliklə telefon sizi şüalandırmayacaq, orqanizmə heç bir zərər verməyən qulaqlıq şüalandıracaq", - deyə ekspert əminliklə bildirib.

Eləcə də oxuyun:

586
Teqlər:
mobil telefon, sağlamlıq, şüa, enerji
 Şuşada Bülbülün ev-muzeyi, arxiv şəkli

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub

0
(Yenilənib 22:41 23.09.2021)
Avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

BAKI, 23 sentyabr — Sputnik. Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

F.Hacıbəyli artıq ev-muzeyinin direktoru kimi fəaliyyətə başlayıb. O, 02.09.2021-ci tarixli əmrlə ev-muzeyinin direktoru təyin edilib.

Qeyd edək ki, avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Ev muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Bülbül bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında 1982-ci ildə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edilib. Bina 1982-1983-cü illərdə təmir olunub. Ev-muzeyi Şuşanın işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

Bu il yanvarın 14-də Şuşaya səfəri zamanı ev-muzeyində olan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Ev muzeyi Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar Polad Bülbüloğlunun vəsaiti hesabına təmir-bərpa edilib.

Bərpa zamanı evin divarlarında daş üzərində yonulmuş yazılarda evin tikilmə tarixinin qeyd edildiyi aşkarlanıb. Divarın üzərində yeni aşkar olunmuş yazıda binanın 1788-ci ildə inşa olunduğu qeyd edilib. Ev-muzeyinin həyəti əvvəlki görkəmini saxlamaqla bərpa olunub. Muzeyin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Eyni zamanda burada vaxtilə olan və erməni vandalizminə məruz qalan büstü də saxlanılır.

Muzeydə Bülbülə aid olan eksponatlar, əşyalar, sənədlər toplanıb. Bundan başqa, ev-muzeyində quraşdırılan böyük monitorda görkəmli musiqiçinin ifa etdiyi əsərlər, onunla bağlı audio və videoyazılar, məlumatlar 7 dildə nümayiş olunur.

Həmçinin oxuyun:

Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi

0
Teqlər:
Bülbül