Rainly neon – Baku mini oyununun eskizi

Azərbaycanlı kiberpank yaradıb orada Bakının gələcəyini nümayiş etdirib

965
(Yenilənib 18:45 13.05.2020)
Fərid Haqverdiyev bir neçə nəfərin eyni vaxtda oynaya biləcəyi, lakin onun buraxılışı üçün böyük vəsait və investisiyalar tələb olunan kiberpank janrında multipleyer oyun yaradıb

BAKI, 13 may — Sputnik, Kəmalə Əliyeva. Demək olar, bütün dünyanın karantində olduğu bir vaxtda, Azərbaycanda məşhur olan yerli kompüter oyunlarının tərtibçisi Fərid Haqverdiyev "Rainly neon-Baku" adlı kiberpank janrında mini-oyun yaratmaq qərarına gəlib. O, Sputnik Azərbaycan-a müsahibəsində özünün yeni layihəsi barədə ətraflı danışıb.

- Fərid, kiberpank janrında mini-oyun yaratmaq ideyası necə yarandı? O, hansı cəhətdən maraqlıdır?

- Kiberpank - kompüter dövründə texnoloji tərəqqi fonunda qaranlıq gələcəyi əks etdirən elmi fantastika janrıdır. O, virtual reallıq, süni intellekt, hakerlər, nanotexnologiyalar, kiborqlar və s. kimi mövzulara toxunur. Kiberpank özünəməxsus üslub xüsusiyyətlərinə malikdir: fəaliyyət əsasən gecə saatlarında baş verir və küçələr tez-tez böyük həcmdə neon reklam lövhələri ilə işıqlandırılır. Təsadüfi deyil ki, oyunumuzun layihəsini biz "Rainly neon – Baku" adlandırmışıq.

Kiberpankın stilistikası məni çoxdan maraqlandırır və qeyd edim ki, ölkəmizdə hər il daha çox insan bu janrda oyunlar, animasiyalar, filmlər və hətta kitablarla maraqlanırlar. Bizim Azdimension komandamızda da bu janrın pərəstişkarları var və Bakının gələcəkdə necə görünəcəyinə baxmaq bizim üçün maraqlı oldu.

Bizim layihəyə gəlincə, bu versiyada oyun prosesi iki lokasiyada baş verir. Onlardan biri göydələnli şərti şəhər mərkəzidir, digəri isə Bakının bir və ikimərtəbəli kiçik evlərdən ibarət tarixi hissəsidir. Biz hər birinin öz silahları və bacarıqları olan kiborq rolunu oynayırıq.

Yaratdığımız treyler videoçarxında biz kiborqların supersürət, plazma hücumunun mövcudluğu və lazer müdafiəsi  kimi bacarıqlarını göstərmişik. Yeni oyunun bizim əvvəllər yaratdığımız kompüter oyunlarından əsas fərqi onun multipleyer olması, eyni zamanda bir neçə nəfər tərəfindən oynanıla bilməsidir.

- Demək olarmı ki, siz Azərbaycanda bu janrda oyun yaradan ilk insansınız?

- Əslində, müasir oyunlarda kiberpank mövzusu digər janrlara nisbətən kifayət qədər yayılmayıb. Bu janrdakı kult oyunlardan "Deus Ex" və bu il gözlənilən "Cyberpunk 2077"-ni qeyd edə bilərəm.

Əgər Azərbaycan haqqında danışsaq, onda bizdə ümumiyyətlə o qədər də çox oyun buraxmırlar və çox nadir hallarda bu oyunlar Azərbaycanla bağlı olur. Ancaq yerli yaradıcılıq və incəsənətin digər növləri haqqında danışırıqsa, rəssamlarımız və yazıçılarımız bəzən kiberpank mövzusuna müraciət edirlər.

Фарид Ахвердиев
Fərid Haqverdiyev

- Onun yaradılması üçün nə qədər vaxt lazım oldu?

- Bizim videoçarxda gördüklərinizi yaratmaq üçün cəmi bir həftə vaxt lazım oldu. İşə sıfırdan başlayaraq ətraf mühitin (lokasiya), proqram kodunun və interfeysin yaradılması daxildir. Modellərin bir hissəsini özüm hazırlamışam, amma bina şəkilli əsas çərçivələr və personajlar simvollar şəklində qəbul edilmiş proqram tərəfindən verilən açıq mənbələrdən götürülüb.

- Bu oyunda siz Bakının gələcəkdə necə görünəcəyini göstərmisiniz. Bilmək istərdim, siz onu necə təqdim etmisiniz?

- Əlbəttə, mənim yaratdıqlarım eskizlər, Bakının kiberpankın settinqində necə görünməsi barədə baxışımdır. Mən bu layihəni daha çox ideyanın özünü əks etdirən konsepsiya adlandırardım. Əgər yaradıb başa çatdırsaq, son məhsul özündə bizim mədəniyyətimizə xas yerli xüsusiyyətləri və koloriti əks etdirən daha çox detalı ehtiva edəcək. Amma bunu etmək üçün oyuna çox əmək və vaxt sərf etmək lazımdır.

- Oyunda Bakının hansı yerləri göstərilib?

- Etdiyim videoda iki yer var. Məkanlardan biri – bizim məşhur Flame Towers-in yerləşdiyi şəhərin göydələndən ibarət şərti mərkəzidir. İkinci məkan isə hündür olmayan evlərin yerləşdiyi Kubinka, İçərişəhər və Sovetski kimi yerlərdir. Əgər personajlardan danışırıqsa, onlar yaxın gələcəkdə cəmiyyətin tamhüquqlu üzvləri olacaq, həm insanlara kömək edə, həm də zərər verə biləcək kiborq və robotlardır.

- Oyun tamamilə hazırdırmı və o, əsasən kimlərə hesablanıb?

- Videoda göstərilən oyunun əsas konsepsiyası hazırdır. Bu layihənin yaradılmasında əsas məqsəd şəbəkə oyunları yaratmağı öyrənmək idi ki, bir neçə nəfər eyni vaxtda kompüter şəbəkələrindən istifadə edərək oynaya bilsin. Bizim AzDimension əsasən təkbaşına oynanılan oyunlar yaradır. Onları etmək daha asandır və onlar daha çox yayqındır.

Artıq bu texnologiyanın öyrənilməsi istiqamətində irəliləyiş əldə etdikdə, bütün biliklərimi test edə biləcək mini layihə yaratmağa qərar verdim. Əvvəlcə mən bundan mürəkkəb bir şey etmək niyyətində deyildim, amma karantindən dolayı asudə vaxtımın yaranması səbəbindən çoxdankı kiberpank yaratmaq ideyamı həyata keçirmək qərarına gəldim.

- Sizin oyununuz kiberpank janrında xaricdə yaradılan oyunlardan nə ilə fərqlənir?

- Xaricdə bu janrda oyunlar tez-tez buraxılır, lakin onların bir çoxu kiberpank üçün linklərə malikdir. Ən məşhur oyunlar haqqında danışırıqsa, onlar "Deus Ex", "Mirror's Edge", "Detroit Become Human", "Ruiner", "ShadowRun" və başqalarıdır. İlk növbədə, əsas fərq bizim oyunun mexanikasının özünü şəbəkə üzərində oynamağa yönəltməsidir, çünki kiberpank settinqində yaradılan oyunların çoxu təkbaşına oynanılanlardır. Həm də mənim personajlarımın unikal qabiliyyətləri var. İkincisi, bu, fəaliyyət və stilistikanın yeri ilə bağlıdır. Hadisələrin Bakıda cərəyan etməsi özü artıq onu digər oyunlardan fərqləndirir.

- Siz onu buraxmaq niyyətindəsinizmi və əgər buraxacaqsınızsa, nə vaxta planlaşdırırsınız?

- Bir çoxları deyə bilərlər ki, əgər mən bir həftə ərzində belə bir şey etmişəmsə, onda daha çox vaxta və böyük komanda ilə layihəni daha yaxşı edə bilərəm. Amma təəssüf ki, yaxşı satılan oyunu buraxmaq üçün böyük vəsait və investisiyalar lazımdır. Oyun qurmaq kino sənayesinə bənzər bir sənət növüdür. Bir oyunu yaratmaq film istehsalında olduğu kimi, dizaynerlər, proqramçılar, modelyerlər, rəssamlar, bəstəkarlar, ssenaristlər və digər peşəkarlar mütəxəssislər tələb edir. Bundan əlavə, hazırda komandamız iki oyun hazırlamaqla məşğuldur: biri kompüterlər üçün, digəri isə mobil qurğular üçün.

- Fərid, siz başqa hansı oyunları yaradırsınız?

- Oyunun biri fantasy action janrında olacaq – bu, "Aksilon: Artefakt əfsanəsi"dir. Burada hərəkət birinci şəxslə başlayır. Süjet komandamızın üzvü Timur Əzizovun eyniadlı kitabına əsaslanır. Oyundakı hadisələr sülh və harmoniya içində yaşayan bir çox krallıqlardan ibarət Aksilon dünyasında baş verir. Ancaq Sayrusun qaranlıq sahibi dünyanın kövrək tarazlığını pozmaq istəyir. Oyun özü kompüterlər üçün nəzərdə tutulub, əgər alınsa, gələcəkdə onu "Playstation 4" və "Xbox One"-da yayımlamağı planlaşdırırıq.

İkinci oyun "UpMan" adlanır. O, Bad Button oyun studiyası ilə birlikdə hazırlanır. Biz orada Yer kürəsini yad planetin işğalından qurtarmağa çalışan, bu məqsədlə super qabiliyyətlərə malik böyük bir robata çevrilmək üçün yadplanetli əlcəyin köməyi ilə güc toplayan oğlanın xeyrinə oynayırıq. Bu oyunda biz yad varlıqdan təmizlənməli olan müxtəlif şəhərləri gəzəcəyik. Oyun mobil platformalar üçün planlaşdırılır.

965
Facebook, Instagram və WhatsApp tətbiqlərinin loqosu, arxiv şəkli

"WhatsApp"la ehtiyatlı olun, tələyə düşə bilərsiniz

37
(Yenilənib 16:47 27.10.2020)
"WhatsApp" üzərindən "Adidas" və digər məşhur şirkətlərin adından "spam" mesajlar göndərərək həmin şirkətlərin yubileyi münasibətilə pulsuz məhsulların paylandığını bildirirlər

BAKI, 27 oktyabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşları "WhatsApp" üzərindən məşhur şirkətlərin adından həyata keçirilən "fişinq" kampaniyaları barədə xəbərdar edir.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, kiberdələduzlar istifadəçiləri "tələ"yə salmaq məqsədilə onlara "WhatsApp" üzərindən "Adidas" və digər məşhur şirkətlərin adından "spam" mesajlar göndərərək həmin şirkətlərin yubileyi münasibətilə pulsuz məhsulların paylandığını bildirirlər. Hədiyyəni əldə etmək üçün istifadəçidən keçidə daxil olaraq anketi doldurması istənilir. Məlumata etimad edərək keçidə daxil olan istifadəçi həmin şirkətin rəsmi səhifəsinə oxşar saxta səhifəyə yönləndirilir.

Bununla yanaşı, istifadəçidən, həmçinin mobil nömrəsini daxil etməklə həmin mesajı nömrə siyahısında olan 20 "WhatsApp" istifadəçisinə göndərməsi tələb olunur. Kiberdələduzların məqsədi saxta reklam baxışları toplamaqla "asan" yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir. Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır. Vətəndaşlardan xahiş olunur ki, hər hansı şirkət, qurum və ya təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olsunlar. Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

37
Əlaqədar
Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir: Raket hücumu var
Nazirlik xəbərdarlıq etdi: Ermənilər yeni təxribatlar hazırlayıblar
"Mail.ru" istifadəçiləri, diqqət: hisslərinizlə oynayıb hücuma keçirlər
Nazirlikdən xəbər saytlarına tövsiyə
Təxribata uymayın - Banklar müştərilərə xəbərdarlıq edir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə

"Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir" - Nazir

27
(Yenilənib 12:56 23.10.2020)
Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb.

BAKI, 23 oktyabr — Sputnik. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Vyetnamın birgə təşkilatçılığı ilə "ITU Virtual Digital World 2020" beynəlxalq tədbiri çərçivəsində nazirlər səviyyəsində "dəyirmi masa" keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, BTİ-yə üzv olan çoxsaylı ölkənin İKT üzrə rəsmilərinin qatıldığı videotədbir "COVID-19" pandemiyası zamanı və sonrakı dövrdə rəqəmsal texnologiyaların rolu mövzusunu ehtiva edib.

Tədbir BTİ-nin Baş katibi Houlin Zao, Vyetnamın İnformasiya və Kommunikasiya naziri Nquyen Man Hunq və BTİ-nin Radiorabitə Bürosunun direktoru Mario Manieviçin açılış nitqləri ilə başlayıb. "COVID-19" pandemiyasının qlobal və milli səviyyədə rəqəmli inkişafa təsirinə dair müzakirələrin aparıldığı "dəyirmi masa"da Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. Nazir çıxışında ölkəmizdə "COVID-19"la mübarizə və pandemiyanın təsirini minimuma endirmək üçün görülmüş işlər barədə müfəssəl məlumat verib.

Əlində telefon olan qız, arxiv şəkli
© Sputnik / Murad Orujov

Ramin Quluzadə bildirib ki, pandemiya zamanında da vətəndaşlar yüksək keyfiyyətli nəqliyyat, poçt və telekommunikasiya xidmətləri, o cümlədən internet və mobil rabitə xidmətləri ilə təmin edilib. Telekommunikasiya infrastrukturunun davamlılığı tələbata uyğun olaraq artırılıb. Nazir dövlət qurumları tərəfindən yeni informasiya sistemlərinin yaradıldığını, xüsusi veb-saytlarla yanaşı, vətəndaşlar üçün məlumat-bildiriş sistemi və yoluxmuş insanlar üçün izləmə sistemi olaraq istifadə olunan mobil tətbiqetmənin hazırlandığını diqqətə çatdırıb.

"Pandemiya dövründə təhsil üzrə "Connected schools" və qurumlar üçün videokonfrans xidmətlərinin təmin edilməsi məqsədilə "Connected Government" layihələrinin tətbiqinə başladıq", – deyə Ramin Quluzadə qeyd edib. Nazir Azərbaycanın hazırda iki cəbhədə mübarizə apardığını söyləyib: "Pandemiya ilə yanaşı, bütün regionda İKT-nin inkişafına əngəl törədən erməni təxribatlarına və təcavüzlərinə cavab olaraq lazımi addımlar atırıq".

Ramin Quluzadə əlavə edib ki, Ermənistanın son hərbi təxribatları səbəbindən Azərbaycanın bir neçə bölgəsində İKT və telekommunikasiya infrastrukturu ya tamamilə məhv edilib, ya da ciddi şəkildə ziyan görüb. Son günlər bu təcavüz nəticəsində uşaqlar da daxil olmaqla, Azərbaycanın 63 dinc sakini həlak olub və 293 mülki şəxsi yaralanıb. Nazir çıxışının sonunda qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti inkişaf strategiyalarını genişləndirmək üçün səylərini davam etdirəcək.

27
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Baş Prokurorluq dinc əhaliyə dəyən zərərlərin statistikasını açıqladı
İşğal olunmuş ərazidə Qırmızı kitaba düşən 120-dək flora və fauna növündən məlumat yoxdur
Terror təhlükəsiylə bağlı yeni müraciət
Putin: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"
Beynəlxalq təşkilatlar rayonlarımızın raket atəşinə tutulması barədə məlumatlandırılıb
Kompüter arxasında iş, arxiv şəkli

Sən "fəhlə" ol, səni tapacaq: Müharibə hansı sahələrdə kadrlara tələbat yaradıb?

13
(Yenilənib 00:17 28.10.2020)
"Ölkəmizdə hərbi vəziyyətlə bağlı nə Təhsil Nazirliyinə, nə də ki Peşə Təhsili üzrə Dövlət Agentliyinə kadr hazırlığı ilə bağlı istək daxil olub"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Ölkəmizdə müharibə vəziyyəti bəzi sahələr üzrə ixtisaslı kadrların hazırlanması məsələsini gündəmə gətirib. "Facebook" sosial şəbəkəsində son günlər orduda müəyyən ixtisaslar üzrə hazırlıqlı kadrların işə qəbulu ilə bağlı məlumatlar paylaşılır. Sputnik Azərbaycan hərbi vəziyyətdə hansı peşələr üzrə ixtisaslı kadrlara daha çox tələbat olduğunu araşdırıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycanda "İnsansız Hava Vasitələri (IHV) mühəndisi" ixtisası üzrə kadrların hazırlanması vacibdir: "Hərbi dronların, yəni pilotsuz uçan aparatların müxtəlif növləri var. Kəşfiyyat-müşahidə dronu, silahdaşıyan dron, kamikadze dron və s. Dronların hamısı ya yerdən, ya da təyyarədən, dronla əlaqəli idarəetmə mərkəzindən idarə olunur.

Son zamanlar kommersiya dronları da ciddi olaraq gündəmə gəlib. Yəni müxtəlif yükləri hansısa ünvana çatdıran, xidmət göstərən dronlara böyük investisiyalar yatırılır. Dronları idarə etmək üçün peyk və kosmik texnologiyalara, İKT-yə əsaslanan mərkəz qurulur. Monitor arxasında oturan operatorlar idarəetmə mərkəzindən 150-300 km məsafədə uçan dronu idarə edərək qarşıya qoyulan vəzifəni yerinə yetirməlidirlər. Əgər kamikadze dron deyilsə, onu geri, bazaya da qaytarmalıdır.

Artıq dron əleyhinə texnologiyalar yaranmağa başladığından dronu qorumaq da ciddi bir problemə çevrilib. Həm də hərbi dronlardan sürü halında istifadə etdikdə daha böyük effekt verir. Türkiyə tərəfindən sürü halında istifadə olunan dronlar Suriya və Liviya müharibəsində hədsiz böyük uğur qazanıb. Xarici ekspertlər artıq indidən yazırlar ki, Azərbaycanın apardığı Vətən Müharibəsi də mahiyyətcə "dron müharibəsidir". Azərbaycan tərəfindən istifadə olunan dronların düşmənin yüzlərlə hərbi texnikasını, tanklarını və zenit qurğularını, hətta ballistik raketlərini məhv etməsi xarici mətbuatın diqqət mərkəzində olan mövzudur. Düşünürəm ki, ən yaxın zamanlarda bizdə dronlarla əlaqəli çox sayda mütəxəssislərə ciddi ehtiyac yaranacaq".

O.Gündüz bildirir ki, hazırda ölkəmizdə, Müdafiə Sənayesi sistemində və AMEA Yüksək Texnologiyalar parkında hərbi və ya kommersiya yönümlü müxtəlif dronlar istehsal olunur: "Dronların hazırlanması və idarə olunması üzrə mütəxəssisləri necə hazırlaya bilərik? Bu sahədə həm elektron mühəndislərə və həm də dronları idarə edən "Dron operatoru" və ya "Dron pilotu"na ehtiyac yaranacaq. Beynəlxalq təcrübəyə nəzər salanda görmək olar ki, dünyanın bir çox universitetləri artıq bu istiqamətdə kadrlar hazırlayır. Fikrimcə, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyası bu sahənin inkişafına ciddi töhfələr verə bilər. Bildiyim qədər, artıq AzTU-da bu istiqamətdə ciddi işlər aparılır. AzTU-da bir neçə ildir ki, müxtəlif hərbi ixtisaslar üzrə ayrıca bölmə var. Müdafiə Sənayesi üzrə dövlət qurumu ilə birgə fəaliyyət göstərirlər və hərbi sahə üzrə mütəxəssislər hazırlayırlar. AzTU nəzdində iki kollec də var. Rabitə və Texniki yönümlü bu kolleclərdə növbəti ildən dron sahəsi üzrə operatorların hazırlanması istiqamətində işlərə başlandığı bildirilir. Düşünürəm ki, ciddi resurslara malik Milli Aviasiya Akademiyası da bu sahədə mütəxəssislərin yetişdirilməsinə və ümumiyyətlə bu sahənin inkişafına böyük töhfələr verə bilər".

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Hüquq, insan resursları və informasiya şöbəsinin müdiri vəzifəsini icra edən Ceyran Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni ixtisaslara tələbin qarşılanması müvafiq müraciət əsasında həyata keçirilir:

"Peşə Təhsili üzrə Dövlət Agentliyi yeni ixtisası öz-özünə açmır. Bunun üçün işəgötürənlər tərəfindən müvafiq məlumat təqdim edilməlidir. Çünki növbəti mərhələdə o kadrların işlə təmin olunması məsələsi gəlir. Digər yeni ixtisaslara gəlincə, bu, həm özəl, həmçinin də dövlətin marağı və təklifi əsasında formalaşan ixtisaslar ola bilər. Amma ölkəmizdə hərbi vəziyyətlə bağlı nə Təhsil Nazirliyinə, nə də Peşə Təhsili üzrə Dövlət Agentliyinə kadr hazırlığı ilə bağlı istək daxil olub".

Qeyd edək ki, müharibə dövründə ordumuz Ermənistan Silahlı Qüvvələrinin xeyli sayda hərbi texnikasını qənimət kimi əldə edib. İstər həmin texnikaların, istər də ordmuzun istifadə etdiyi hərbi texnikaların saz vəziyyətdə saxlanılması bu sahə üzrə ixtisaslı ustalara tələbatı artırır.

C.Məmmədli bildirir ki, hazırda aşpaz peşəsindən sonra avtomobil təmiri və çilingər sahəsi üzrə kadr hazırlığı ən çox maraq olan ixtisaslardır. O, hazırda bu ixtisaslar üzrə kadr hazırlığı aparıldığını söyləyir.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanın Ali Baş Komandanının zəkası və peşəkarlığı sayəsində bu gün hərbi sahədə arxa cəbhədə belə mütəxəssis qıtlığı müşahidə olunmur: "Azərbaycan 27 ildir ki, müharibə vəziyyətində olan ölkədir. Bizim ölkəmizdə uzun illərdir ki, arxa cəbhədə texnikaların təmiri, eləcə də müvafiq hərbi texnikaların idarəolunması üzrə kadrlar hazırlanıb. Odur ki, hazırda bu sahələrdə kadr problemi yaşanmır. Əgər hansısa yeni ixtisasların hazırlanmasına ehtiyac olarsa, Azərbaycanda müxtəlif profilli ali və peşə təhsili müəssisələri var. Həmin müəssisələr ehtiyac olan sahələr üzrə kadr hazırlamaq gücündədir".

13
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, hərbi, operator, dron, peşə, müharibə
Əlaqədar
Ermənistanın "vurduğu" Azərbaycan PUA-sı "kukuruznik" çıxdı
Müdafiə Sənayesi Nazirliyi "İti qovan" PUA-larının istehsalını davam etdirir
Ekspert: ““Ali təhsil haqqında” qanun keyfiyyətin artmasına xidmət edəcək”
Azərbaycanın endirdiyi PUA-nı Ermənistan ordusuna PKK verib?
Casus sizə düşündüyünüzdən daha yaxın, ondan qurtulmağın yolu isə çox asandır