Distant təhsil, arxiv şəkli

Qaxda internetsizlik həyatı iflic edib: Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir

418
(Yenilənib 08:41 27.06.2020)
Qax rayonunun əhalisi internet problemi ucbatından zara gəlib. Rayon telekommunikasiya qovşağının rəisi isə iddia edir ki, rayonun 75%-i internetlə təchiz edilib və camaat Şəkiyə baxıb Qaxa şükür eləsin.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. O, bütün dünyanı hörümçək toru kimi birləşdirib və bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib. Qloballaşan dünyamızda həyatımızı onsuz təsəvvür etmək qeyri-mümkündür. Xüsusən koronavirus (COVID-19) pandemiyası dövründə insanlara hava-su kimi lazım olan internetin vəziyyətindən hər kəs giley-güzar edir. Elə Qax rayonunun əhalisi kimi.

Afaq Abbaslı kitabxanaçıdır. Deyir ki, bu dönəmdə internet onun üçün olmazsa olmazlardandır: "Karantin başlayandan bizim işimiz birə-beş artıb. Mən hər gün oxucularımız üçün dünya və Azərbaycan ədəbiyyatının nümunələrindən ibarət videoçarxlar hazırlayıram. Onu sosial şəbəkələrdə paylaşmaq üçün saatlarla vaxtım gedir. Keçən həftə bir videonu yükləmək iki gün vaxtımı aldı. Hələ mən Qaxın mərkəzində yaşayıram, görün kəndlərdə vəziyyət necədir?"

Ruhiyyə Muradova bildirir ki, onlar rayondakı internet probleminə görə, paytaxtda qalmağa məcbur olublar: "Biz Bakıda yaşayırıq. Karantin başlayanda istədim uşağı aparım Qum kəndinə. Fikirləşdim, onlayn dərsləri oradan keçər. Yeni tikilən evimizə telefon və internet çəkdirmək üçün ATS-ə müraciət etmişdim. Oradan müsbət cavab ala bilmədiyimə görə, Rabitə Nazirliyinə onlayn müraciət etdim. Bu zaman rayon ATS-dən töhmət yağdırdılar ki, niyə şikayət etmisiz. Bunu başa düşdüm, tutaq ki, vəsait yoxdur telefon çəkməyə. İstədim atamgildə olan telefon nömrəsinə internet açdırım. Kənd camaatı dedi ki, internet üçün aylarla növbədə durmalısan. Bu da bir yana qalsın, qohum-əqrəbadan eşidirəm ki, internetin zəifliyindən heç məktəb uşaqları da onlayn dərslərə normal qoşula bilməyiblər. Amma oğlumun bəzi sinif yoldaşları digər rayonlardan rahatlıqla "Virtual məktəb"in onlayn dərslərinə qoşulurdular. Bizsə internet və dərslərin dərdindən qapanıb qaldıq şəhərdə".

Şikayətçi rayon sakini Çimnaz Əhmədova isə deyir ki, Qaxda internetin pulunu bir gün gecikdirsən, onu başqasına satırlar.

"Sözün əsl mənasında monopoliyadır. Karantin başlayandan, 20 dəfə müraciət etdim, xeyri yoxdur. Uzun müddət Rusiyada yaşamışam. Orada istədiyin operatora qoşula bilirdin. Nə stasionar telefon, nə də qeydiyyat axtarmırdılar. Bir günə evə internet qoşub, müqaviləni bağlayırdılar. Lazım olmayanda da, neçe aylıq istəsən bağlatdırırdın. Bizdə isə 1 il yalvarmalısan, rüşvət təklif etməlisən. Bu cür internet təminatıyla hansı onlayn dərsdən danışmaq olar?", - Çimnaz Əhmədova bildirib.

İlhamə Qurbanova isə kəndlərindəki internet problemi ilə yanaşı, elektrik problemindən də söz açıb: "Qaxın Şıxlar kəndində işıq problemi var. İmtahan başlayanda işıq söndürülür, imtahan qurtaran kimi yandırılır. İqtisadiyyat Universitetinin tələbəsi artıq 2 fəndən imtahanda iştirak edə bilməyib. Başqa tələbələr də imtahanda iştirak edə bilməyib. İşıq stansiyası da kəndin mərkəzindədir. Valideynlər gediblər ki, vəziyyəti anlatsınlar, uşaq imtahanda siyahı üzrə 3-cü tələbədir, 20-30 dəqiqəlik işıq yansa, uşaq imtahanı verər. Veclərinə də almayıblar. Sabah yenə imtahandır. Tələbənin nənəsi gedib bu gündən işıq stansiyasında oturub ki, heç olmazsa, nəvəsi sabahkı imtahanda iştirak edə bilsin".

Nadir Şirinov hesab edir ki, dünyanın ən zəif interneti Qaxdadır: "Qax rayonunun mərkəzində belə internet çox problemlidir. Heç cür istifadə etmək olmur. Avadanlıqlar tez-tez donur. Bəlkə də dünyada ən zəif internet Qaxdadır. Ələxus axşamlar heç cür istifadə efmək olmur".

Aslan Şanidzenin də övladları sözügedən problemə görə, təhsildən yayınıb: "Turaclı kəndindənəm. İnternet olmadığından, övladlarım karantin vaxtı dərsdən məhrum oldular. Şayiələr gəzir ki, karantin dövrü yanvara qədər davam edəcək. Karantin dövrü davam etsə, nə olacaq bilmirəm".

Nargilə Baxışova barəsində danışdığımız problemdən ən çox əziyyət çəkən insanlardandır: "Qaratala kəndindənəm. Evimdə 2 tələbə, 2 şagird var. Karantin dövründə onlar və biz nələr çəkdik, bir Allah bilir. Tələbə olan qızlarım meqabaytla internetə girib, müəllimləri ilə, tələbə yoldaşları ilə əlaqə saxladılar. Ölkədəki mobil operatorların da verdiyi internetin səviyyəsini bilirik, bundan danışmağa dəyməz. İmtahan üçün meqabayt əl vermədiyindən Bakı Dövlət Universitetində oxuyan qızım məcburən Bakıda kirayə qaldığı evə getdi. Çünki, o, rayonumuzun internetinə etibar etmədi. Rayonda qalıb onlayn imtahan verən tələbələrin əksəriyyəti bu problemə görə, imtahan vaxtı çətin anlar yaşayıb. 1 ildən çox idi ki, müraciət edirdik. Nəhayət, bu həftə internet çəkildi. Amma nə fayda, qızım imtahanlarını Bakıda verdi. Digər məktəbli övladlarım isə təhsildən yayındı".

Haqqında danışdığımız problemlə bağlı, rayon telekommunikasiya qovşağının rəisi Qazi Omarovla əlaqə saxladıq. Omarov bildirir ki, söylənilən problemlər əsassızdır: "Qaxlıların internetdən şikayət etməyə haqları yoxdur. Qaxın 75%-i internetlə təmin olunub. Dünyada hər 100 evdən 17-sində internet varsa, bu, normal sayılır. Qaxda isə bapbalaca kəndələrində belə, internet var. Baxın qonşu Şəki rayonuna. Oranın böyük kəndlərində əhalinin böyük bir qismi internetsizdir. Sözsüz ki, problemlər var, amma biz çalışırıq yaxın zaman ərzində bu problemləri aradan qaldıraq".

Apardığımız sorğudan da göründüyü kimi, rayon əhalsinin böyük bir qismi, internet xətlərinin çəkilməməsindən narazıdırlar. Qurum rəsmisi bu problemə aydınlıq gətirib: "Pandemiya dövründə dünyanın bütün ölkələrində internet problemi yaşanır. Təbii ki, biz də buna hazır deyildik. Müraciətlərin böyük bir qismi bu dövrdə olub. Biz də çalışırıq, hər kəsi razı salaq. Amma bu, birdən-birə baş verə bilməz. Başqa bir məsələ də var. Məsələn, götürək rayonun Uzuntala kəndini. Kənd sakinləri internet tələb edir. Deyirik ay vətəndaş, ərizə yazın. Allahın bir ərizəsini belə yazmaq istəmirlər".

Qax rayonunun dağ kəndləri turistlərin ən çox üz tutduğu məkanlardandır. Həmin dağ kəndlərdəki insanların da əksəriyyəti internet problemindən şikayətçidir. Qazı Omarov isə deyir ki, daha çox insanların daimi qaldığı kəndləri internetlə təmin etməyi düşünürlər, nəinki turistlərin gəldiyi məkanları.

"Çünki, turist gəlib bir ay, maksimum iki ay qalır. Sonra da çıxıb gedir. Bu, bizə sərf etmir. Çünki internetin çəkilməsi üçün lazım olan avadanlıqlar bahadır. Onları xaricdən gətiririk, çünki bizdə istehsal olunmur. Bu avadanlıqlar cəmi iki ölkədən - Almaniya və Çindən gəlir. Biz internet çəkirik, turist bir ay yaşayar, ya yaşamaz, çıxıb gedəcək. Avadanlıq qalacaq havada. Buna görə də biz çalışırıq, əvvəlcə burada daimi yaşayan əhalini internetlə təmin edək".

418
Wi-Fi routeri, фото из архива

İnternetinizə oğru girib? Admini silin

269
(Yenilənib 22:40 14.08.2020)
İlk öncə routerin susmaya görə təyin edilən standart istifadəçi adı və parolunu dəyişin. Bu parollar modelə və istehsalçıya görə asanlıqla internetdən əldə oluna bilər.

BAKI, 14 avqust — Sputnik. Son günlər ölkəmizdə "Wi-Fi" təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artımın olması, əsasən istifadəçilərin şəbəkə qurğularının (router və modemlər) ələ keçirilərək "Wi-Fi" şəbəkə adlarının arzuolunmaz şəkildə dəyişdirildiyi halları müşahidə edilir.

Sputnik Azərbaycan xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən insidentlər araşdırılır.

Araşdırmalar nəticəsində hücumların baş verməsinin əsas səbəbinin şəbəkə qurğularının təhlükəsizliyi üçün sadə təhlükəsizlik tənzimləmələrinin tətbiq edilməməsinin olduğu müəyyən edilib. Belə ki, qurğular üçün standart və zəif parollardan (admin, password, 12345 və s.), şəbəkə adlarında müəyyənləşdirici məlumatlardan (ad, soyad, telefon nömrəsi, ünvan və s.) istifadə olunub, eləcə də proqram təminatı yeniləmələri aparılmayıb.

Bildiyimiz kimi, evimizdə olan bütün qurğular (telefon, kompüter, smart qurğular və s.) internetə router cihazı vasitəsilə qoşulur. Router düzgün konfiqurasiya olunmadığı, təhlükəsizliklə bağlı vacib sazlamalar aparılmadığı, eləcə də zəif və standart parollardan istifadə olunduğu zaman asanlıqla bədniyyətlilər tərəfindən ələ keçirilə bilər.

Router yoluxduqda, bədniyyətlilər tərəfindən istifadəçilərin trafiki izlənilməklə fərdi məlumatları ələ keçirilə, routeri sıradan çıxarıla, şəbəkələrində olan digər cihazlara hücumlar oluna bilər. Məhz bu səbəbdən routerin təhlükəsizliyinin təmin edilməsi kompüterin təhlükəsizliyinin təmin edilməsi qədər vacib hesab olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara vaxt itirmədən aşağıdakı sazlamaları aparmalarını tövsiyə edir:

Aşağıdakı sazlamaları etmək üçün kompüteriniz routerə qoşulu olduqda, veb-brauzerdə routerin IP ünvanını (adətən routerin arxa hissəsində göstərilir) daxil etməklə idarəetmə panelinə daxil olmalısınız. Bu zaman sizdən istifadəçi adı və parol istəniləcək. Bu məlumatlar routerin istifadə təlimatından və ya istehsalçı və modelə görə internetdə axtarış edilməklə əldə edilə bilər.

İlk öncə routerin susmaya görə təyin edilən standart istifadəçi adı və parolunu dəyişin. Bu parollar modelə və istehsalçıya görə asanlıqla internetdən əldə oluna bilər. Bu səbəbdən routeriniz üçün uzun və mürəkkəb parol (böyük və kiçik hərflər, rəqəm və simvolların kombinasiyasından ibarət 10-12 simvol uzunluğunda) seçin və onu başqa şəxslərlə paylaşmayın.

Routerin proqram təminatını (firmware) mütəmadi olaraq yeniləyin. Son nəsil routerlərdə proqram təminatı avtomatik yenilənir, köhnə cihazlar üçün yenilənmə vaxtaşırı manual olaraq yerinə yetirilməlidir. Yenilənmə qəbul etməyən qurğular dəyişdirilməlidir.

269
Əlaqədar
Pandemiya dövrünün təhlükəsi - Fırıldaqçılar "Zoom"dan istifadə ediblər
Donald Tramp bunu "TikTok"-dan heç gözləmirdi
Texnoloji inkişaf, nəsillərarası savaş və həqiqət haqqında...
Böyük hücum! İlon Mask, Bill Qeyts və digər məşhurların "Twitter" hesabları sındırılıb
İki ölkənin gizli ticarət sənədləri oğurlandı – səsi bir il sonra çıxdı
Əli Abbasov, arxiv şəkli

Keçmiş nazirimizin daha bir vəzifəsini əlindən aldılar

61
(Yenilənib 11:12 14.08.2020)
Əli Abbasovun xələfi parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

BAKI, 14 avqust — Sputnik. AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin olunub. O bu vəzifədə Əli Abbasovu əvəz edib.

YTP-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, V.Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

61
Nişan üzükləri, arxiv şəkli

Evlənənlər "üç manat pul, bir kəllə qənd, bir molla" variantına keçməlidirlər

2
(Yenilənib 12:29 15.08.2020)
Dövlət gəlirləri və iqtisadi fəallığı kənara qoyaraq, vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq seçir.

BAKI, 15 avqust — Sputnik. "Toylar kütləvi tədbirlər kateqoriyasına aiddir. Bu səbəbdən yalnız masa arxasında makadan istifadə edilməməsinə icazə verilir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

O bildirib ki, açıq havada fəaliyyət göstərən ictimai iaşə yerlərinin açılmasına icazələr veriləndə toylar nəzərdə tutulmur.

Hacıyev deyib ki, əmək tutumluluğuna görə toyların keçirilməsi müsbət addım olardı: “Lakin digər tərəfdən ölkədə epidemioloji vəziyyəti nəzərə almalıyıq. Hətta bəzilərinin emosional çıxışının da şahidi oluruq. Amma burda məsuliyyətli dövlət anlayışı da var. Dövlət gəlirləri və iqtisadi fəallığı kənara qoyaraq, vətəndaşların sağlamlığının qorunmasını prioritet olaraq seçir. İqtisadi gəlirlilik, dövlət büdcəsinə daxilolmalar kimi məsələlər kənara qoyulub".

"Mədəniyyət xadimlərinin emosional çıxışlarını da başa düşürük. Toyların hansı məqamda keçiriləcəyi ilə bağlı indi hansısa fikir söyləmək çətin olardı. Hazırda bununla bağlı qərar yoxdur”, - deyə H.Hacıyev əlavə edib.

2