Kompüter arxasında qadın, arxiv şəkli

Ehtiyatlı olun: "Kaspersky Lab" fişinq hücumların artması barədə xəbərdarlıq edir

34
Loqin və şifrələri əldə etmək üçün istifadə olunan məşhur vasitələrdən biri də çatdırılma növbəsində gözləyən məktublar barədə fişinq mesajların göndərilməsidir

BAKI, 3 oktyabr — Sputnik. "Kaspersky Lab" şirkəti fırıldaqçıların elektron ünvanlara səsli mesajlar haqqında bildirişlər göndərən yeni genişmiqyaslı spam kampaniyasını aşkarlayıb.

Bu barədə "Kaspersky Lab" şirkətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Cinayətkarların istifadə etdiyi sxem belədir: korporativ istifadəçi səsli mesajın göndərilmə vaxtı, səsin müddəti eləcə də, yarımçıq "Just checking to remind you in regards to our…" cümləli məktub alır. Səsli mesajı dinləmək üçün istifadəçiyə "Microsoft"un məşhur xidmətlərindən birinə, məsələn, "Outlook" poçtuna daxil olmaq adı altında fişinqli linkə keçmək təklif olunur. Əgər istifadəçi "Sistemə giriş" düyməsini basırsa, məlumatlar cinayətkarların resursuna göndərilir, istifadəçi isə inandırılmaq üçün real səsli mesajlaşma xidmətinin təsviri olan sayta yönləndirilir.

Loqin və şifrələri əldə etmək üçün istifadə olunan məşhur vasitələrdən biri də çatdırılma növbəsində gözləyən məktublar barədə fişinq mesajların göndərilməsidir. İstifadəçi onları qəbul etmək üçün linkə keçməli və identifikasiya səhifəsində korporativ hesabdan məlumatları daxil etməli olduğunu bildirən bildiriş görür. Əslində isə bu saxta bildirişdir.

"Hesab edirik ki, bu kampaniyanın məqsədi məxfi kommersiya məlumatlarına çıxış əldə etməkdir, çünki bu hücumlar xüsusi olaraq korporativ istifadəçilərə yönəlib. Fişerlər bilirlər ki, işçilər əhəmiyyətli məktub və ya səsli mesajları qaçırmaqdan çəkinirlər. Buna görə də inandırıcı fırıldaqlara əl atırlar. Cinayətkarlar metodlarını fəal şəkildə inkişaf etdirirlər. Bunun qarşısını almaq üçün şirkətlər diqqətli olmalı və yüksək keyfiyyətli antifişinq texnologiyalarını ehtiva edən etibarlı təhlükəsizlik həllərindən istifadə etməlidirlər", - bunu "Kaspersky Lab" şirkətinin baş spam-təhlilçisi Mariya Vergelis deyib.

"Fişinq ən sürətlə böyüyən kiber təhlükədir. Əldə etdiyimiz məlumatlara görə, 2018-ci ildə hücumların orta aylıq sayı 350% -dən çox artıb. Bu növ təhdiddən qorunmağın effektiv yolu çoxfaktorlu identifikasiyadır. Onun SMS kodla deyil, mobil identifikator həllinin "soft-token" proqramı ilə birlikdə istifadə edilməsi daha yaxşı olar. Bundan başqa, şirkətlərə kiber təhlükəsizlik sahəsində işçilərin məlumatlılığını artırmaq üçün mütəmadi təlimlər keçirməyi tövsiyə edirik", - bunu "Microsoft" şirkətinin Mərkəzi və Şərqi Avropa ölkəri üzrə informasiya təhlükəsizliyi proqramlarının rəhbəri Artyom Sinitsin deyib.

Qeyd edək ki, fişinq internet fırıldaqçılığının ən yayılmış növlərindən biridir, məqsədi gizli istifadəçi məlumatlarını - istifadəçi adı, şifrə, şəxsi hesab məlumatlarını əldə etməkdir.

34
Smartfonda sosial şəbəkə tətbiqlərinin loqosu, arxiv şəkli

"İnstagram" parolu "Whatsapp" mesajına aldanmayın - Bu təxribat ola bilər

10
(Yenilənib 12:37 15.07.2020)
İT üzrə ekspert Osman Gündüz deyir ki, belə həssas dövrlərdə internet istifadəçiləri elementar təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Sosial mediadan, email-lərdən şirnikləndirici, diqqətçəkici mesajlar gələ bilər ki, onları qətiyyən açmaq olmaz.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Ötən gündən etibarən mobil telefon nömrələrinə "Instagram"la bağlı mesajlar gəlir. Bu mesajlarda "Istagram" parolunuzu daxil edin yazılır. Bundan başqa, Türkiyə kodu ilə başlayan +90 nömrəsi ilə "Whatsapp"dan açıq nömrələrdən mesajlar gəlir. Bu mesajlar vasitəsilə Azərbaycandakı vəziyyəti öyrənməyə çalışırlar.

Ekspertlər isə bunun təxribat ola biləcəyini iddia edirlər.

İnformasiya və Kommunikasiya Məsələləri üzrə eskpert Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, son dövrlər Azərbaycanın informasiya məkanında kiber təhdidlər artıb. Ekspertin sözlərinə görə, yaranmış bu vəziyyət Azərbaycan Ermənistan sərhəddində Tovuzda gedən müharibə ilə əlaqədardır: "Düşünürəm ki, ermənilər hər zaman informasiya müharibəsinə ciddi önəm verir və çalışırlar ki, ictimai rəyə təsir etsinlər, internet resurslarını sıradan çıxartsınlar".

Bəs, istifadəçilər şəxsi təhlükəsizliklərini necə təmin etməlidirlər? Osman Gündüz bu suala cavabında bildirib ki, hər bir istifadəçi özü şəxsi təhlükəsizliyi haqda düşünməlidir: "İstifadəçilər elementar təhlükəsizlik qaydalarına da əməl etməlidirlər. Sosial mediadan, e-maillərdən də şirnikləndirici, diqqətçəkici müxtəlif mesajlar gələ bilər. Etibarlı olmayan mənbədən gələn mesajları açmaq olmaz. Çünki hazırlanan müxtəlif proqramlar həmin mesajlar açıldıqda aktivləşir. Beləcə, istifadəçinin fərdi məlumatları da oğurlanır. Bundan başqa, istifadəçi digər yerlərdə də hesabına daxil olarkən ehtiyatlı olmalıdır. Antivirus proqramlarından daha effektiv istifadə etməlidir".

"Dövlət və qeyri-dövlət qurumlarında da təhlükəsizliyə cavabdeh olanlar var. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti var. Vətəndaşlar hansısa təhdidlə üzləşərsə, bu quruma da müraciət etməlidirlər. Amma düşünürəm ki, belə bir vəziyyətdə, yəni, müraciətlərin olub-olmasından asılı olmayaraq ETX-i özü fəallaşmalıdır. Amma təəssüflər olsun ki, mən heç onların hansısa bir açıqlamalarına da rast gəlmədim. Bu qurum media vasitəsi ilə vətəndaşlara, ictimai sektora mesajlar verməli, təhlükələrdən xəbərdar etməli, atılması vacib addımlardan danışmalı, çıxış yolları göstərməlidir", - deyə O.Gündüz əlavə edib.

Ekspert vətəndaşları da diqqətli olmağa səsləyib.

Artıq bu gün yaranmış vəziyyətlə əlaqədar olaraq adıçəkilən qurum özünün rəsmi informasiya portalından bu haqda məlumat paylaşıb.

Bildirilir ki, Elektron Təhlükəsizlik Xidmətinə daxil olan məlumata əsasən ölkəmizin sosial şəbəkə istifadəçilərinin hesablarına kütləvi kiberhücumlar baş verir. Hücum metodlarından birində kibercinayətkarlar "Şifrəmi unutmuşam" bildirişindən istifadə edərək istifadəçilərin mobil nömrələrinə parolu bərpa et linkləri göndərir və onların hərəkətlərini izləyir. İstifadəçilər bu keçidləri sosial mediada paylaşdıqları zaman həmin keçidlərdən istifadə olunmaqla parol dəyişilir və hesab ələ keçirilir.

Elektron Təhlükəsizlik Xidməti bu həssas dövrdə vətəndaşlarımızı xüsusilə diqqətli olmağa, sosial şəbəkə hesablarının təhlükəsizliyinə ciddi yanaşmağa və hesablarını qorumaq üçün vaxt itirmədən aşağıdakı ümumi qaydalara əməl etməyə çağırır:

Şübhəli linklərə keçid etməyin!

Sosial şəbəkə hesablarının ələ keçirilməsinin ən çox yayılan səbəblərindən biri istifadəçilərin kiberdələduzların "tələsinə" düşməsidir ("fişinq").

Kiberdələduzlar login məlumatlarını ələ keçirmək üçün müxtəlif sosial mühəndislik üsullarından istifadə etməklə istifadəçilərə cəlbedici vədlər verərək onları zərərli keçidlərə klikləməyə sövq edir. Keçidə klikləyən istifadəçi Facebook, İnstagram, Twitter və digər sosial şəbəkələrin saxta login səhifələrinə yönəldilir, istifadəçi adı və parolunu daxil edir.

Xaker, arxiv şəkli
© Sputnik / Natalya Seliverstova

Bu cür mesajlar sosial mediada qarşınıza çıxa, e-poçtunuza göndərilə və hətta dostlarınızdan belə gələ bilər. Bu səbəbdən hər bir mesajın həqiqiliyinə şübhə ilə yanaşın.

Hesablarınıza daxil olmaq üçün brauzerdə açılan yeni səhifədə internet ünvanını əllə daxil edin.

Unutmayın, heç bir sosial şəbəkə provayderi istifadəçilərə e-poçt və ya bildiriş göndərməklə parolunu təqdim etməyi və ya hər hansı üçüncü tərəf tətbiqi yükləməyi tələb etmir.

Güclü və unikal parollardan istifadə edin!

Zəif parollar sosial şəbəkə hesablarının ələ keçirilməsinin digər ən çox yayılan səbəblərindəndir.

Sosial şəbəkə hesablarınızın hər biri üçün unikal parol seçin, onu başqa yerdə istifadə etməyin və digər şəxslərlə paylaşmayın.

Kiçik və böyük hərflərin, rəqəm və işarələrin kombinasiyasından istifadə etməklə 10-12 simvol uzunluğunda güclü parol yaradın.

Parol yaradarkən adınız, doğum tarixiniz və s. kimi fərdi məlumatlarınızdan, "parol" və s. kimi ümumi sözlərdən istifadə etməyin. Eləcə də, "12345" kimi ardıcıl rəqəmlərdən və ya "qwerty" kimi ardıcıl klaviatura düymələrindən istifadə etməyin.

Mobil nömrənizə, e-poçtunuza sosial şəbəkə hesabınızla bağlı gələn bildirişləri paylaşmayın!

Hesabınızla bağlı sizə göndərilən e-poçtları, keçidləri, bildirişləri digər şəxslərə yönləndirməyin və ya başqa yerdə paylaşmayın. Həmin bildirişlərdə hesabınızla bağlı həssas məlumatlar yer alır və hesablarınızın asanlıqla ələ keçirilməsinə imkan yaradır.

İki mərhələli autentifikasiyadan istifadə edin!

Bu, üstün təhlükəsizlik tədbiri hesab olunur və demək olar ki, bir çox sosial media platformasında tətbiq edilir. Bu funksiya aktiv edildikdə, yeni cihazdan hesabınıza giriş edildikdə, hesabla əlaqəli telefon nömrəsinə və ya e-poçta təsdiqləmə kodu göndərilir. İstifadəçi adınız və parolunuzu ələ keçirsə belə, kibercinayətkar bu kodu bilmədən hesabınıza daxil ola bilmir.

Üçüncü tərəf tətbiqlərə və saytlara hesabınıza giriş imkanı verərkən diqqətli davranın!

Çox vaxt yeni hesab yaradarkən prosesi asanlaşdırmaq məqsədilə "Facebook ilə daxil ol", "Google ilə daxil ol" kimi seçimlər qarşımıza çıxır. Unutmayın ki, etibarlı və ya təhlükəsiz sayt və tətbiqlər bununla yanaşı, başqa əsas qeydiyyat vasitəsi (məsələn, e-poçtdan istifadə) də tətbiq edir. İlk öncə tətbiqin və ya saytın etibarlılığını araşdırın.

Həmçinin icazə verdiyiniz üçüncü tərəf tətbiqlər üçün sosial hesabınızda hansı məlumatların əlçatan olduğunu yoxlayın. İstifadə etmədiyiniz tətbiqləri silin.

Yeniləməni unutmayın!

Brauzerinizi və əməliyyat sisteminizi mütəmadi olaraq yeniləyin. Antivirüs proqramlarından istifadə edin.

Hesabınızla əlaqəli istifadə etdiyiniz e-poçt əlçatan, mobil nömrə isə işlək olmalıdır!

Təcrübədə görünür ki, çox zaman istifadəçilər qeydiyyatdan keçərkən istifadə etdikləri e-poçtun parolunu unudur və ya işlək olmayan mobil nömrələr qeyd edirlər. Unutmayın ki, hesabınız ələ keçirildikdə onun bərpa olunması üçün bu e-poçtdan istifadə olunur.

İctimai və ya ortaq istifadə edilən cihazlarda hesabınızdan çıxış etməyi unutmayın!

Bu zaman "Şifrəni yadda saxla" funksiyasından istifadə etməyin.

İctimai və ya başqasına məxsus wi-fi-dan istifadə edərək sosial şəbəkə hesablarınıza daxil olmayın.

Tanımadığınız şəxslərdən dostluq təkliflərini qəbul etməyin!

Kiberdələduzlar haqqınızda daha çox məlumat öyrənmək məqsədilə saxta hesablar yaradaraq sizə dostluq sorğuları və zərərli mesajlar göndərə bilər.

Hesabınızla bağlı şübhəli fəaliyyət aşkarladığınızda, dərhal parolunuzu yeniləyin!

Son olaraq, hesabınıza daxil ola bilmirsinizsə, təşvişə qapılmayın. Hesabınızı bərpa etmək üçün sosial şəbəkə provayderinin təlimatlarınızı izləyin və parolunuzu dəyişin.

Bu kimi hallarla qarşılaşdığınız zaman metodiki dəstək üçün www.cert.az rəsmi saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etməyiniz xahiş olunur.

Qeyd edək ki, artıq ötən gündən bir neçə şəxsin "Facebook" profili ələ keçirilib.

10
Asılılıqdan qurtulmağa yardım eden çip

Çip söhbəti reallığa çevrilir: Beynimizə mikroçip yerləşdirəcəklər

374
(Yenilənib 20:15 11.07.2020)
Yaradılmış çip insan beyni və kompüter arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır. Bu icadın ilkin hədəfi Alzheimer ve Parkinson kimi xəstəlikləri müalicə etməkdir

BAKI, 11 iyul — Sputnik. "Neuralink" neyrotexnologiya şirkətinin rəhbəri Elon Musk mikroçip ilə beynin idarə edilməsini həyata keçirən texnologiya haqqında yeni məlumatlar paylaşacaq.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Elon Musk gələn ay kompüteri birbaşa beyinə bağlayan "Neuralink" implant cihazlarının inkişafı ilə bağlı açıqlama verəcəyini deyib.

Qeyd edək ki, Musk bundan öncə "Neuralink" tərəfindən istehsal edilən beyin mikroçipinin meymunlar üzərində sınaqdan keçirildiyini, meymunun zehni ilə birbaşa kompüteri idarə etdiyini söyləmişdi. Musk bunun insanlar üzərində sınaqlarına 2020-ci ilin sonunda başlayacaqlarını açıqlamışdı.

Yaradılmış çip insan beyni və kompüter arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır. Bu icadın ilkin hədəfi Alzheimer ve Parkinson kimi xəstəlikləri müalicə etməkdir. Amma uzun müddətli hədəflərin nə olacağını birlikdə görəcəyik.

İnsanlarda istifadə edilməsi planlaşdırılan layihəyə görə, mikroçip qulağın arxasına yerləşdirilir və 4 kiçik elektroda birləşdirilir.

374
DİN əməkdaşları, arxiv şəkli

Daxili İşlər Nazirliyi Baş Prokurorluq: Bu cür hərəkətlərdən çəkinin

0
(Yenilənib 12:53 15.07.2020)
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

BAKI, 15 iyul — Sputnik. Cari il iyul ayının 14-dən 15-nə keçən gecə, paytaxtın bəzi sakinləri, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən hərbi əməliyyatlara dəstək və respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini anmaq məqsədilə Şəhidlər Xiyabanı qarşısında toplaşıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, sonradan həmin yerə gələn bir qrup şəxs vətəndaşlar arasında çaşqınlıq yaratmağa, ictimai qaydanı pozmağa cəhd etmiş, asayişi mühafizə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmamış, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstəriblər. Nəticədə 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. Hüquqazidd əməllərin iştirakçılarından bəziləri saxlanılıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi təmas xəttində ağır döyüşlərin getdiyi mövcud həssas dönəmdə ölkənin paytaxtında, digər şəhər və rayonlarında hər hansı kütləvi toplantının keçirilməsinin yolverilməzliyini xüsusi qeyd edir, vətəndaşları bu cür hərəkətlərdən çəkinməyə, təmkinli olmağa, dövlətçilik maraqlarını üstün tutmağa, təxribatlara uymamağa çağırır.

0