Başlıbel faciəsi

Başlıbel kəndi Kəlbəcərin ən böyük və ən ucqar yaşayış məntəqələrindən biri idi. Rayonun işğalı zamanı kənd ucqar olduğuna görə sakinlər ermənilərin Kəlbəcəri üzük qaşı kimi mühasirəyə almasından gec xəbər tutmuşdular. Kənd əhalisi inana bilməmişdi ki, doğrudan da Kəlbəcər işğal oluna bilər. Çoxları bunun təxribat xarakterli məlumat olduğunu hesab etdiyindən öz evini tərk edib getməmişdi. Aprel ayının 1-də kəndin ayağı yer tutan sakinləri dağ yolu ilə Kəlbəcərə doğru köç etməyə başlamışdı. Lakin kənddən yaşlılar, uşaqlar, xəstələr və qadınlar çıxa bilməmiş, evlərində qalan insanlar ancaq aprelin 4-də erməni kəşfiyyatçılarının kəndə gəlişi ilə başa düşmüşdülər ki, həqiqətən də Kəlbəcər işğal olunub. Həmin andan sonra sakinlərin bir qismi evlərini tərk etmək istəsə də, onlardan 10 nəfəri düşmən tərəfindən qətlə yetirilib, 5 nəfəri girov götürülüb, qalan 76 nəfər isə dağlara üz tutub. Sonda cəmi 62 nəfər qalıb. Həmin 62 nəfər də dağlarda kahalara sığınıb. 

Başlıbel camaatı inanılmaz dəhşətlər, müsibətlərlə üzləşib. Kitabı oxuduqca o dəhşətlər, insanların yaşadıqları faciələr göz önündə canlanır. Başlıbel kəndində törədilmiş soyqırımın canlı şahidlərinin fikirləri, mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin şücaəti, Vətən sevgisi bu kitabda özünün hərtərəfli əksini tapıb.