Twitter

Acı reallıq: Heç kimin qorunma zəmanəti yoxdur

349
(Yenilənib 18:07 30.01.2018)
"Şəxslərlə olan yazışmaların şifrələndiyini və qorunduğunu "Twitter" üzərinə öhdəlik kimi götürürsə, amma bunu pozarsa, artıq burada məsuliyyət yaranacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 yanvar — Sputnik. "Twitter" şirkəti "Project Veritas" təşkilatının istifadəçilərin şəxsi ismarıclarını oxuması barədə bəyanatına münasibət bildirərkən, şirkət əməkdaşlarının vaxtaşırı şəxsi yazışmaları oxuduğunu bildirib. Şəxsi ismarıcları oxuyan əməkdaşların dəqiq sayı açıqlanmasa da, bunun yüzlərlə insan olması inkar edilib. Sputnik Azərbaycan "Twitter"də yaranmış bu xoşagəlməz vəziyyətlə bağlı mütəxəssis fikirlərini öyrənib.

Hüquqşünas Ələsgər Məmmədli
© Photo : From the personal archive of Alesger Mamedli
Hüquqşünas Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, onsuz da hər kəs sosial şəbəkələrdə hesab açan zaman şəbəkə sahibinin onun şəxsi yazışmalarını gördüyünü bilir: "İstər "Twitter"də, istər digər sosial media platformalarında ("Facebook", "Youtube" və s.) hesab açdığın zaman bunlar bəzi informasiyaları paylaşmağı şərt qoyur. Əgər bunu qəbul edirsənsə, hesab açırsan, şərti qəbul etmirsənsə, hesab açmırsan".

Onun sözlərinə görə, "Twitter"də bu amil öz əksini tapıb ki, onlar bu açıqlamanı veriblər: "Əgər bunlar olmazsa, bu, birmənalı hüquqi məsuliyyət yaradacaq. Onlar da özlərinə hüquqi məsuliyyət yaradan bir məqamı ən azından ictimaiyyətə etiraf etməzdilər. Bu, işin birinci tərəfidir. Yəni istər-istəməz sosial şəbəkədə açdığımız hesabların etibarlılığı məsələsində bilirik ki, ən azından bizim informasiyaları bu platformanın sahibi görür. Bu ehtimalı qəbul edərək biz o platformada oluruq".

Ə.Məmmədli qeyd edib ki, buradakı şəxsi məlumatların oxunmasından çox, yayılma məsələsi hüquqi mübahisə yaradacaq: "Yəni şəbəkə onu üçüncü tərəfə yaydığı zaman problem yaranacaq. Amma belə bir hadisə yoxdursa, yəni "Twitter"in əli ilə başqa tərəfə yayılmayıbsa, burada hər hansı bir hüquqi məsuliyyətdən söhbət getməyəcək".

Hüquqşünasın dediyinə görə, "Twitter" üçüncü şəxslərlə olan yazışmaların şifrələndiyini və qorunduğunu üzərinə öhdəlik götürürsə, amma bunu pozursa, artıq burada məsuliyyət yaranacaq: "Çünki hər nə qədər bəzi informasiyaları, xüsusilə şəxsi informasiyaları bu qurumlara veririksə də, amma, xüsusən ikili münasibətlərdə yazışmaların sirrinin qorunduğunu düşünürük. Məsələn, "WhatsApp"da hesab açanda sizə mesaj göndərir ki, danışığınız və yazışmalarınız iki tərəf üzərindən şifrələnib. Bu, o deməkdir ki, hətta "WhatsApp" bunu oxuya bilməz. Belə olan halda şifrəni çözüb biriləri bunu oxuyursa və bunu şəxslərin iradəsinin ziddinə edirsə, artıq burada məsuliyyət yaranır".

Ələsgər Məmmədli bu məsələlərin qanunvericilikdə necə tənzimləndiyinə də aydınlıq gətirib: "Hər bir insanın şəxsi məlumatları qanunvericiliklə müəyyən olunan çərçivədə qorunur. Həm beynəlxalq hüquq, həm də daxili hüquq şəxsin özəl həyat informasiyalarını, o cümlədən şəxsi məlumatlarını və şəxsi yazışmalarını qoruma altına alır. İstənilən halda qanunsuz müdaxilə edib bunu əldə edənlər hüquqi məsuliyyət daşımalıdırlar".

Media məsələləri üzrə ekspert Azər Həsrət də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, "Twitter", "Facebook" və digər sosial şəbəkələr üzərindən şəxsi yazışmalar heç də gizli şəkildə həyata keçirilə bilmir: "Biz bunu hiss edirik. Şəxsən özüm də hiss edirəm ki, şəxsi yazışmalarım belə izlənilir. Deməli, bunlar sadəcə şəxsi yazışmalarımızı izləmirlər, ümumiyyətlə, biz bu sosial şəbəkələrin nəzarəti altındayıq".

Azər Həsrət
gun.az
Azər Həsrət

A.Həsrət vurğulayıb ki, sosial şəbəkələrdə gizlilik tam təmin edilə bilməz: ""Twitter"in belə bir etirafı etməsi gizli bir bilgini açıqlaması demək deyil. Hər kəs bilir ki, sosial şəbəkələr nə qədər gizliliyə təminat versələr də, bunlar konkret ABŞ və ona bağlı dövlətlərin, yaxud da mərkəzlərin nəzarətində olduğuna görə, onlar üzərindən yazışmalar heç də gizli saxlanıla bilməz. Yəni gizlilik 100 faiz təmin edilə bilməz".

Ekspert onu da əlavə edib ki, şəxsin özəl bilgilərinə qanunsuz, icazəsiz müdaxilə doğru deyil: "Bu, insanların özəl bilgilərinə, özəl mülkiyyətinə təcavüzdür. Bu təcavüzü etiraf etmələri dünyada çox böyük səs-küy yaratmalıdır və yəqin ki, "Twitter" və onun kimi sosial şəbəkələrin özəl bilgilərə müdaxiləsinin qarşısının alınması üçün qlobal səviyyədə kampaniyalar başlamalıdır".

"Yeni texnologiyaların fəlsəfəsi, mahiyyəti odur ki, burada heç kim tam, 100 faiz özünü qoruya bilmir. Tək çıxış yolu odur ki, bu cür xidmətlərdən istifadə edilməsin. Amma indiki dövrdə bundan istifadə etmədən yaşamaq, işləmək, ümumiyyətlə, münasibətlər qurmaq da mümkün deyil", – A.Həsrət deyib.

Qeyd edək ki, "Twitter"in öz istifadəçilərin şəxsi ismarıcları oxuması barədə məlumat onlar haqqında "virtual profilin yaradılması" və reklam şirkətlərinə sonradan satılması məqsədi ilə edildiyi bildirilib.

349
Teqlər:
gizlilik, istifadəçi, şəxsi məlumatlar, hüquqşünas, Azər Həsrət, Ələsgər Məmmədli, Youtube, Sputnik Azərbaycan, Facebook, Twitter, sosial şəbəkə
Əlaqədar
Populyar sosial şəbəkədə problemlər yaranıb
Abdullayeva: “Azərbaycanda sosial şəbəkələrdən qaynaqlanan intihar halları artıb”
Donald Trampdan sosial şəbəkələrə ciddi ittiham
Sosial şəbəkələrdəki reklamlar nə dərəcədə effektivdir?
Sosial şəbəkədə yeni dalğa: ciddi sənət sıradan çıxarılır
Sosial şəbəkədə bu qurumun adından saxta qruplar var: xəbərdarlıq
Haker

Dövlət xidmətindən hakerlər barədə xəbərdarlıq

14
(Yenilənib 11:52 17.01.2021)
Onlayn ödənişlər həyata keçirdikdə istifadəçilər daxil olduqları saytın rəsmi sayt olduğuna diqqət yetirməlidirlər. Aşkar olunan saxta saytlardan biri nümunə olaraq kapitalaze.com saytını qeyd etmək olar.

BAKI, 17 yanvar - Sputnik. Dələduzlar bank kartlarının məlumatlarını ələ keçirmək məqsədilə bankların logo və adından istifadə edərək oxşar saytlar yaradırlar. 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, onlayn ödənişlər həyata keçirdikdə istifadəçilər daxil olduqları saytın rəsmi sayt olduğuna diqqət yetirməlidirlər.

Aşkar olunan saxta saytlardan biri nümunə olaraq kapitalaze.com saytını qeyd etmək olar.

Mərkəz, kart məlumatlarının oğurlanmasının qarşısını almaq üçün bir neçə məqamlara diqqət yetirməyi tövsiyə edir.

İlk növbədə heç bir halda kartın arxa tərəfində qeyd olunan CVV kodu kənar şəxslərə bildirilməməlidir. Belə ki, bu məlumat heç bank ışçisi tərəfindən soruşulmur. 

CVV kod ancaq onlayn ödəniş etmək və ya balansdan başqa karta pul göndərmək üçün istifadə olunur.

İstifadəçinin kartına pul göndərilirsə, bu halda göndərən tərəfə pulu qəbul edənin CVV kodu tələb olunmur.  

Həmçinin telefona gələn 4 rəqəmli OTP kod kənar şəxslərə bildirilməməlidir. OTP kod göndərilən sms-də xərcin təyinatı və xərclənəcək məbləğ barədə məlumat olur. Bu məlumatlara diqqət yetirməlidir.

14

Ən sürətli internet kimdədir?

929
(Yenilənib 18:38 14.01.2021)
Azərbaycanda istifadəçilərin telefonla internet arasında seçim etməli olduqları dövr arxada qalıb. Ölkəmiz internetə qoşulma sürətinə görə dünya reytinq cədvəlində heç də pis mövqe tutmur.
© Sputnik / Elnur Salayev

İnternet artıq çoxdan insan həyatının ən müxtəlif sahələrinə nüfuz edib. Hətta onun inkişafı sayəsində yeni "ağıllı ev" konsepsiyası da ortaya çıxıb. Bütün dünyanı bürüyən "hörümçək toru" yaranandan bəri onun sürəti mühüm əhəmiyyət kəsb edir. Dial-up - analoq tipli qoşulma dövrü çoxdan geridə qalsa da, internetin sürəti məsələsi həmişə aktualdır.

Oxucularımız internetə qoşulma sürətinə görə mütəxəssislərin tərtib etdiyi reytinq cədvəlində ölkəmizin hansı yerdə olduğunu Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından öyrənə  bilərlər. Hələlik Azərbaycan reytinq cədvəlində orta mövqeyini qoruyub saxlayır.

Maraqlıdır ki, dünyada həm sabit, həm də mobil internet siyahısında liderlər məhz Asiya ölkələridir. Üstəlik, bu ölkələr heç də həmişə, belə demək mümkünsə, inkişaf etmiş texniki bazaya sahib olmur. Bununla belə, zəif internetə malik ölkələr də əsasən Asiya qitəsinin payına düşür.

929
Самолет Бе-200, фото из архива

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

0
(Yenilənib 19:37 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.

Əlavə məlumat veriləcək.

0