BAKI, 7 avq — Sputnik. Azəbaycanda azad internet var. Heç bir xidmət məhdudlaşdırılmır. Eyni zamanda sosial şəbəkələr də azad fəaliyyət göstərir.
Sputnik-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib. Nazir əlavə edib ki, rabitə xidmətləri göstərən "Skype", " Facebook", “WhatsApp" daxil olmaqla heç bir sosial şəbəkəyə məhdudiyyət qoyulmayıb: “Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən "Skype", " Facebook", “WhatsApp" da lisenziyalaşdırılmalıdır. Lisenziyalaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”.
Ə.Abbasov əlavə edib ki, oktyabr ayında regionun ən böyük Trier3 səviyyəli DATA-mərkəzi Azərbaycanda istismara veriləcək. Onun sözlərinə görə, DATA-mərkəzin istismara verilməsi bulud servislərin populyarlaşmasına və bulud texnologiyalara keçid prosesini sürətləndirməyə imkan yaradacaq: “DATA-mərkəz regionda fəaliyyət göstərən, məlumat emal edən bu cür mərkəzlərdən birincisi olacaq. Mərkəz həmçinin regionun digər ölkələri və “Google”, “Facebook” və digər böyük şirkətlərə xidmət göstərəcək. Bu bizim informasiya təhlükəsizliyi və kiber hücumlardan qorunmaq üçün çox vacibdir. Tələbatdan asılı olaraq, DATA-mərkəzin gücü artırılacaq".
BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti son zamanlar vətəndaşlardan daxil olan müraciətlərin çoxluğunu və əksər vətəndaşların məlumatlı olmadıqları üçün kiberdələduzların qurbanına çevrildiyini nəzərə alaraq əhalini "Azərpoçt" MMC adına açılan saxta saytlar barədə bir daha xəbərdar edir.
NRYTN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, belə ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə "Azərpoçt" MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta "WhatsApp" nömrələrindən bu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan "Azərpoçt" MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyir. Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir. Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir.
Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin qurumun rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır. Qeyd edək ki, real alıcı ödəniş etmək üçün heç bir halda satıcını hər hansı sayta yönləndirmir, CVV/CVC (kartın arxasındakı üçrəqəmli kod) və kartın etibarlılıq müddəti kimi məlumatları tələb etmir. Alıcının ödəniş etməsi üçün satıcının, sadəcə, kart hesab nömrəsini və ya cari hesab nömrəsini təqdim etməsi kifayət edir. Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməli və hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdır. "Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur", - nazirlikdən bildirilib.
BAKI, 19 yanvar — Sputnik. Türkiyə rəhbərliyi yerli şirkətlərə Twitter-də reklam verməyi qadağa edib. Sputnik Azərbaycan Resmi Gazete-ye istinadən xəbər verir ki, buna səbəb Twitter-in sosial şəbəkələrin tənzimlənməsi haqqında yeni qərara əsasən Türkiyəyə öz nümayəndəsini təyin etməməsidir.
Qərara əsasən, Türkiyədə Twitter, Periscope, Pinterest-də reklam verən şirkətləri böyük cərimələr gözləyir.
Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayyan bazar ertəsi qeyd edib ki, Facebook və Instagram Türkiyə rəhbərliyinin tələbinə əməl edəcək: onlar yeni qanunvericiliyə uyğun olaraq Türkiyədə nümayəndəlik açır.
BAKI, 27 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 166427-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 195 nəfər artıb.
Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3056-ya çatıb. Xəstəlikdən sağalanların sayı 156053 nəfər olub. Hazırda bu ölkədə 6557 nəfər xəstəxanada müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 milyonu keçib, 2,15 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.